“Qəşəm Nəcəfzadə təhlükəli şairdi”
25 may 2010 16:00 (UTC +04:00)

“Qəşəm Nəcəfzadə təhlükəli şairdi”

“Əgər şeirlərim Dayandurla Sərvazın xöşuna gəlsəydi, özümü çox pis hiss eləyərdim”

Mayın 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Qəşəm Nəcəfzadənin yeni şeirlərinin təqdimatı olub. Lent.az-ın məlumatına görə, tədbiri Qəşəm Nəcəfzadə özü açıq elan edib. “Burada keçən kitab təqdimatlarından, yersiz təriflərdən bezmişik. Amma indi gəlin kişi kimi danışaq. Sizə 10-15 şeir oxuyacağam. Bu şeirlər həmçinin sizin də qarşınızda var. Gəlin həqiqəti deyək. Bu meydan, bu da şeytan… mənim xətrimə dəyin” – deyən Q.Nəcəfzadə sonra 15 şeir oxuyub.

Heç bir yerdə çap olunmayan “Çay təsnifi”, “Payız təsnifi” “Çahargah”, “Segah”, “Simayi-şəms”, “Qarabağ şikəstəsi”, “Xalq mahnısı can, can” “Mikayıl Müşfiqin türmədəki şəklinə” və s. şeirlər oxunduqca zalda gülüş səsləri də eşidilib. Nəhayət, şeir oxunuşu başa çatıb.

Tədbirin aparıcısı şair-tənqidçi Əsəd Cahangir elə ilk sözü özü deyib: “Azərbaycan ədəbiyyatında bir neçə yazar: İsa Muğanna, Vaqif Bayatlı yeni dil yaradıb. Bu sıraya mən Qəşəm Nəcəfzadəni də əlavə edərdim. Qəşəm bu şeirlərdə öz dilini yaradıb”.


Mahirə Abdulla: “Bu şeirlər tamamilə yeni formadı, Qəşəmin özüdü. Xoşuma gəlmədi, amma Qəşəmi təbrik edirəm”.


Sərvaz Hüseynoğlu: “Qəşəm tutumlu şairdir. Amma bu şeirləri qəbul etmirəm. Burada “daley” sözünü Murad Köhnəqala deyib, bu ifadə onda var”.


İlyas Tapdıq: “Maraqlı şeirlərdi, xoşuma gəldi. Xüsusən də “Qarabağ şikəstəsi” şeiri. Xahiş edirəm Qəşəm sonda o şeiri bir də oxusun”.

Oktay Rza: “Bu şeirləri bəyənmirəm, vəssalam”.

Ramiz Məmmədzadə: “Qəşəmi təbrik edirəm, gözəl şeirlərdi”.

Dayandur Sevgin: “Bunlar şeir deyil, burada poetika yoxdur”.

Balayar Sadiq: “Bu şeirlərdə o qədər yeni sözlər var ki, elə bil Azərbaycanın çeynənmiş dil ərazisini təmiz su basıb”.

Elnarə Şəms: “Xoşuma gəlmədi. “Teyləmək”, “Urvat” sözlərini dəyişsin”.

Nuranə Nur: “Qəşəm müəllim, sizi təbrik edirəm, deyilənlərə fikir verməyin, bu şeirlər vaxtında yazılmış şeirlərdi, amma tez oxundu”.

Məlahət Yusifqızı: “Çoxlu dil xətaları var”.

Aləmzər Sadıqqızı: “Mənasız şeirlərdir”.


Mövlud Mövlud: “Bu şeirlərdə bir neçə söz M. Köhnəqala və Aqşinin şeirlərindəki bir neçə sözə oxşayır”.

Rüstəm Kamal: “Qəşəm olduqca təhlükəli şairdi. Qəşəm qədər şeirlərində fel olan şair yoxdur. Metaforalar hədsiz dərəcədə boldu. Bəzən adam bezir. Qəşəm eqoist şairdir. Amma bu şeirlərin sonu yoxdur. 10 ildən sonra görüşərik, görərsiniz ki, mən düz deyirəm”.

Zirəddin Qafarlı acıq eləyib zaldan gedib.


Kəmaləddin Qədim: “Mənim fikrimcə, maraqlı şeirlərdi”.

Qəşəm Nəcəfzadə: “Hamınıza təşəkkür edirəm. Əgər şeirlərim Dayandurla Sərvazın xöşuna gəlsəydi, özümü çox pis hiss eləyərdim. İndi olduqca şadam”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004

Oxşar yazılar