Münsiflərdə fikir ayrılığı yarandı
29 avqust 2012 18:51 (UTC +04:00)

Münsiflərdə fikir ayrılığı yarandı

“Bizə ideya lazımdır” devizi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalına ssenari qəbulu başa çatıb. Lent.az-ın məlumatına görə, münsiflər heyətinin üzvü, Yeni Yazarlar və Sənətçilər qurumunun sədri yazıçı-kulturoloq Aydın Xan Əbilov və yazıçı Qaraqan təqdim edilən ssenarilər haqqında danışıblar. Hər iki yazar ekologiya probleminə həsr olunan festivalın keçirilməsini yüksək qiymətləndirsələr də, ssenarilər haqında fərqli fikirlər səsləndiriblər.



Yazar təqdim edilən ssenarilərin onu qane etmədiyini söyləyib: “Qiymətləndirmədə yaxşı və pis yazılar oldu, amma ümumilikdə nəticə məni qane etmədi. Sanki yazarlar məqsədli şəkildə, qalib gəlmək və mükafat qazanmaq xatirinə ssenari təqdim etmişdilər. Adama elə gəlirdi ki, onlar böyük bir festival üçün yox, sadəcə, 4-5 münsif üçün yazılar yazmışdılar. İki-üç, uzağı dörd balla qiymətləndirdim”.



Qaraqan onu qane etməyən səbəblərdən də danışıb: “Hər halda mövzuya fərqli baxışdan yanaşmaq olardı. Teatr intriqaları sevir, yazılarda ekoloji problemi intriqalarla çatdırmaq olardı. “Ekologiyanı zibilləmək olmaz. Bura zibil tökmək yaxşı deyil” - belə ümumi çağırışlarla teatra tamaşaçı cəlb etmək olmaz. Bu ssenarilər əsasında uzaqbaşı reklam rolikləri çəkmək olar. Bununla belə festivalın əhəmiyyətini yüksək qiymətləndirirəm. İnsanlarda aktivlik var, festivala yazılar təqdim edirlər. Hər halda, yazıları göndərməyə də bilərdilər. Sadəcə, bu işlə daha ciddi şəkildə məşğul olmaq lazım idi”.



O, bu cür zəif ssenarilərin teatrlara marağın az olmağından irəli gəldiyini deyib: “Azərbaycanda hamının kosmosa uçmaq həvəsi var, amma hamı uçmur ki. Bunun üçün şərait lazımdır. Toyxana, meyxana ilə müqayisə edəndə əlbəttə teatrlara maraq azdır. Tamaşaçı qlobal olmalıdır. Tamaşaçıda Avropa düşüncəsi formalaşmalıdır. Hesab edirəm ki, tamaşaçı bağça yaşlarından teatr tamaşalarıyla tərbiyə olunmalıdır”



Festivalın digər münsifi Aydın xan Əbilov əvvəlcədən festivala ciddi ssenarilərin gələcəyinə inanmadığını bildirib: “Özümə də maraqlı gəlirdi ki, görəsən gənclər ekoloji problemləri insanlara hansı formada çatdırmaq istəyirlər. Mənə aid olan ondan çox pyes, ssenarini oxuyandan sonra əmin oldum ki, yaşadığımız dünya və onun problemləri ilə bağlı yalnız yaşlı nəsil deyil, həm də gəncliyimiz maraqlanır, qayğılanır, eyni zamanda bu problemləri sənət diliylə geniş publikaya çatdırmaq istəyir”.



O, münsif kimi ssenariləri yüksək qiymətləndirdiyini deyib: “Əslində bütün əsərlər bu və digər dərəcədə məni təəccübləndirdi. Maraqlı gələn o idi ki, yeni nəsil yalnız həyatda gördüyü problemləri təsvir etməklə kifayətlənmir, həm də bu əsərlərdə fantastik bir baxış sərgiləmişdilər. Bir neçə əsər vardı ki, burda yazarlar müasir dövrün problemlərinin 20-30 ildən sonra həm ölkəmiz, həm də dünya üçün törədə biləcəyi fəsadları göstərməyə çalışmışdılar. Mən münsif olaraq əsərləri birdən beşə qədər balla qiymətləndirirdim. Deyim ki, üçdən aşağı bal olmadı. Çünki həqiqətən də əsərlər çox maraqlı idi”.



Kulturoloq teatr festivalının ekoloji problemlərə həsr olunmasını xüsusi qiymətləndirib: “İndiyə qədər bizdə müxtəlif fikirlər səsləndirilirdi: “Sənət sənət üçündür”, “Sənət yalnız yüksək ideyalar haqqında danışmalıdır”. Amma ətrafımızda o qədər problemlər var ki. Xüsusən də ekoloji problemlər var ki, bu problemlər bütün insanlara aiddir. Buna görə də ekoloji problemlərə həsr olunduğuna görə festivalın əhəmiyyətini xüsusi dəyərləndirirəm. Xarici ölkələrdə də bu formatda layihələr keçirilir. Düzdür, onlar daha innovativ, daha yeni formalar vasitəsilə çatdırmaq istəyirlər. Amma bizdə bu təşəbbüslər yeni-yeni formalaşır, teatr festivalı formasında xüsusən də gənclərə bu mövzunun çatdırılması maraqlı və yenilikçi bir addımdır”.



Qeyd edək ki, layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587

Oxşar yazılar