“Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri, yazıçı Məmməd Orucun APA-ya müsahibəsi
Müsahibəyə gələrkən taksi sürücüsü ilə söhbətim məni daha da ruhlandırdı. Söhbətimiz əsasında məlum oldu ki, sürücü Məmməd Orucu tanıyırmış, hətta onun “Oyun havası” povesti həyatında əməlli-başlı iz qoyubmuş. Elə məhz bu söhbətdən çıxardığım qənaətin nəticəsi idi ki, Məmməd müəllimlə “Azərbaycan” jurnalının redaksiyasında salam-əleyk edəndən sonra dediyim ilk fikir belə oldu: siz çoxdan xalqın yazıçısı olmusunuz.
Gülümsəyirdi... Razılaşırmış kimi gülümsəyirdi.
– Telefonda danışanda dediniz ki, şəhərdən uzaqda yaşayırsınız.
– Hə, Buzovna tərəfdə yaşayıram, bağ evidir, bir az uzaqdır.
– Redaksiyaya gəlib-getmək çətin olmur ki?
– Çətindir, təbii. Özü də mənim bağım yoldan bir xeyli aralıdır. Təxminən, 2 kilometrə qədər məsafə var. Hər gün ordan çıxıram yola, avtobusa minirəm, gəlirəm “Koroğlu”ya, ordan da redaksiyaya.
– Bəs nə əcəb şəhərdə yaşamırsınız?
– Şəhərdəki evi vermişəm, uşaqlar yaşasın. Onlarla birlikdə yaşamağı özüm istəmədim. Baxıram ki, bu həm onlara yükdür, həm də özümü narahat hiss edirəm. Ən əsası isə, bağ evində çox sakitlikdi, yaradıcılıq üçün özümü orda daha yaxşı hiss edirəm.
– Yaradıcılıqdan söz düşmüşkən, təzə nə yazırsınız?
– Bir-iki hekayə yazmışam. Amma, demək olar ki, axır zamanlar yaza bilmirəm. Daha doğrusu, yaza bilirəm, sadəcə qəribə bir mənasızlıq görürəm, ruhdan düşmüşəm sanki. Bilirsən, yaradıcı adamlarda olur belə şeylər. Görünür, yaşımla əlaqədardır. Adam zamanla hər şeydən soyuyur.
– Bəlkə, sizə qarşı olan biganə münasibətə görədir?
– Sözsüz, bunun da təsiri var. Əslində, çox şey var, amma indi bunları xırdalamağın heç bir mənası yoxdur. Həm də son zamanlar görürəm ki, əvvəlki enerjim, əvvəlki yazı ehtirasım da yoxdur. Çünki vaxtilə mən irihəcmli yazılarımı gedib Ukraynadakı “Yaradıcılıq evləri”ndə yazırdım. Elə son romanlarımı da orda yazmışam; “Qısaqapanma”nı da, “Qara güzgü”nü də.
– Nəsə bu romanlar haqqında o qədər də danışılmadı.
– Hə, bunların ikisi də bir-birinə yaxındırlar. Hər ikisi “Köçürülmə” romanının davamı kimidir. Özü də mən bunları çox qısa vaxtda yazdım. Təxminən, hərəsinə 1 ayım getdi. Çünki o romanlar mənim fikrimdə tam hazır olandan sonra yazılıb. Ukraynadan gələndən sonra bir az üzərində işləmişəm, redaktə eləmişəm, vəssalam. Ondan sonra daha çox tərcümə ilə məşğulam. Əsasən, çağdaş rus ədəbiyyatını tərcümə edirəm. Hansı adamlarla ki şəxsi münasibətim var, yaxud hansı əsər ruhuma yaxındırsa, onları tərcümə edirəm.
– Bu tərcümələrə görə mükafat da almısınız.
– Hə, “Qızıl kəlmə”. Mədəniyyət Nazirliyinin mükafatı idi. O mükafatı mənə “Azər və Aida adası” romanının (“Azər və Aida adası” romanı – müəllifi Hollandiyada yaşayıb yaratmış azərbaycanlı yazıçı Gülşən Lətifxandır. 2015-ci ildə vəfat edib – N.P.) tərcüməsinə görə veriblər. Amma Rusiyada tərcümə ilə əlaqədar bir neçə mükafat almışam. Bunlardan ən məşhurları D.N.Mamin-Sibiryak adına “Ümumrusiya Ədəbi mükafatı”, sonra “Ədəbiyyatı birləşdirən tellər” mükafatıdır.
– Məmməd müəllim, bəzən deyirlər ki, tərcümə fəaliyyəti yaradıcı fəaliyyətə mane olur.
– Yox, yox, qətiyyən.
– Bəlkə, elə sizi yaradıcılıqdan soyudan elə bu tərcümə işləri olub.
– Bilirsən, tərcümələrdən mən qonorar alıram axı, eləməmək də olmur, əsas məsələ elə budur. Yazdıqlarımdan isə bir qəpik də xeyrim yoxdur.
– Niyə belədir, sizcə?
– Yəqin, imkan yoxdur ki, mənə qonorar versinlər. Lap mənim kitabımı çap etsələr belə, ordan mənə qonorar verilmir. Dediyim kimi, yəqin, imkan yoxdur. Bəzən elə olurdu, kitablarımı öz hesabıma çap eləyirdim. Sonra fikirləşdim ki, bu mənim nəyimə lazımdır axı... Öz cibimin xərci ilə, nə bilim, pensiyamın pulu ilə kitabımı çap edim, ona-buna paylayım... Niyə? Amma mən kimdən ki tərcümə edirəm, həmin adamlar üçün Azərbaycanda çap olunmaq çox maraqlıdır. Ona görə onlarla əlaqə saxlamaq, onlardan tərcümə eləmək daha yaxşı qarşılanır. Qonorar da alıram. Yəqin, onların imkanları daha yaxşıdır (gülür). Çoxu həm də cavan yazıçılardır, həvəslidirlər, ağızları isti yerdədir. Bilmirlər ki, onları irəlidə nə gözləyir... (Bir az duruxur)
– Bəs Yazıçılar Birliyinin fəaliyyəti necə, sizi qane edir?
– Sözün düzü, bu şey məni qətiyyən maraqlandırmır.
– Amma siz az öncə kitablarınızı öz maliyyənizlə çap elədiyinizi deyirdiniz. Sizcə, bu dedikləriniz qurumun qüsuru deyil?
– Yoxdur da, yəqin, imkanları yoxdur. Neyləmək olar...
– Sizcə, Məmməd Oruc çap olunmalı deyil? Buna həmin qurumun imkanı yoxdur?
– Demək olar ki, heç vaxt mən onlara müraciət eləməmişəm. Mənim kitabımı çap edin, ya məni təbliğ edin, ya nəsə, heç vaxt olmayıb. Heç vaxt da eləmək fikrim yoxdur.
– Məmməd müəllim, Azərbaycan yazıçısı əsər yazıb, onu çap eləmək istəyir, dəstək istəyirsə, bəs kimə müraciət eləməlidir?
– Mən elə şeylərdən həmişə uzağam. Mənə aid deyil o şeylər.
– Bu yaxınlarda Yazıçılar Birliyinin qurultayı gözlənilir. Sizin fikriniz nədir bu haqda?
– Demək, onuncu qurultayda mənim romanım haqqında, “Köçürülmə” haqqında xüsusi söhbət oldu. Vilayət Quliyev çıxış elədi. 20 dəqiqəyə yaxın bu romandan danışdı. Amma sonra heç nə olmadı, elə bil hər şey yaddan çıxdı. Hətta bəzi əsərlərin kirildən latına çevrilmə prosesi vaxtı o roman yada belə düşmədi. Qaldı kənarda. Yaxşı, bu qədər tərifdən sonra onu gedib mən təklif eləməliydim? Mən niyə edim ki? Bu roman haqda kifayət qədər söz deyilmişdi axı, bəs sonra? Bilirsən, belə olanda gərək ora ayrı bir yol tapasan, gedib kiməsə baş əyəsən, xahiş edəsən. Mən eləmədim, heç eləmək fikrim də yoxdur.
– Məmməd müəllim, qurultayda səsinizi kimə verəcəksiniz?
– Elə Anara.
– Bəs bu biganəlik...
– Anarın o qədər işi var ki, mən niyə onun yadına düşüm ki? Mənim səsim yenə Anara olacaq. Əvvəla, mənim onun əsərlərinə, şəxsiyyətinə hörmətim böyükdür.
– Hörmət öz yerində. Söhbət qurumunun fəaliyyətindən gedir.
– Oranın 2000-dən çox üzvü var. Mən də o 2000-dən biriyəm. Elə deyil? Məncə, Anar da elə bu cür fikirləşir. Mən Anarın gözündə o 2000-dən biriyəm. Nə olsun ki, yazmışam, çap olunmuşam? Yəni Anardan mənim umacağım yoxdur.
– Bəlkə, yeni kadr yeni təkliflərlə, yeni ideyalarla gələ bilər.
– Bilirsən, oğul, o stol var ha, mən bu yaşıma qədər, demək olar ki, görməmişəm, kimsə oradan öz xoşu ilə ayrılsın. Ordan adamları müxtəlif yollarla ayırırlar. Belə özxoşu ilə olmur. Amma hər halda Anar həmin o birlikdə müəyyən sakitlik yarada bilib.
– Müxtəlif yol dediniz, bax elə o yollardan biri də səsinizi başqa bir kadra vermək deyil?
– Yox, Anar orada olmasa, mənə elə gəlir ki, çətin olar. Niyəsini də deyim. Bu, yerdə qalan katiblər arasında mübarizəyə səbəb olacaq. Bu şeylər isə birliyin hörmətdən salınmasına gətirib çıxara bilər, hətta birlik xırdalana bilər. Hər halda, Anar indi cilovu əldə saxlaya bilir.
Bu sözlərdən sonra Yazıçılar Birliyi ilə bağlı suallarımı yekunlaşdırıram. Məmməd müəllimin sakit təbiəti bütün mövzulara eyni cür reaksiya verməsinə səbəb olur.
– Gələk sizin yaradıcılığınıza. Sizin əsas yaradıcı mövzunuz erməni-müsəlman məsələsidir.
– Doğrudur, bu ona görədir ki, mən elə orda doğulmuşam, Qərbi Azərbaycanda – Vedidə. Ordan gələndə mənim 5 yaşım var idi. Amma yaddaşım o vaxtlar o qədər yaxşı olub ki, hər şey yadımda qalıb. Və ordan gələndən sonra da həmişə oranın həsrətindən danışıblar. Hər gün, demək olar ki, eyni söhbət gedirdi. Ordakı yerlər, evlər, küçələr. Və bütün bu şeylər də mənim bütün yazılarıma təsir edib. Həm hekayələrimə, povestlərimə, romanlarıma – hamısına.
– Hətta tərcümə elədiyiniz romanlardan biri də o mövzudadır.
– Hə, o xanım (yazıçı Gülşən Lətifxanı deyir – N.P.) bir hekayəmi tərcümə eləmişdi. Mənə göstərdi ki, Hollandiyada çap olunub. Və özü təklif elədi ki, sözügedən romanı tərcümə edim. Oxudum, xoşuma gəldi. Çox qısa müddətə elədim tərcüməsini, təxminən, bir ay yarıma. Məndə bir xasiyyət var, yazıya başladımsa, onu qurtarmamış ayağa dura bilmərəm.
– Məmməd müəllim, ümumiyyətlə, sizdə ermənilərə qarşı kin hiss olunmur. Bu sizin mətnlərinizə də sirayət edib.
– Bilirsən, oğul, bütün müharibələrin sonu həmişə sülhlə yekunlaşır. Elədirmi? Yekunda barışıq olur, görüşürlər, öpüşürlər, evlənirlər, törəyirlər. Mənim yadımdadır, bizim ailələrimizdə, qonşularımızda 1918-ci il hadisələrinin qurbanları var idi. Ya birinin oğlunu öldürmüşdülər, ya birinin atasını ermənilər əsir aparmışdı və sair. Amma 1950-ci illərdə bizim nəsillərdə beş-altı kişinin yoldaşı erməni idi. Yəni o cür qırğından sonra olmuşdu bunlar. Zamanla təzədən isinişmə yaranmışdı.
– Bu dəfə necə? Sülh olacaqmı?
– Onu demək üçün hələ tezdir. Sözsüz, əvvəl-axır olacaq, amma qısa müddətə yox, azı, 50 ilə. Amma istənilən halda, televiziyalar, yazılan romanlar, yaxud onların yaddaşındakı bu qan-qada həmişə o qaysağı qopardacaq.
– Müharibədən sonrakı dövr üçün nəsə yazmamısınız ki?
– Yox, yazmamışam, amma fikirləşirəm ki, yazmaq lazımdır. Həm də bəzən fikirləşirəm ki, mən bunları hələ o vaxtdan yazmışam. Sənin yadındadırsa, əsərin sonunda münasibətlərin yaxşılaşdığını, xalqların bir-birinə isinişməsini qeyd eləmişəm. Amma sonra 1989-cu il hadisələrini eşidəndə əsərin qəhrəmanı deyir ki, yenə də aranı qarışdırdılar. Onu da nə biz, nə də ermənilər edirdi. Hamısını imperialistlər edirdi, vallah. Çünki öz maraqları vardı. Bunu onsuz da hamı bilir. Mən onu deməklə Amerika kəşf eləmirəm.
– Əsərlərinzlə bağlı Sizə ssenari, rejissor təkliflərinin olduğunu demişdiniz. Sonra nə baş verdi?
– Düzdür, olmuşdu, hətta Asim İsmayılov “Köçürülmə”ni ssenariləşdirmişdi, kinostudiyada hazırlıqlar da başlamışdı. Amma qismət olmadı, rəhmətə getdi. Onunla da hər şey altı-altında, üstü-üstündə qaldı, təxminən, 92-ci ildə. Ondan sonra isə Natiq Haşımov da həmin romanın ssenarisini yazıb mənə göstərdi.
Dedi, sponsor axtarıram. Mən də dedim, mənim sponsorum yoxdur, sən məndən daha hörmətli olarsan (Gülür və əlavə edir: əməkdar artistdir axı). Amma hanı? Hələ ki, heç nə yoxdur. O hətta deyirdi ki, romanlarımın üçünü birləşdirib eyni filmdə versin. Mən razı olmadım ki, orda hadisə çoxdur. Dedi ki, mən onu həll eləmişəm, sən narahat olma. Sponsor sarıdan hələ ki, yarımçıq qalıb hər şey. Görək necə olur, qismətdən asılıdır.
Həm də artıq yorulmuşam, belə şeylərə inamım qalmayıb.
– Bu pessimizmin yaranmasına səbəb nədir belə?
– Həyatın gərdişi. Çünki görürəm ki, elə şeyləri çəkirlər ki, o şeylər sadəcə bu gün üçün, bu saat üçün lazımdır, tarix üçün yox. Amma “Köçürülmə” bir tarixdir, bu gün üçün də, sabah üçün də. Sadəcə diqqət yoxdur.
– Məmməd müəllim, gəlin razılaşaq ki, özünüzdə də günah var.
– Hə, əlbəttə. Mən heç vaxt özüm öz haqqımı tələb eləmədim. O mübarizlik məndə yoxdur. Bu xasiyyəti də mənə Allah verib, mənlik deyil. Mən kiməsə ağız aça bilmərəm, bu mənim üçün ən ağır şeydir.
Arabir düşünürəm ki, hətta mənim roman yazmağım, hekayə yazmağım kimlərəsə toxunur, təsir edir. Deyirlər ki, bu yenə də eyni mövzudan eyni şeyi yazıb? Amma mən o romanları orden, medal alım deyə yazmamışam. Mən o romanları ağrı-acıdan qurtulmaq üçün, rahat olmaq üçün yazmışam.
– Ad demiş, sizcə, Məmməd Oruc fəxri ad üçün nə qədər gecikib?
– Yox, yox, qəti! O ad mənə lazım deyil, o şeylər mənə yaddır. Çünki onun üçün çalışanlar çoxdur və onların da ada yanaşması ayrı cürdür.
– Bəs sizin yanaşma nə cürdür?
– Bax mən fikirləşirəm ki tutaq ki, ad aldım, hə, nə olsun? Mən yazılarımı yazmışam və xalq da onu oxuyub. Mənə lazım olan budur, vəssalam. Mən sadəcə sevinirəm ki, son illərdə mənim əsərlərimi yenidən çap edirlər. Elə bunun verdiyi həzz mənə bəsdir. Demək, mənim əsərim kimlərəsə lazımdır ki, çap olunur.
– Onda Siz xalqın yazıçısı olmusuz, demək olar, hə?
– Hə, elə xalqın yazıçısı daha yaxşıdır. Yəqin, elə mən xalqın yazıçısıyam. Elə ədəbiyyatdan da, bu həyatdan da belə gedəcəm. Həm də mənim üçün Şuşanın alınması, Qarabağın alınması bütün ordenlərdən, adlardan yüksəkdir. Bu, tamamilə, başqa hissdir.
– Məmməd müəllim, tərcümələri kənara qoysaq, yaradıcılığınız sizə qazanc gətirirmi?
– Yox, indi qətiyyən yoxdur, belə şeylər Sovet dövründə olurdu.
– Bəs bu gün yazıçı Məmməd Orucun qazancı nədədir?
– Qazanc yerim indi yoxdur (gülür). Elə bu “Azərbaycan” jurnalından 300 manat alıram, bir də təqaüd. Ayrı heç nə. Bir də bayaq dediyim hərdənbir elədiyim tərcümələr, vəssalam.
– Onda belə çıxır ki, tərcümələri məcburiyyətdən edirsiniz?
– Yox, deməzdim, mən tərcümələri zövq üçün edirəm, həzz alıram. Yaxşı tərcümələrim məni rahatlaşdırır. Və yazı işinə başım qarışanda xəstəliyim, ağrı-acım da olmur. Elə ki nəsə yazmadım, fikir-xəyal götürür məni.
– Əvvəllər şeir də yazmısınız.
– Hə, şeirlə başlamışam. Bir az yazdım, amma universitetin üçüncü kursunda şeir yazmaqla qurtardım.
– Niyə?
– Elə bil bir anlıq tam mənasızlıq hiss elədim, gördüm ki, qafiyə axtarmaq, sözləri düzüb-qoşmaq mənlik deyil və birdəfəlik daşını atdım.
Sonra hekayələr, məqalələr yazmağa başladım. Hətta elə ilk yazılarımdan sonra məni “Azərbaycan gəncləri” qəzetinə işə götürdülər. Universitetdə oxuya-oxuya bu, çox nadir hal idi. O vaxt həqiqi istedada qiymət verirdilər. Kimsə yaxşı yazırdısa, hamı istəyirdi ki, onunla əməkdaşlıq eləsin. Eləcə mən də tələbə ikən “Azərbaycan gəncləri” qəzetinin işçisi oldum. Və çox məşhurlaşdım. İlk kitabım da ordakı yazılardan yarandı.
– Səhv eləmirəmsə, sizin ən məşhur povestinizi ilk dəfə çap eləməmişdən qabaq redaktor geri qaytarıb.
(Sualı eşidər-eşitməz “Oyun havası” povestini masanın üstündə axtarır, tapır, göstərir)
– Hə, bu idi, “Gənclik” jurnalı o vaxt çox populyar idi. Bu povesti ora apardım, Səfər Alışarlıya göstərdim, məni bir xeyli yubatdı. O zaman orada redaktor Məmməd İsmayıl idi, bəlkə, birbaşa ona versəydim, çap edərdi, amma Səfər Alışarlı eləmədi.
– Niyə?
– Nə bilim, yəqin, xoşuna gəlməmişdi. Düzü, mən ondan əvvəl Səfərin hekayələrini “Azərbaycan” jurnalında çap eləmişdim. Fikirləşdim ki, o da mənə qarşı eyni şeyi edər. Həm də bu, yaxşı povest idi axı. Amma o dedi ki, filan obraz artıqdır, bu hissə belə uzundur və s. Mən də dedim ki, o povestə toxunmaram, necə yazmışamsa, bir hərfini də dəyişmərəm. Beləcə çap olunmadı. Sonra verdim “Azərbaycan” jurnalına. Mənə ən çox şöhrəti də elə o povest gətirdi, çox oxundu, çox danışıldı.
– Onda “Oyun havası” sizə daha çox məşhurluq gətirdi deyə bilərik.
– Hə, elə oldu, hətta indi də cavanlar o povesti məndən istəyirlər, axtarırlar.
– Məmməd müəllim, uzun müddətdir ki, “Azərbaycan” jurnalında işləyirsiniz. Yəni prosesi izləyirsiniz. Gənclərdən kimləri oxuyursuz?
– Onu deyim ki, çox nadir hallarda yaxşı mətnlər gəlir, yaxşı imzalar gəlir. Çoxunun beş-altı cümləsini oxuyub geri qaytarıram. Yaxşı mətn ilk cümlələrində özünü hiss elətdirir. Elementar cümlə qura bilməyənlər roman yazır, povest yazır, gətirir ki, çap edin. Bu bir az adamı düşündürür. Amma ümumən Aslan Quliyevin, Mübariz Cəfərlinin yazıları xoşuma gəlir, oxuyuram.
– Azərbaycan ədəbiyyatının gələcəyinə inanırsınız?
– Şükür, buna da şükür. Daha yaxşı olacaq. İnanmaq lazımdır. Amma mənə görə son 20 ilin ən yaxşı yazıçısı Rafiq Tağı olub. O, ədəbi məktəb yaradıb. Mənə elə gəlir ki, indiki yazıçı gənclər, ümumiyyətlə, hamı onu oxumalıdır. Onun düşüncə tərzi, baxışı Allah vergisi idi. Amma heyf ki, vaxtsız getdi.
Müsahibənin bu yerində artıq Məmməd müəllim tutulur, nəsə demək istəsə də, səsinin titrəyəcəyindən qorxub susur. Nə qədər çətin olsa da, müsahibəni elə buradaca yekunlaşdırmağa məcbur oluram. Bəlkə də, söhbətimizin Rafiq Tağı adıyla yekunlaşması ola biləcək ən yaxşı sonluq idi. Nə bilim?!.
Foto - Sabir Məmmədov © APA Group