Aybəniz Haşımova etiraf edir: “O sevgi həyatımın altını üstünə çevirdi” – MÜSAHİBƏ - FOTO
Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı nəğmələrilə hər birimizin qəlbinə yol tapa bilən sevimli müğənnimiz, əməkdar artist Aybəniz Haşımovadır.
- Sizin üçün sevgi nədir?
- Sevgi həyatda ən böyük qüvvədir. İnsanları bu həyatda yaşamağa, yaratmağa vadar edən məfhumdur. Bəşəriyyətin bütün yaratdıqları sevgi məfhumu altında yaşayır. Sevgisiz həyat yoxdur! Sevgi tək bir qızın oğlana olan məhəbbəti demək deyil. Hər şeyə sevgi olmalıdır. Mən sevməsəm, o mahnıları oxuya bilərəmmi? Yox! O da sevgidir. Mən həmişə deyirəm, ən böyük məhəbbətim mənim Allahım, ondan sonra sevgimdir. O sevgim ki, məni yaşadır.
- O sevgi kimə məxsusdur?
- Ümumbəşəri sevgidir. Onun ünvanı yoxdur. Bəlkə uşaq vaxtı onun adını deyərdim. Amma bu gün o adı deməyə çəkinirəm. Çünki yanlış danışa bilərəm. Mənim bütün həyatımı idarə edən, izləyən və onu gələcəyə aparan böyük bir sevgi məfhumu var. Mən bütün nailiyyətimə görə, öncə Allahıma, sonra o sevgiyə borcluyam. Çünki o sevgi olmasaydı, yəqin bu gün Aybəniz Haşımova adı olmazdı. Məni məhz qəlbimdə bütün insanlığa olan sevgi yaşadır. Mən həyatda çox pisliklərlə də rastlaşdım. Amma bu pisliklər məni sevgimdən döndərə bilmədi. Mənim sevgim hər şeyin üstündə dayandı. Sevgi bir istedaddır. Onu Allah hər adama vermir, seçilmiş insanlara verir. Kimə az, kimə çox... Mən düşünürəm ki, Allah mənə hər şeyi bütöv verib. Bu qədər sevgini qəlbimdə daşıya bilirəmsə, Allahıma çox minnətdaram. Bir də, sevginin ağlı olmalıdır. Ağılsız sevginin sonu da yoxdur. Mən ən çox bilirsiz nəyə sevinirəm? Həmişə ağılla sevmişəm. Layiqli, layiqsiz nəyisə və ya kimisə sevmək olmaz. Dərindən yoxlanılmamış sevgiyə hisslərini xərcləmək olmaz. Çünki əvəzində yana bilərsən. Adam bilirsiz nə vaxt ölür? Qəlbində məhəbbət öləndə. İnsan torpağa gedəndə ölmür ki...
- Həyatda xəyanətlə çox qarşılaşmısız?
- Yox, deməzdim qarşılaşmışam. İnsan özü özünə xəyanət edir, sənə etmir ki. Mən Aynişanın atasına ərə gedəndə cavan qız idim, heç 23 yaşım tamam deyildi. Ailə qurduğum dövr sənətimin ən gözəl dövrü idi. Mənim yerimdə başqa kim olsaydı, sənətinin pik vaxtında ərə getməzdi. Amma bu, məni düşündürmürdü. Həmişə mənim üçün birinci ailə olub. Mən heç vaxt sevgi axtarmamışam. Çünki ətrafımda məni sevənlər o qədər çox olub ki... Hətta seçim edə bilməmişəm. Çox gözəl qız idim. Qadınlar, qızlar belə gözəlliyimə pərəstiş edirdi. Məni sevən oğlanlar da yaraşıqlı idilər. Amma Aynişanın atası onlardan qoçaq çıxdı. Bir də ki, mənim ağlım və əxlaqım yerində idi. Məsələn, səfərlərə gedəndə barmağıma yalandan nişan üzüyü taxırdım. Hamı elə bilirdi ki, mən nişanlıyam. Bununla ən azından üzümə deyilə biləcək “səni sevirəm” sözündən özümü sığortalayırdım.
- Amma ola bilməz ki, sizə yaxınlaşıb “səni sevirəm” deyən oğlan olmayıb.
- Yox, olmayıb. İnanın, deyə bilmirdilər. Məndən elə çəkinirdilər. Demirəm, alnımı çatıb otururdum. Güləndə gülürdüm, danışanda danışırdım. Düzdür, indi zaman dəyişib. Mən sənətə gəldiyim dövrdə oğlanlar vardı ki, qız üz vermirdisə, ona yaxınlaşmırdı. Mən sənəti o qədər sevirdim ki, düşünə bilmirdim görəsən hansısa oğlanı sevə biləcəm? Mən musiqidən başqa heç nəyi görə bilmirdim. Sənət adamı öz ağuşuna alır və ondan ayrıla bilmirsən. Amma elə bir vəziyyət yaranır ki, həyatını kiminləsə paylaşmaq istəyirsən. Və nəticədə məhəbbət bu tayda qalır, sənət də o tayda. Ortada isə bir zülm yaşayan adam olur ki, o da sənsən.
- O zülmdən necə qurtula bildiz?
- Hələ ki, qurtula bilmirəm. Bu gün də o zülmün ortasındayam. Və özümə çox şeyi qadağan edirəm. Halbuki istəmirəm qadağa qoyum. Mən də insanam axı...
- Qadağaları aradan götürsəniz, nə olar?
- Onda mən Aybəniz olmaram. Götürə bilmirəm. Qoy elə belə olsun. Ən yaxşısı odur ki, mən o zülmü daşıyım.
- Yoldaşınızı həyatınızın əsl məhəbbəti hesab edirsiz?
- İnanarsız, bir söz desəm? Mən bir qadın olaraq hələ bu günə qədər başa düşə bilmədim ki, sevmək necə olur? Bunu eləmək istədim, amma yarı yolda qaldım. Yoldaşım məni o qədər böyük məhəbbətlə sevmişdi ki, imkan verməmişdi başa düşüm ümumiyyətlə sevgi nədir. Mən fikirləşdim ki, sevgi yəqin elə budur.
- Heç sevgili olmamışdız?
- Yox, heç. Bir ayın içində nişanlandıq və evləndik. O bir ay ərzində sevgisini sübut etmək üçün o qədər dəridən-qabıqdan çıxırdı ki, mən deyirdim əsl sevgi budur yəqin. Hətta biz evli olanda bir gün Xalid yuxu görüb. O gün qızıma da danışırdım bunu. Yuxuda deyiblər ki, ikinizdən biri öləcək, amma hansımızın adını demişdilərsə, eşitməmişdi. Qışqıraraq oyandı, məni çağırdı. Boynumu qucaqlayıb hönkürtü ilə ağladı. Əlini açıb yalvardı ki, “Ay Allah, əgər o ölüm varsa, məni apar, Aybənizə heç nə olmasın”. O məni belə sevib. Yəni, mən başa düşə bilmirdim ki, başqa cür sevgi də ola bilər. Amma bir qadın olaraq özümün o sevgimi kiməsə verməyimə mənə imkan verilmədi. Həyatdan vaxtsız getdi. Və mən anlaya bilmədim ki, bu həyatdan nə istəyirəm. Yoldaşımın meyiti gələndə ikinci mərtəbədən yıxılmışdım. O vaxtdan ayağımda travma qalıb. Ona görə də ayağım məni incidir, çox ayaq üstə dura bilmirəm. Siz inanırsız, mən ayda bir dəfə də olsa, bu ayaqlarımla dizimi yerə qoyub Xalidin qəbrini əllərimlə yuyub gəlirəm. Amma mən bunu onun uşağının anası kimi edirəm. Mən başa düşə bilmirəm ümumiyyətlə sevmək necə olur. Hələ ki, başa düşmürəm. Bəlkə nə vaxtsa, ömrümün sonunda başa düşəcəm kişiyə qarşı sevgi nədir. Amma hələ anlamıram. Çünki eldə belə bir misal var – nə yatdım, nə də yuxu görəm. Cəmi il yarımın gəlini oldum... Ona görə də ən pis cəhətimi deyim sizə - qızımı, qrupdakı uşaqlarımı, tələbələrimi kimisə sevməyə qoymuram. Deyirəm sevgi yoxdur həyatda, heç kimi sevməyin, ağılla evlənin. Niyə belə eləyirəm axı? Qorxuram, onları kimdən qoruyuram, bilmirəm. Amma nədənsə qoruyuram. Qorxuram o sevgi onlara ziyan vurar.
- Özünüz də ziyan çəkmisiz, ona görə?
- Yəqin ona görə. Çünki mənə böyük ziyan vurdu. Bütün həyatımın altını üstünə çevirdi. O böyük məhəbbəti göstərib ardından da kimsəsiz qoyub getmək mənə böyük dərd yaşatdı. İndi şeirlər yazıram. Bəzən məndən soruşurlar ki, kimi belə sevmisən, bunu kimə yazmısan? Sadəcə eşitdiyim hadisələrdən yaranıb o şeirlər. Məsələn, əsl sevən insan sənə xəyanət edər, səni başqası ilə dəyişər? Bu şeylərdən sonra sevgiyə necə inanmaq olar? Gözümün qarşısında çoxları bu acılara məruz qalıb. Ona görə də “bəli, sevgi var!”, “sevin, peşman olmayacaqsız” sözlərini tam məsuliyyətlə deməyə qorxuram. Çünki sevgidə yalançılar var. Sevgi donunun altında gizlənən “sevirəm” sözünün alverçiləri çoxdur.
- Bildiyim qədərilə ailə qurmazdan öncə sizin də həyatınızda belə bir şey olub. Özü də indi o şəxs məşhur mədəniyyət xadimlərindən biridir.
- Mən buna sevgi demirəm. Bu, sevgi deyil. Səni sevən insan səni atıb getməz axı. Deməli, sevgi deyilmiş. Sevgi Aynişanın atasının mənə olan sevgisiydi. Mənim ölməyimdənsə, Allahdan öz ölümünü istədi. Dediyini də elədi, öldü. O il yarım ərzində sevgisini sübut etdi. Mənə elə gəlir ki, Allah xəyanəti bağışlamır.
- Bəs siz həmin o şəxsin sizə olan xəyanətini bağışlamısız?
- Məni onun kimi o qədər oğlanlar sevib ki... nolsun. Bir oğlan vardı, məni sevirmiş, amma bunu mənə deyə bilmədi və öldü. O öləndə mən ərdəydim. Demə, eşidib ərə getmişəm, dözə bilməyib, ürəyi partlayıb ölüb. Biz onunla Gəncədə bir dərnəkdə olmuşduq, məni orda görüb. Ürəyində sevib, amma utanıb, deyə bilməyib mənə. Ölən vaxt deyib ki, “məni Bakıya aparın, o, Bakıdadır, özünü də görməsəm, o şəhərdə nəfəsini duyum və orda ölüm”. Bakıya gətiriblər, burda xəstəxanada canını tapşırıb.
- Bəs siz bunu hardan bildiz?
- Üstündən neçə illər keçəndən sonra bildim. Gəncədə ümumi tanış bir qadın vardı. O mənə danışdı. Amma dəhşətə baxın ki, ölən vaxt o, mənim yuxuma girmişdi. Gördüm, yanımdan keçib getdi, heç nə danışmadı. Demə həmin vaxt ölübmüş. Bax, bu, əsl sevgidir. Aynişanın atasının mənə olan sevgisini əsl sevgi adlandırmaq olar. Amma sevgisini sübut etməyən insanların məhəbbətinə mən inanmıram.
- Bildiyimə görə, o şəxs birdən-birə sizə heç nə demədən başqası ilə evlənmişdi.
- Mən ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Mənim çox gözəl ailəm olub. Mənim həyatımda məni sevən daha dəyərli kişi olub – qızımın atası. Onun məhəbbəti elə böyük olub ki, qalan məhəbbətlər onun yanında kiçik idi.
- Axı o münasibətlər çox ciddi olub, ailələr bilib, hətta evlənmək ərəfəsində olmusuz.
- Bilirsiz, bu, hər bir qızın başına gələ bilər. İnsandı da... belə istəyib. Ürəyi belə istəyib, belə də eləyib. Və yaxşı ki, belə olub. Deməli, qismət beləymiş. Mən Xalidə rast gəlməsəydim, bilməzdim ki, həyatda belə dəyərli oğlanların dəyərli məhəbbəti də var. Yaxşı ki, belə olub. Hər şey yaxşılığa doğru dəyişir.
- Amma bayaqkı sualımdan yayındız. Onu bağışlamısız?
- Mən kiməm ki, kimisə bağışlayam, ya bağışlamayam. Bir tək bağışlaya bilən var – o da Allahdır. Qoy Allah hamımızın günahlarını bağışlasın. Və ağlımızı əlimizdən almasın.
- Mənə çox maraqlıdır. İkiniz də sənət adamısız və yəqin ki, hansısa tədbirlərdə qarşılaşmısız. Onu görəndə yaşadığınız acıları xatırlayırsız?
- Yox, bilirsiz necədir? Bizi ömrümüz boyu izləyən o qədər amillər var ki... Əgər hamısını “sən xəyanətkarsan, sən taxsırkarsan, günahkarsan”, deyib lənətləsək, onda Yer üzündə insan qalmaz. Hər şeyə görə insanı lənətləmək, söymək, döymək olmaz. Yenə deyirəm, hər şey yaxşılığa doğru olur. Xəyanət tək qızın oğlana olan xəyanəti demək deyil ki. Ola bilər, sabah evlənərdin, səni elə qısqanaydı, ölüm dərəcəsinə gəlib çıxardın. İnsan sevdiyini qorumalıdır. Aynişanın atası “səni sevirəm” sözünü mənə təsdiqlədən oğlandır. Ona görə də ömrümün nə qədər hissəsi varsa, belə bir sevginin ruhu ilə də yaşamaq mənə kifayət edir. Mənim sevgim qızım və onun atasıdır.
- Həyat yoldaşınızı itirəndən sonra tək, amma gözəl bir qadın olaraq xeyli çətinliklərlə qarşılaşdız. Necə tab gətirdiz, necə ayağa qalxdız?
- Çox çətin idi. Elə indi də çətindir. İndiki ağlım bir 10 il qabaq olsaydı, qoymazdım özümü o günlərə düşüm. Mən bir az səhv elədim. Məsələn, yoldaşım öləndən sonra bütün günü ağlayırdım, qəbiristanlıqdan çəkilmirdim. Heç kimin də xəbəri olmurdu, gizlin gedirdim. O qədər ağlayıb heydən düşürdüm ki, elə orada da qalırdım. Zorla qolumdan tutub taksiyə salırdılar ki, bəsdi də, belə olmaz. Bütün günü ağlamaq olardı?! Mən özümə çox zülm verdim. Övladımız qalmışdı, onsuz mən uşağı necə böyüdəcəkdim – bu, mənim bütün həyatımı çevirmişdi. Özümün də heç 24 yaşım tamam olmamışdı. Yerlə göyün arasında qalmışdım. Qucağımda körpə uşaq bilmirdim başıma nə çarə qılam. Şükür Allaha doğmalarımın sayəsində övladımı böyütdüm. Bacım Rəna həmişə mənim yanımda olub. Anam, atam, ailəm məni həmişə dəstəkləyiblər, həm maddi, həm mənəvi cəhətdən. Əsas odur ki, heç olmasa doğmalarımdan zərbə almadım. Məni yaşadan Aynişan oldu. Aynişan hələ balaca idi, təzə-təzə danışırdı. Hər gecə oyanıb görürdü ağlayıram. Gəlib deyirdi, “Xalidə görə ağlayırsan? Ağlama, o, gələcək”. Mən indi də ağlayıram. Elə bilirsiz ağlamıram? Bəzən uşaq kimi oturub hönkürürəm. Sadəcə indi yanımda o qədər adam olur ki, onların qorxusundan özümü yığışdırmışam.
- Ondan sonra sizə evlənmək təklifi edənlər oldu yəqin ki.
- Çox... həddən artıq. Qırxı təzə çıxmışdı, artıq baş-beynim xarab olmuşdu. Hərə bir tərəfdən elçi düşmüşdü. Toy edib qız kimi gəlin aparmaq fikrində olanlar vardı. Rahatlığım yox idi. Təkliflər məni bezdirmişdi artıq. Hətta məni gecələr qorxudurdular. Biri vardı – indiyə kimi də bilmədim o kimdi – gecə 3-də, 4-də zəng vurub məni qorxudurdu, pis-pis səslər çıxarırdı. Məndən bu yolla hayıf alırdılar. Yalandan deyirdilər, ərini gətiriblər, Biləcəridədir, dur gəl bura. Ya da deyirdilər qospitalda yaralıdır. Təkliflər çox idi, amma heç birini yaxınıma buraxmırdım. Mən razı idim Anişanın atası Qarabağdan iki ayağından məhrum qayıtsın, amma qayıtsın. Mən onu ömrümün sonuna qədər qucağımda gəzdirərdim. Bir gün mənə dedi, “məndən soruşsan ki, nədir məhəbbət? Yarıb ürəyimi göstərəm mən”. Mən tez-tez onun qəbrinin üstünə gedirəm, şəklinə baxıram... Nə bilim, bilmirəm, o biri dünyada onunla qovuşacam, onu görə biləcəm. Amma həyatın o üzündə onunla görüşsəm, bu dəfə qoymaram o məni sevsin, bu dəfə mən özüm onu sevərəm. özü də iki qat artıq. Çünki o, buna layiqdir.
- Bəs indiki həyat yoldaşınız?
- O yazığın həyatı tamamilə fərqlidir. Bu oğlan məni uşaqlıqdan sevib. Özü də dəli kimi. Ailəvi tanış idik. Amma mən ona getmədim. Eşidəndə ki, mən ailə qurmuşam, Azərbaycandan çıxıb getdi Almaniyaya, qardaşının yanına. Heç kimlə də evlənmədi. 6 il əvvəl qardaşı ilə rastlaşdıq, nömrəmi götürdülər. Bir neçə gündən sonra özü mənə zəng vurdu. Necə oldusa söhbət açıldı, olanları danışdım. Dedi, “sənə nə kömək edə bilərəm? Lazımdırsa, mən sənin həyatını rahatlaşdırım. İstəyirsənsə, evlənək, amma sən istəməyənə qədər mən səninlə bir evdə yaşamaram, təki sənin başın sakit olsun”. Mən də evdə məsləhətləşdim və razılaşdım. Biz rəsmi nikah bağladıq. Amma molla kəbini kəsdirmədim. Səbəbini soruşanda dedim, mənim evimdə bir kəbin var, ikinci kişinin kəbinini onun yanına qoya bilmərəm, məni bağışla. Nikahı məcburən etdim. Amma molla kəbini yox. Həm də kəbin kəsdirdiyimiz vaxt Hacı Sabirlə Xalidin danışdıqları indiyə qədər yadımdadır. Ona görə də mən o məscidə təzədən kiminləsə kəbin kəsdirməyə gedə bilmərəm. İndi o, Almaniyada qalır, mən də burda. Bir-iki dəfə Bakıya gəlib, ayaqüstü görüşmüşük. Amma telefonla əlaqə saxlayırıq. Həmişə də deyir ki, “mən ən əziz, doğma adamın kimi həmişə sənin arxandayam”. Görürsüz, onun ruhu burda da məni bütöv olmağa qoymur.
- Bu evlilik o təkliflərdən qurtulmağa kömək etdi?
- Etdi. Başım tam sakit oldu. Elə bil heç olmamış kimi. Amma bu, lazım idimi? Adam da şəhid ailəsinə belə təzyiq edərdimi? Hirsimdən o qədər ağlayırdım ki, az qalmışdı səsimi də itirəm. İndi şükür Allaha başım sakitdir. Əsəb keçirmirəm, rahatam. Hamı da bilir mən bunu niyə etmişəm. Başımın sakitliyi üçün etmişəm. Və məcburən etmişəm.
- Onu belə bədbəxt etməyə haqqınız vardı?
- Hə, yazığı sadəcə bədbəxt etdim.
- Amma onu xoşbəxt etmək də sizin əlinizdədir. Sevmək barədə heç düşünmürsüz?
- Mən sevmək istəmirəm. Bayaq da dedim, çox şeylərdə özümə sərhəd qoymuşam. Əvvəla artıq o yaşım deyil, 43 yaşım olacaq. Qızım böyüyüb, artıq onun sevmək vaxtdır, mənə yaraşmaz. Qızımın atası ömrümə qayıtsaydı, onu sevərdim utanmadan. Amma başqa kişini sevə bilmərəm artıq. İstəmirəm də. Ürəyimə gedən bütün yolları bağlamışam.
- Əgər yoldaşınız başqa birilə ailə qurmaq istəsə, boşanarsız?
- Hə, boşanaram. İstəsə edərəm. Mən onun xətrini çox istəyirəm. O, çox gözəl insandır. İnanın, Aynişanın səsini eşidəndə uşaq kimi ağlayır, deyir, “sənin qız vaxtının səsini eşidirəm”. Mən yalandan heç kəsi aldatmaq istəmirəm, özümü də. Mənim üçün sevgi məfhumu çox qiymətlidir, amma artıq övladımda və nəğmələrimdə, şeirlərimdə yaşayır.
- Çox pessimist danışırsız. Yəni, özünüz də bundan sonra qadın kimi xoşbəxt olmaq istəmirsiz heç?
- Yox, istəmirəm. Artıq həyatdan heç nə istəmirəm. Çünki ürəyim elə qırılıb ki... Gözümü yumub açınca baxdım gördüm heç nə yoxdu. Belə yaxşıdır. Gənclərimiz sevib sevilsin, onlar xoşbəxt olsunlar. Mən də baxım sevinim.
- Hansı mahnınızı ifa edəndə, şeirinizi oxuyanda öz həyatınız gözünüzün önündə canlanır?
- Öz həyatım yoxdur. Onu görə də bilmirəm. Bu, pessimizm də deyil. Sadəcə sizə yalan danışmaq istəmirəm. Olduğunu deyirəm. Mən o nəğmələri, poeziyanı sevirəm, onları yaşatmaq istəyirəm. Məni də onlar yaşadır. Məni sevən insanlar var, bununla kifayətlənirəm. Bunlar ömürlük sevgilərdi. Bu, mənə bəsdir. Həyatım boş deyil.
- Amma ürəyiniz...
- Ürəyimdə də sənətim yaşayır. Tam səmimi deyirəm, mən xoşbəxtəm, həyatımdan da tam razıyam. Yenə təkrar edirəm, bəlkə Aynişanın atası olsaydı, onu sevərdim, amma başqa kişini sevmək istəmirəm. O, mənim övladımın atasıdır. Və ona utanmadan bəyan edərdim ki, “bəli, mən səni sevirəm”.
Xəyalə MURADLI
[email protected]
2581