Lent.az-ın “Göz önündə” rubrikasının bu dəfəki hədəfi Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Zeynəb Xanlarovadır.
O, bir mahnısında özünü, öz taleyini çox gözəl ifadə etmişdi: “Dünyanın xoşbəxti mənəm dünyada”.
Söhbət canlı korifey, Azərbaycan səhnəsinin əfsanəsi, SSRİ Xalq artisti Zeynəb Xanlarovadan gedir. O, vaxtında, həm də sağlığında qiymətini almış xoşbəxt sənətkarlardandır. Zeynəb Xanlarova Azərbaycan adını, mahnılarını dünyanın 50-dən çox ölkəsində səsləndirmiş sənətkardır.
O səhnəyə yeni nəfəs, şaqraqlıq gətirmiş müğənniydi. Zeynəbə qədər bütün müğənnilər səhnədə az qala “farağat” vəziyyətində dayanıb oxuyurdular.
Zeynəb səhnələrin ərköyün qızıydı, bütün qadağaları, qaydaları pozan, sındıran Zeynəb idi .
Mənim yadıma gələn, bütün bayram konsertlərində ən son o çıxış edərdi, hər kəs Zeynəbin çıxışını səbirsizliklə gözləyirdi. Həm ifası, həm də görünüşü ilə göz oxşayırdı. Geydiyi rəngarəng geyimlərlə, səhnədə göstərdiyi performansı ilə Zeynəb Xanlarova əslində Azərbaycan səhnəsində şounun (şoubiznesin yox) əsasını qoyub. Verdiyi müsahibələrdən birində geyindiyi geyimləri özünün tikdiyini, çox zaman özü dizayn etdiyini demişdi.
Par-par parlayan aksessuarları isə hər zaman zinət əşyası deyildi. Hərçənd ola da bilərdi. O kassalara ən çox qazanc vermiş müğənniydi. Zeynəb özü ayrıca bir epoxa idi.
Onun üçün bəstəkarlar xüsusi mahnılar yazırdılar. Kimin mahnısını oxuyurdusa, onu da məşhur edirdi. Hətta bir zamanlar ara müğənnisi sayılan Ağadadaş Ağayevin “Təki mənə sevirəm de” mahnısını oxumaqla özü də bilmədən onun ekranlara yoluna işıq tutmuşdu.
Zeynəb bütün dünyada həm estrada müğənnisi, həm xanəndə, həm muğam ustası, həm də primadonna kimi qəbul edilmişdi. Bu sahələrin hamısında öz sözünü deməyi bacarmışdı. Özü də yüksək səviyyədə.
Bir dəfə çıxışlarından birində demişdi ki, xaricə qastrollara gedərkən təyyarədə mahnılar bəstələyərmiş, gələndə bu mahnıları getdiyi ölkələrin mahnısı kimi təqdim edərək, televiziyanın sərt senzurasından keçirməyi bacarırmış. Bu mahnılardan biri də onun tez-tez oxuduğu “Xalidəm” mahnısıydı. Xalidəm mahnısı ansamblın klarnetçalanı Vəli Qasımovun xanımının ad günü münasibəti ilə Yəmənə səfər zamanı yolda yazılıbmış.
Zeynəb Xanlarovanın ortaya çıxıb dünyaya qanadlanmasında heç şübhəsiz ki, Heydər Əliyevin əvəzsiz rolu olub. Heydər Əliyev SSRİ məkanında azərbaycanlı sənətkarların yüksək pillələrdə dayanmasında maraqlı idi və bu mənada Zeynəbə yolu açan, dəstəyi verən o olmuşdu. Heç şübhəsiz ki, Zeynəb Xanlarovanın yüksək istedadını görüb qiymətləndirərək.
SSRİ zamanında nə qədər mükafat var idi, almışdı, Azərbaycan müstəqillik qazandıqdan sonra 1996-cı ilə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə "Heydər Əliyev" ordeninə layiq görülüb.
Zeynəb Xanlarova yeganə sənət adamıdır ki, BMT-nin tribunasından çıxış edib. Ordakı nümayəndələri o xalqların öz mahnılarından parçalarla salamlayıb.
Yəməndə 50 dərəcə istidə açıq meydanda fonoqramsız 4 saat ard-arda oxuyan da Zeynəb Xanlarovaydı, Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert verən də. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk və son müğənni də o oldu
Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olmuşdu. Deputat olduğu dövrdə sözünü deyib, xalqın səsini çatdırmağı da bilirdi. Xəzər dənizinin hasara alınmasına narazılığı ilk Zeynəb xanım bildirmişdi.
Milli Məclisin keçmiş spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün, “Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar” deyə sərt tənqid etmişdi.
Zeynəb Xanlarovanın 86 yaşı tamam olur bu gün. Yenə səhnələri şənləndirir, davamlı konsertlər verməsə də, hərdən yenə ansamblını başına yığıb, rəqs edə-edə oxuyur. Özü də canlı, fonoqramsız.
Ömrünün ahıl çağlarını gah Bakıda, gah Türkiyədə, gah da Amerikada keçirir.