Əməkdar artist Lalə Məmmədova həmkarı Aygün Bəylərin söylədiyi “Ailə qurmağa hazırlaşmaq xəbərimi yalandan özüm mətbuata yaydım” sözlərinə iradını bildirib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə açıqlama verən müğənni bildirib ki, həmkarı insanları aldatmaqla onların etibarını itirib:
“Məni təqdim edəndə dedim ki, bu təqdimat mənə məsuliyyət verir. Özü haqqında yalan məlumatlar yayanlar yəqin bu məsuliyyəti dərk etmirlər. Hiss etmirlər ki, xalqın onlara nə qədər etibarı, inamı var. Bu inamı itirmək olmaz. Aygünün axı bu reklama ehtiyacı yox idi. Düzdü, bu, maraqlı oldu, istəyərdim ki, ailə qursun. Niyə də yox? Hər bir qadın xoşbəxt olmağa layiqdir. Mənə elə gəlir ki, bu reklamı sona qədər davam etdirmək və sonunu yaxşı tamamlamaq lazım idi. Amma insanları aldatmaq olmaz. Dünya ulduzları arasında da belə “piar” var. Onun bu addımını dəstəkləmirəm”.
L.Məmmədova müğənni Mirkamil Kamilovun da reklam üçün yalandan ailə qurduğunu deməsinə münasibət bildirib: “Mirkamili haradasa anlayıram ki, gəncdir. Bilmir necə reklam olunsun. Amma ona da haqq qazandırmıram. Deyir ki, bu xəbərdən valideynləri də narahat olub. Valideyn də səni böyüdüb, başa çatdırıb. İstəyir ki, sənin toyunu görsün. Hisslərlə oynamaq olmaz".