"O zamanlar çox əziyyətlər çəkdim, başıma çox oyunlar gəldi" - Şəmistan Əlizamanlı
12 oktyabr 2020 11:05 (UTC +04:00)

"O zamanlar çox əziyyətlər çəkdim, başıma çox oyunlar gəldi" - Şəmistan Əlizamanlı

Lent.az kulis.az-a istinadla məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə müsahibəni təqdim edir.

- Şəmistan müəllim, ixtisasca aktyor olduğunuzu, xeyli tamaşalarda baş rollar ifa etdiyinizi çox az adam bilir. Dəniz kapitanı arzusundan aktyorluğa, diktorluğa gedən yol necə başladı?

- Mənim aktyor sənəti müəllimlərim əməkdar incəsənət xadimləri Əşrəf Quliyev, Hüseyn Sultanov olublar. Mən 1981-85-ci illərdə oxumuşam. O zaman artıq teatr və kino sahəsi tənəzzülə doğru gedirdi. İncəsənət sahəsinə böyük həvəslə gəlsəm də istədiklərimi, arzu etdiklərimi görmədiyim üçün bu sənətdən uzaqlaşmağı qərara aldım. O vaxtı müəllimlərim çox istədilər ki, aktyor olum, amma uzaqlaşdım. Elə universitet illərindən, hazırlaşdığım tamaşalarda müəllimlərimin də dediyindən hiss etdim ki, mənim səsim mikrofona yatır. “Firuzə” radio teatrında hazırlanan bütün radio-tamaşalarda mən baş rolları ifa etdim. Ora məni rəhmətlik rejissor Tofiq İsmayılov dəvət etmişdi. Misal üçün o tamaşaların birində Rixard Zorge obrazını oynamışdım. Sonra gəlib radioda qulaq asanda inanmamışdım ki, bu səs mənimdir. O tamaşanı dinləyəndə elə bilirdim filminə baxıram. Həmin tamaşa o vaxtı qızıl fonda düşdü.

- Sonra diktorluq fəaliyyətinə başladınız. Və sizin səsinizi Rusiya diktorluq məktəbinin nəhəngi Yuri Levitanın səsi ilə müqayisə etdilər...

- Moskvada mənə deyirdilər ki, sənin səsin məxməri səsdir. İncəsənət Universitetini bitirəndən sonra Tofiq İsmayılov mənə yaxınlaşıb dedi, diktorluq sənətinin ardınca get, sən orda yüksələ bilərsən. Keçirilən diktorluq müsabiqəsində birinci seçildim, sonra məni Moskvaya ixtisasartırma kursuna yolladılar. Bizim qrupun rəhbəri isə Yuri Levitanın yaxın dostu İlya Prudovski idi. O, balacaboy, xırda adam idi. Amma o balaca cüssədən elə səs çıxırdı, adam dəhşətə gəlirdi. Onun səsi indi də qulağımdadır. Bir cümləni yeddi mənada çatdıra bilirdi. O, bir dəfə bir dərsi Levitana həsr etdi. Deyirdi, Levitan o vaxtlar radioda efirə çıxanda güzgüdə üst-başını səliqəyə salıb, saçını darayıb sonra çıxarmış. İlya müəllim bunu deyəndə, dedim, mən də həmişə belə edirdim. Bizim radioda dəhlizdə güzgü vardı. Həmişə mikrofon arxasına keçməzdən əvvəl orda güzgülənirdim. Mənə elə gəlirdi ki, xalq məni görür. Bu məsuliyyət hiss etmək və səfərbər olmaqdır. Levitan Böyük Vətən müharibəsinin ən ağır vaxtlarında da səsi ilə xalqı idarə edirdi. Onun mətnlərini təbii ki, tarixçilər, generallar hazırlayırdı. Ona görə hətta o vaxtı alman komandanlığı qərar vermişdi ki, Levitan öldürülsün. Onun yaşadığı binanı almanlar partlatdılar, ancaq o sağ qaldı. Bundan sonra müharibənin sonuna qədər yeri məlum olmayan bir bunkerdə saxlanıldı, orda yatıb durur, ordan efirə çıxır. İllərlə ailəsinin ondan xəbəri olmur, bircə anasına bir dəfə məktub yazır ki, ana, mən sağ-salamatam, qayıdacam.

Gallery

- Sizin səsiniz də Qarabağ müharibəsi ilə assosiasiya olunur...

- Mənə elə gəlir, bunlar hamısı təsadüf nəticəsində olub, amma ucqar bir kənddən çıxıb, aşırımlar aşıb şəhərə gəlmək, bu yerlərə çatmaq həm də zərurətdən yaranıb. Elə oldu ki, diktor kimi fəaliyyətə başladım, lakin sonradan Müdafiə Nazirliyindən diktor tələb olundu və məni məsləhət gördülər. Açığı, getmək fikrim yox idi. Çünki mənə yad bir sahə idi. İnanmırdım ki, məndə alınar. Amma getdim Müdafiə Nazirliyinə, adımı yazdılar, hərbi paltar verdilər. Operator Nizami Abbas məni çəkdi. Onunla Seyidağa Mövsümlü artıq cəbhədə idilər. Beləliklə, 1992-ci il iyunun 7-dən hərbi diktor kimi efirə çıxdım. O zaman düşündüm ki, ilk növbədə arxa cəbhə ilə ön cəbhə arasında kontakt yaratmalıyam, hərbi fon yaratmaq üçün xalqı cəlb etməliyəm. Müharibə bütün evlərdə hiss olunmalıdır. Sonralar hiss etdim ki, səsim yavaş-yavaş hərbiləşir. Adam bir mətni çox oxuyanda, səs də həmin mətnə uyğunlaşır. Həm də axı mən bu ölkənin vətəndaşıyam və mənim ölkəmdə müharibə gedir. Mətni oxuyarkən, nəql etdiyin hadisəni həm də yaşamalısan.

- İndi necədir vəziyyət, cənab leytenant sizə hay verir?

- Əlbəttə. Ancaq xalq bilmir ki, mən o zamanlar çox əziyyətlər çəkdim, başıma çox oyunlar gəldi. Məni efirdən uzaqlaşdırıb, Qubadlıya sürgün elədilər. Mənim haqqımda 90-cı illərdə “Diqqət, diqqət” adlı kitab çıxıb, orda hamısı var. O vaxt mənim bir günüm də rahat keçməyib.

Gallery

- Səbəb nə idi?

- Mənə təxribat xarakterli mətnlər verirdilər, mən isə oxumaqdan imtina edirdim. O vaxtı televiziya rəhbərliyinin yanına gəldim, vəziyyəti ona nəql etdim. Həmin mətnlərin başqaları tərəfindən oxunmasına da mane olurdum. Həm də bu haqda mətbuata da xəbər sızdırmışdım. Bundan sonra məni efirdən uzaqlaşdırdılar. Qubadlıya yolladılar.

- Əliyar Əliyev o zaman sağ idi?

- Yox. Əliyar artıq şəhid olmuşdu. Əliyar bir əfsanə idi. O, mənimlə görüşməyi arzulayırdı. Nazirlikdən bizim əməkdaşlarımız onun yanına gedəndə onlara demişdi ki, mənimlə görüşmək istəyir.

- Bildiyim qədər, saizin ilk dəfə musiqi ifa etməyinizə Milli Qəhrəman Yusif Mirzəyev səbəb olub...

 

- Çıldıran ətrafında gedən döyüşlərdə mənim yanımda mərmi partlamışdı. Bu partlayış əsəblərimə toxunmuş, ürəyimə pis təsir etmişdi. Yusifi də xalq hərəkatı zamanı bərk döymüşdülər. Onun böyrəkləri sıradan çıxmaq üzrəydi. Biz onu birtəhər dilə tutub Qədirli adına xəstəxanaya gətirdik. Mən özüm də orada müalicə olunurdum. Şahin Musaoğlu da oranın həkimi idi. O, bir dəfə bizim yanımıza gələndə dedi, “İgid əsgər” adlı mahnı yazmışam. Başladı bu mahnını zümzümə etməyə. İlk baxışda mahnı mənim xoşuma gəlmədi, amma Yusifin çox xoşuna gəldi. Dedi, nə gözəl mahnıdır. Hətta onda Şahin Musaoğluna zarafatla dedim ki, get, həkimliyini elə. O da deyəsən inciyib getdi. Bəlkə də mənə Yusifin səsi ilə xoş gəlməmişdi. Nə bilim? Amma Yusifin musiqi duyumu vardı. Uşaq vaxtı dərnəklərə getmiş, mahnılar ifa etmişdi. Sonra gördüm, Şahinlə Yusif bu mahnını məşq edirlər. Şahin oxuyur, Yusif də otaq boyu addımlayırdı. Mən də onlara baxıb gülürdüm. Bir dəfə Yusifə təklikdə dedim ki, doğurdan bu mahnıdan xoşun gəlir? Dedi, hə vallah, çox qəşəng mahnıdır. Ona dedim, madam sənin belə xoşuna gəlib, bunu özüm ifa edəcəm, Milli Qəhrəman adını alanda da bu mahnını sənə ithaf edəcəm. O vaxt Yusif bu ada təqdim olunmuşdu.

- Neçənci il idi?

- 1992-ci ilin noyabrı. Mən ona deyəndə ki, mahnını oxuyub ona ithaf edəcəm, əl tutuşduq. Biz Yusiflə çox yaxın dost idik. Mühasirədən çıxanda bizi Yusif qarşılamışdı, ilk dəfə onda görmüşdüm onu. Və mənə elə gəlmişdi ki, bu qarabuğdayı, şirin oğlanı elə uşaqlıqdan tanıyıram. Yusifi sevməmək mümkün deyildi. Allah ona ən gözəl insani keyfiyyətləri vermişdi. Həddindən artıq istiqanlı, abırlı, vətənpərvər və qorxmaz idi. O, arxa cəbhə üzrə komandir müavini işləyirdi. Qanunla 70 kilometr arxada olmalı idi, amma əlində avtomat döyüşüb şəhid oldu. Çox həssas, qeyri-adi adam idi. Biz onunla ay yarım xəstəxanada bir otaqda qaldıq. Xəstəxanadan çıxandan sonra mən Qubadlıya getdim, Yusifsə Ağdərəyə. İki dəfə yanıma gəldi, dedi, necə oldu o mahnının taleyi? Bir dəfə Yusif mənə dedi ki, dağın başındakı əsgərlərə yeməkləri uzunqulaqla özü aparıb təhvil verir. Mən zarafatla dedim, hə, bu mahnını oxuyacam, klip də çəkəcəm, sən də klipdə uzunqulaqla yemək apara-apara bu mahnını oxuyacaqsan. Mən, təbii ki, zarafat edirdim, o isə bundan incidi. Durdu qaçdı, dedi, yekə oğlansan, mənimlə məzələnirsən. Onun ardınca düşüb könlünü aldım, dedim, zarafat edirəm. Bu söhbətin üstündən bir neçə gün keçəndən sonra Yusif şəhid oldu. Bu, mənim üçün çox böyük itki idi.

Gallery

Şahin müəllimlə getdik, səsyazma studiyasına mahnını oxuyub lentə yazdırdıq. Çox qısa zamanda Azərbaycanın dörd tərəfinə yayıldı. O vaxtlar belə mahnılar yox idi, dinləyiciyə hava, su kimi lazım idi.

- Sənət pafosu qəbul etmir. Amma bu cür mahnılarda daxili pafos, həyəcan mütləq olmalıdır. Sizin səsinizdəki kimi...

- Bilirsiniz, təvazökarlıqdan uzaq olsa da deyim, xalq məni ona görə yaddaşında saxladı ki, oxuduğum mətnlə, xalqın dərdi ilə yaşayırdım. Şahin bu mahnıları sürətli ritmlə yazmışdı. Mən o ritmlə oxuyanda gördüm, sürətli ifa mənim səs ahəngimlə alınmır, səsimin şirinliyi itir. Bax o dediyiniz daxili pafos, səsimin ağırlığı məni məcbur elədi ki, tempi azaldım. Ona görə də bu mahnılar belə uğurlu alındı. Siyavuş Kərimi mənə deyirdi ki, sən çox hündürdən oxuma. Sənin səsin sinə səsidir. Mən özüm də hiss edirəm ki, mənim səsim gitara mahnılarında daha gözəldir. Həm də əsgər mahnıları belədir. Əgər əsgərin, xalqın qəlbinə girmək istəyirsənsə, onunla danışmalısan. Mahnılar insanları düşündürməli, onu oyatmalıdır.

- Bu baxımdan yaşantılarınız, cəbhədə gördükləriniz ifa etdiyiniz mahnılara nə qədər təsir göstərirdi?

- Yaxşı sual verdiniz. Mənim cəbhədə gördüklərim, yaşadıqlarım hamısı səsimə hopmuşdu. Müharibənin içində olmaq, həqiqətən də barıt qoxusunu udmaq insanın varlığına hopur və mütləq özünü büruzə verir. Mənə elə gəlir, müharibənin içində olmasaydım, oxuduğum mahnılar bu qədər təsirli alınmazdı. Özüm də xasiyyətcə ədalətsizliyə dözümsüz adamam, həmişə haqqın qalib gəlməsini istəmişəm. Bununla yanaşı həm də çox kövrək adamam.

- Yusif Mirzəyevdən başqa cəbhədə kimlərlə dostluğunuz olmuşdu?

- Çoxları ilə. Amma Əliyar Əliyevi tanımağı çox istəyirdim. Ona görə ki, o, bir əfsanə idi. Əliyar əlində pulemyot düşmən üstünə ayaq üstə gedirdi. Erməni onu görüb qorxusundan silahı atıb qaçırdı. Elə bilirdi üstünə robot gəlir. Belə şeylər ancaq filmlərdə olur. Həmişə istəmişəm Əliyar Əliyev, Şirin Mirzəyev, Vəzir Orucov, Allahverdi Bağırov haqqında bədii filmlər çəkilsin. Bizdə belə filmlər çəkilmir. Xalq Əliyarın qarşısını kəsirdi, ona deyirdilər, bizi niyə təhqir edirsən, döyüşə ancaq öz dostlarını, qohumlarını, tələbələrini aparırsan. O da deyirdi, özümünkülər şəhid olsa, bilərəm özümünküdür, amma başqasınınkı şəhid olsa, mən onların gözünə baxa bilmərəm. Əliyar kimi adamlar necə sağ qala bilərdi axı. Vəzir başqa cür adam idi. Nevzorov onu dünyanın ən cəsur əsgəri adlandırmışdı. Onun bir şəkli var, üstündəki silahın ucu yerə dəyir. Onu necə daşıyırdı, necə aparırdı, hələ də təəccüb içindəyəm. Pələng kimi adam idi. Mübariz İbrahimov başqa bir tarix idi. O, xalqın bağrından qopan etiraz, düşmənə nifrət, vətənə sevgi idi. Hərdən onları düşünəndə dəhşətə gəlirəm ki, ilahi, bu xalq nələr yetişdirib.

Gallery

- Hansısa xəbəri oxuyub kövrəldiyiniz olub?

- Konkret yadıma düşmür, amma əlbəttə, olub. Çünki mən də bu xalqın övladıyam. Vətən, vətənin dərdi mənimdir, bizimdir. Mənə verilən mətnlər quru, rəsmi mətnlər idi. Mən hamısının üstündə əl gəzdirib, onlara nəfəs verirdim, xalq dilinə yaxınlaşdırırdım. Görürdüm, nə isə uyğunsuzluq var, bir az yumşaldırdım, kədəri azaldıb, nikbinliyi çoxaldırdım.

- Müharibə haqqında xatirələrinizi yazmaq, kitaba çevirmək istəyərsiniz?

- Mənə bu haqda dostlarım da çox deyirlər. İnşallah müharibə qələbə ilə başa çatsın, oturub sizə danışdıqlarımı dostlarıma danışım, görək kitab halına sala bilərikmi. Qəhrəmanlarımız, cəbhədə baş verənlər haqqında yazmaq istərdim.

- İndi nə hisslər keçirirsiniz?

- Mən həmişə düşünürdüm ki, ordumuzu torpaqlarımızı qaytaracaq. Biz müharibə istəmirdik, amma məqam indi yetişibmiş. Bayaq Yusifin, Əliyarın, Vəzirin və başqalarının adlarını çəkdik, onları yetişdirən xalq necə olmalı idi? O xalq yenə daxilindən yeni qəhrəmanlar çıxaracaq. Mən sevinirəm ki, bizim xalq özünü göstərdi. Bu gün bütün dünya bizdən yazır, bizdən danışır. Bizi qəhrəman xalq kimi təqdim edirlər. Bugünkü qələbələrimiz bizi bütün qələbələrə aparacaq. Xalqımız dünyaya sübut etdi ki, qəhrəman xalqdır. İnanın, mən bu günə qədər ürəkdən gülə bilmirdim. Torpaqlarımızın işğalı sinəmdən bir daş kimi asılmışdı. Şükür ki, torpaqlarımız işğaldan azad olunur. Sizi inandırım, cəbhəyə getmək üçün bu dəqiqə qırğındır. Heç kim növbə gözləmək istəmir.

- Şəmistan müəllim, Şuşanın alınma xəbərini başqası elan etsə, inciyərsiniz?

- Yox. Qətiyyən. Kim elan edir, etsin. Təki, azad olunsun Şuşa. Mən artıq öz işimi görmüşəm. Ölməz mahnılarım artıq insanların könlünə yazılıb. Şuşa azad olunsun, mən də sevincdən ağlayım, dostlarımı qucaqlayıb təbrik edim. Başqa heç nə istəmirəm.

Foto: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1888
avatar

Oxşar yazılar