“Qarabağ rəngləri Amerikada” - FOTO
13 iyul 2012 18:03 (UTC +04:00)

“Qarabağ rəngləri Amerikada” - FOTO

Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Qarabağ rəngləri” layihəsinin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə reallaşdırılıb.

Layihə çərçivəsində iyunun 5-dən 22-dək Amerikanını nüfuzlu Corc Meyson Universitetində Azərbaycan və Amerika qadın rəssamlarının sərgisi keçirilib. Sərginin təşkilində Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu da yaxından iştirak edib, layihənin Amerikada informasiya dəstəyini öz üzərinə götürüb. Corc Meyson Universiteti isə özünün İncəsənət Qalereyasını iki həftəliyə təmənnasız olaraq tədbir iştirakçılarının ixtiyarına verib. Sərgidə tanınmış gənc rəssam Nərminə Vəliyevanın, istedadlı rəssam Şəhla Qəhrəmanlının, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də Amerikada yaşayan Azərbaycan əsilli Leyla Rzayevanın, habelə Corc Meyson Universitetinin tələbələrinin əsərləri nümayiş olunub. Azərbaycan rəssamlarının əsərlərində Qarabağ mövzusu üstünlük təşkil edib, “Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Şuşada yaşayış evləri”, “Xudafərin körpüsü” və s. rəsmlər tamaşaçıların diqqətini xüsusi cəlb edib. Nərminə Vəliyevanın “Xocalı lövhələri” adlı rəsmlərində Xocalı faciəsinin ağrı-acıları əks olunub.

Təqdimat mərasimində bütün bunlar barədə söhbət açan “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin uğurla başa çatmasına hərtərəfli dəstək verdiklərinə görə sponsor təşkilatlara xüsusi minnətdarlıq edib. İştirakçılara məlumat verilib ki, sərgi başa çatdıqdan sonra Nərminə Vəliyeva bir tablosunu Corc Meyson Universitetinə, “Xocalı lövhələri” silsiləsindən dörd tablosunu isə Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fonduna hədiyyə edib. Layihənin iştirakçıları Qarabağ Fondunun fəxri diplomları ilə təltif olunublar. Sərgidə əsərləri nümayiş olunan Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlı çıxış edərək layihənin xalqlar arasında mədəni körpü yaratmaq məqsədi ilə həyata keçirildiyini, belə mədəniyyət layihələrinin gələcəkdə də davamlı olmasını arzu ediblər.

Sənətşünas Ziyadxan Əliyev incəsənətin xalqlar arasında əlaqələrin güclənməsində rolunu yüksək qiymətləndirib, xüsusən Qarabağ dərdinin dünyaya çatdırılmasında belə mədəniyyət layihələrinin əvəzsiz rolundan danışıb. Sonda İctimai Televiziyanın sərgidən hazırladığı “Qarabağ rəngləri Amerikada” sənədli filmi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar