Hələ 1911-ci ildə geoloq Tomas Qriffit Taylor Antarktidadakı buzlaqlardan birinin ətəyində qeyri-adi mənzərəli, parlaq çalarlı qırmızı şəlalə aşkar etmişdi. Və əvvəlcə bu rəngin sularında olan yosunlardan qaynaqlandığına inanılırdı. Amma indi tədqiqatçılar Antarktidadakı bu “qanlı” şəlalənin sirrini açıblar.
Lent.az xəbər verir ki, təxminən yarım əsrdən sonra parlaq rəngin dəmir duzlarından qaynaqlandığı sübut edilib. Və bu yaxınlarda, yeni bir araşdırmada elm adamları bu fenomen haqqında daha maraqlı faktları üzə çıxardıblar.
Mütəxəssislər bildiriblər ki, su əvvəlcə şəffaf rəngə malik olur, lakin buzun altından çıxdıqdan dərhal sonra parlaq qırmızı rəngə çevrilir. Çünki dəmir havada oksidləşir və orada qeyri-adi formada olur. Alimlərin fikrincə, o, insanın qırmızı qan hüceyrələrindən 100 dəfə kiçik olan nanosferlər formasını alır. Bu nanosferlər dəmirlə, eləcə də kalsium, alüminium, natriumla zəngindir və bütün bu elementlər fərqlidir. Mineral olmaq üçün atomlar xüsusi bir kristal quruluşda təşkil edilməlidir və bu nanosferlər kristal deyil, buna görə də bərk cisimləri öyrənmək üçün əvvəllər istifadə edilən üsullar onları aşkar etməyib.
Tədqiqatçılar onu da vurğulayıblar ki, bir neçə il əvvəl onlar suyun mənbəyinə, çox duzlu, yüksək təzyiq altında olan, işıqsız və oksigensiz gölə qayıdıblar. Orada belə əlverişsiz şəraitdə milyonlarla ildir xarici aləmdən təcrid olunmuş mikrob ekosistemini kəşf ediblər.