LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 28-Cİ YAZINI TƏQDİM EDİR.
Tarix: 01 avqust 1990
Bu qəza o zaman sovet aviasiyasında hökm sürən hərc-mərcliyi də ortaya qoydu.
Lent.az Aeroflotun Ermənistan SSR bölməsinə məxsus “Yak-40” təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırıb.
Bəli, qəzanın kökündə sırf erməni pilotun tamahı və yerüstü idarəetmənin səhlənkarlığı dayanır. Hər nə qədər Azərbaycan ərazisində baş versə də.
Arxiv materiallarında qeyd olunur ki, “Yak-40” təyyarəsi saat 09.40-da İrəvanın Erebuni aeroportundan havaya qalxır. Gəmi komandiri Dəlləkyan rüşvət müqabilində 30 biletli sərnişindən əlavə salona 13 biletsiz sərnişinin də girməsinə icazə vermişdi. Halbuki təyyarədə sərnişinlərin ayaq üstə daşınması hər zaman qadağan edilib.
İfrat yüklənmiş təyyarənin lazımi yüksəklik yığa bilmədiyini görən gəmi komandiri Andranik məntəqəsinin dispetçerindən 4500 metr yüksəklikdə uçmağı xahiş edir. Halbuki sözügedən marşrut Laçın rayonundakı yüksək dağlıq ərazidən keçir və sovet standartına görə eşelon 5100 – 6500 metr müəyyən edilib. Minimal təhlükəsiz hündürlük 4516 metrdir. Nəzərə alaq ki, Ömər aşırımı 3200 metrdən də yüksəkdədir və hələ ən yüksək nöqtə deyil.
Dispetçer kursdan 20 km yayınmağa icazə versə də, sonradan Əzizbəyov (indiki Vayk) məntəqəsi ilə əlaqə zamanı məlum olur ki, təyyarə real olaraq marşrutdan 35 km kənara çıxıb. Təyyarə 4 dəfə sola dönüş edib. Xankəndi aerodromu ilə əlaqə yaradılan vaxt yayınma 24 km idi.
Saat 09.59-da Qafandakı dispetçer təyyarəni 4500 metrdən aşağı endirməməyə göstəriş verir. Artıq Laçın dəhlizi üzərində olan təyyarənin heyəti dispetçerin dediklərinə çox da əhəmiyyət vermir. Onlar təyyarənin dəqiq koordinatını da təyin etməyə çətinlik çəkirlər. Həmin gün Laçının dağlarını örtən duman və bulud 10 ballıq şkala həddində idi. 3 616 metrlik yüksəkliyi görən pilot onu 2 823 metrlik zirvə ilə səhv salır və 10.03-də enişə başladığı barədə məlumat verir. Dispetçer 3900 metrədək enməyə icazə versə də, pilotlar təhlükəsiz zonanı keçmədən enməyə başlayır və Qafandakı dispetçerlə əlaqə qurmur.
Xankəndindəki dispetçerə real yüksəklik barədə yalan məlumat verən gəmi komandiri rabitənin təmin olunmasını xahiş edir. Xankəndi ilə əlaqə qurulduqdan sonra Qafqandakı mərkəz təyyarənin izlənməsini dayandırır.
Pilot yenidən aşağı enmək üçün icazə istəyir. Heç bir radiolokatorun olmamasına rəğmən Xankəndindəki dispetçer 2500 metrədək alçalmağa icazə verir.
Nəhayət, saat 10.09.57-də hava gəmisi 2853 metrlik zirvə ilə 2520 metr hündürlükdə toqquşaraq parça-parça olur. Hadisə Xankəndindən 22 km qərbdə baş verir (39°41’ Ş.e, 46°32’ Şərq uz.). 43 sərnişin və 3 heyət üzvü arasında sağ qalan olmur. Bu, həmin tarixədək “Yak-40” təyyarələrinin ən böyük qəzası idi. Bu antirekordu 1993-cü ildə Tacikistan Hava Yollarının təyyarəsi yenilədi.
Komissiyasının rəyinə görə, qəzaya gəmi komandirinin rüşvət müqabilində əlavə sərnişin və yük götürməsi səbəb olub.
Bu hadisə həm də Ermənistan SSR-in aviasiya sahəsində adi hal almış başıpozuqluq və intizamsızlığı aşkara çıxardı.