Türkiyədə küçədə qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsi, Gülbaxçası məhəlləsində qeydə alınıb.
24 yaşlı Fərdi Şənol küçədə ədavətli olduğu qonşuları 63 yaşlı Abidin və onun 39 yaşlı oğlu Saleh Taktaşla qarşılaşıb. Bu zaman tərəflər arasında dava yaranıb. Saleh əvvəlcə Fərdini döyüb. Bundan sonra Fərdi evə qaçıb və xilasedicilərə zəng edərək kömək istəyib. Sonra isə evdən tapança götürərək yenidən dava yerinə qayıdıb. O, odlu silahdan atəş açaraq, ata və oğulu, eləcə də onları ayırmaq istəyən iki nəfəri güllələyib.
Gələn həkimlər yaralıları xəstəxanaya aparıblar. Sinəsindən güllə yarası alan Abidin Taktaşı xilas etmək mümkün olmayıb. Başından yaralanan oğlu və digər iki nəfər isə əməliyyat olunub.
Fərdi Şənol polis tərəfindən saxlanılıb. Onun sözlərinə görə, davaya onun barəsində məhəllədə yayılan şayiələr səbəb olub.
Araşdırma aparılır.