Lent.az-ın müsahibi ASAN radionun direktoru, Əməkdar Jurnalist Emin Musəvidir.
- Emin müəllim, öncə sizi APA ailəsi adından “Əməkdar jurnalist” fəxri adı almanız münasibətilə təbrik edirik. Bu günkü görüşümüz bayram görüşü sayıla bilər. Bayramlar sizin üçün nədir? Yeni ilin gəlişini ömürdən biri ilin getməsi, yoxsa yeni ümidlər kimi görürsünüz?
- Yaxşı sualdır. Qeyri-adi duyğudur, xüsusən yeni il qabağı. ASAN xidmət üçün bu xüsusi bayramdır. Dekabrın 29-da ilk ASAN xidmət fəaliyyətə başlayıb. Biz elanlarımızda da deyirik, “hər şey birdən başladı” deyə. Hər şey 10 il əvvəl bir saylı ASAN xidmətin açılmasıya başladı. Onda bu pilot layihə idi və indi ASANsız həyatımızı təsəvvür etmirik. Dekabrın 29-u ASAN xidmət əməkdaşlarının peşə bayramıdır, innovasiyalar mərkəzimizin 9 illiyidir, 24 dekabrda cənab Prezidentin doğum günündə biz ASAN radionun 7 yaşını qeyd etdik. Radiomuz da dövlət başçısının tapşırığı ilə yaradılıb, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Yeni ili, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü gözləmək həmin günü yaşamaqdan da gözəldir. Bir həyəcan olur. Fərqi yoxdur neçə yaşımız var, biz həmişə Yeni ildən nəsə gözləyirik. Bu nağıl kimi bayramdır, insan ümidlərlə yaşayır. 35 yaşdan sonra yaşla bağlı komplekslər silinir. Birdən görürsən sosial şəbəkədə kimsə 35 yaşında “qocalmışam” deyib paylaşımlar edir, bu mənə anormal görünür. Əsas odur, hər yaşdan zövq alasan. Gənclikdə enerjin, sağlamlığın çoxdursa, yaşlandıqca təcrübən artır. Bir adamla 5 dəqiqə söhbət edəndə anlayırsan ki, onunla dostluq etmək, yola çıxmaq olar ya olmaz.
- ASAN Radio-da asandır?
- 7 ildir burdayam. Çox müasir, dinamik kollektivdir və yaxşı dostluq münasibətlərimiz quruldu. 10 il qabaq düşünürdüm ki, heç vaxt dövlət qurumunda işləyə bilmərəm, amma indi dövlət radiosunda işləyirəm. ASAN kimi mütərəqqi, faydalı qurumun tərkibində fəaliyyətdəyik. Burda hər kəs bir-birinə güvənir.
- Radioya əsasən yolda qulaq asılır. Daha geniş kütlələri əhatə eləmək üçün televiziya formatına keçmək kimi bir plan, niyyət var?
- Çox vacib məqama toxundunuz. Son illər radioya əsasən yolda qulaq asırlar. Radio ümumiyyətlə nəqliyyat, yol mediasıdır. Bunu hansı ölkədə soruşsanız, bu cavabı alacaqsınız. Bizim Amerikada bir layihəmiz var idi. Mən orda soruşdum, sizcə radio nə qədər aktual olacaq, dedilər ki, nə qədər yol var, nəqliyyat var, tıxac var radio aktual olacaq. Bu gün əhalinin 70 faizindən çoxu radioya qulaq asır. Radio televiziyadan daha aktualdır. Fikrimi izah edim. Ölkəmizdə radioların sayı 20-yə çatmır, amma telekanalların sayı 100-dən çoxdur, həm yerli həm xarici kanallara baxılır. Nəzərə alsaq ki, son illər informasiyanı əsasən internet mediasından alırıq. Paytaxt Bakı və ətraf kəndlərində bir yerdən başqa yerə çatmaq üçün ən az 30 dəqiqə lazımdır və bu vaxt ərzində çoxlu faydalı məlumat vermək olar. İlk gündən hədəf qoyduq ki, radio + video, radio+ sosial media, radio+ TV formatına keçək. Biz yaxşı mənada məcbur olduq ki, sosial mediada da fəal olaq. Feysbuk səhifəmiz radiolar arasında ilk rəsmi səhifə oldu, 160 mindən çox izləyicimiz var, bu böyük rəqəm sayıla bilər. Ona görə televiziya formatı çox böyük məsuliyyət, çox böyük ambisiya olardı. Bir agentlik kimi fəaliyyət göstəririk, mən demirəm biz APA ilə rəqabət aparırıq, əksinə ən çox istinad etdiyimiz xəbərlər də APA-nındır və bizim dostluq münasibətlərimiz var. Çalışırıq ki maraqlı olaq.
- Üzdə olan jurnalist olmaq üçün şans önəmlidir ya istedad?
- Mən özümü daha çox media adamı sayıram. Tibb Universitetini bitirmişəm, ixtisasca psixiatram. Sonra politologiya üzrə ikinci ixtisas almışam. Amma həmişə hiss edirdim ki, mənim mediaya, ictimai işlərə marağım daha böyükdür. Ölkəmizdə peşəkar jurnalistlər kifayət qədərdir. 1994-cü ildə artıq qərar vermişdim ki, media sahəsində çalışacam. 1997-ci ildə ANS telekanalında işə başladım. Niyəsə ən çətin yerlərə məni göndərirdilər. Çox hallarda yarıdırdım. İndi düşünürəm ki, bəlkə təcrübəsizlikdən irəli gələn cəsarət, sadəlövhlük vardı. 10 il sonra mən bu cəsarəti etməzdim. Çox populyar adamlara zəng edirdim, cavab verirdilər, heç kim məni tanımırdı, gedib müsahibələr alırdım. Bəlkə, tanınmış jurnalistlər gedib sözləri yerə düşəcəyi üçün bunu eləmirdilər.
- Qəzet və televiziya jurnalistləri arasında həmişə rəqabət olub. Adətən televiziya jurnalistləri bəlkə də simaları efirlərdə çox görünüb tanındıqlarına görə (bəlkə də bu ulduz xətəliyidir), çap mediasında çalışan jurnalistlərə bir qədər yuxarıdan aşağı baxırlar. Onlar isə iddia edirlər ki, “televiziyaçı”lar bizim kimi yaza bilmirlər...
- Düzdür. Çap mediasında olanlar (kopipast edənləri, kimdənsə açıqlama alanları demirəm), müsahibə, araşdırma, reportaj hazırlayanları, analitika yazanları, köşə yazarlarını nəzərdə tuturam, onlar daha güclüdürlər. Ona görə çox zaman böyük layihələrdə yer ala, ssenari müəllifləri ola bilirlər. Hesab edirəm ki, mətbuat jurnalistləri qalib gəlirlər. İndi televiziya jurnalistlərinin rəqibi sosial mediadır. Blogger, vloggerlərin işlərinə bəzən milyonlarla baxış olur.
- Bizdə efirlərə daha çox zahiri görkəmə görə dəvət edirlər. Xaricdə, elə qardaş Türkiyədə də bu təcrübə var, yaşlı, xarici görünüşü önəm daşımayan amma çox intellektual, analitika qabiliyyəti güclü olan jurnalistlərin müəllif proqramları uğur qazanır. Buna münasibətiniz necədir?
- Haqlısınız. Həm xarizması, həm xarici görünüşü, həm bilgiləri çox olan ideal aparıcı tapmaq çox çətindir. Mən qəbul edə bilmirəm. Kim deyir ki, 50 yaşdan sonra efirdə aparıcılıq etmək olmaz? Baxır hansı verilişə kimi dəvət edirsən. Həyat təcrübəsi önəmlidir. İnsan həyatda nə qədər maraqlıdırsa, efirdə də bir o qədər maraqlı olacaq.
- Yol gedərkən yəqin başqa radioları da dinləyirsiniz. Peşəkar baxımdan dinləyəndə beyninizi qıcıqlandıran şeylər çox olur? Bəzən aparıcı qonağına imkan vermədən çox “ağıllılıq” edir.
- Hesab edirəm ki, kifayət qədər peşəkar həmkarlarımız, radiolarımız var. Amma bəsit mətbəx söhbəti edənlər də var. Dinləyəndə onların yerinə utanırdım. Əyləncə də keyfiyyətli olmalıdır, məsələn DJ Fateh çox yaxşı, intellektual aparıcıdır. Əyləncə istəyirsən ona qulaq as, xidmətlərlə bağlı dəqiq xəbər istəyirsənsə ASAN Radio dinlə və s. Aparıcıların “ağıllığına” gəlincə çoxu öz reklamı, reytinqi üçün belə edir. Ümumilikdə, illər ərzində inkişaf edə bilmişik. Məhdudiyyətlər yox imkanlar haqqında düşünürəm. Televiziyalarla müqayisədə radiolarda daha yaxşı inkişaf gedib
- Ən çətin və ən maraqlı müsahibləriniz kimlər olub?
- Prezidentlərlə müsahibə çətin idi. Aylarla gözləmək lazım gəlirdi. Deyirdilər niyə Latviya, İsrail prezidentləri, argentinalı bir dövlət rəsmisi Azərbaycan telekanalına müsahibə verməlidir? Ən maraqlı müsahibəm Polad Bülbüloğlu səfir təyin edildikdən sonra oldu. Onu səfir kimi heç kim çəkməmişdi və ailəsini göstərməmişdi. Keçmiş baş nazir müavini Abid Şərifovla öncə çox çətin idi, baxmayaraq ki, həyatda çox yaxşı insandır və qəribədir ki, media onu pis təqdim edib. Müsahibəyə 15 dəqiqə zaman vermişdi, çəkilişlər başlayandan sonra istədiyimizi ondan aldıq. AMEA prezidenti Mahmud Kərimov məni təəccübləndirmişdi. Proqressiv adam idi. Mən akademikləri fərqli təsəvvür edirdim, o isə danışmışdı ki, məktəbdə 3 alıb, dərsdən qaçıb, rok musiqi dinləyib, hətta Röyanı, Safuranı dinlədiyini də demişdi.
- Çətin danışan respondenti necə danışdırmaq olar? Gənclərə nə tövsiyə verərdiniz?
- Müsahibəyə hazırlıqlı getmək lazımdır. Maraqlı faktlar öyrənərək, əvvəlki müsahibələrə baxmaqla, ortaq tanışlardan, dostlardan istifadə etməklə, informasiya toplamaqla. Respondenti təəccübləndirməklə danışdırmaq olar.
- Xaricdə təcrübə mübadilələrində çox olmusunuz. Onların bizdən və bizim onlardan öyrənəcəyimiz nələrsə var?
- Texniki cəhətdən çox fərq yoxdur. Biz bəzən onları ideallaşdırırıq. Bizdə o səviyyə var. Peşəkar olmaq üçün daim üzərində işləməlisən. Əsas insan faktorudur. Son zamanlar bizim cəmiyyətdə çox şey dəyişib. Bir-birimizə daha doğma münasibət göstərsək, hər şey yaxşı olacaq. Daha rahat olmalıyıq. Hər şey yalnız bizdən asılı deyil. Əminəm ki, hər şey yaxşı olacaq.