MSŞT Koalisiyasının koordinatoru Zöhrab İsmayıl: “Cari fəaliyyəti həyata keçirmək üçün maliyyə çətinlikləri yaranıb”
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri üzrə QHT koalisiyası Azərbaycanda neft-qaz və başqa təbii ehtiyatların hasilatı sahəsində ictimai nəzarəti həyata keçirir, həmçinin MSŞT prosesinin 3 əsas iştirakçısından (hökumət, şirkətlər və Vətəndaş Cəmiyyəti) biridir. Azərbaycan MSŞT prosesinə ilk qoşulan ölkələrdən biri olsa da bu gün prosesdə bir qədər geridə qalır”.
Bunu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni seçilmiş koordinatoru Zöhrab İsmayıl qarşıdakı mərhələdə Koalisiyanın diqqət yetirəcəyi istiqamətlər barədə danışarkən deyib.
Bir çox ölkələrin MSŞT üzrə qanunvericilik sənədlərini qəbul etdiyini, şirkətlər üzrə ayrılmış hesabatlar açıqlandığını qeyd edən Z.İsmayıl hesab edir ki, Azərbaycanda da MSŞT üzrə keyfiyyət dəyişikliyi baş verməlidir: “Artıq qlobal MSŞT yeni standartlara keçmək, daha doğrusu standartları yüksəltmək ərəfəsindədir. Bizim də koalisiya olaraq əsas hədəfimiz MSŞT üzrə yeni standartları Azərbaycanda tətbiqinə nail olmaqdır. Çoxtərəfli Qrupun yaradılmasını və fəaliyyətə başlamasını, hesabatların strukturunda müəyyən dəyişikləri çıxmaq şərtilə hələlik biz mühüm bir irəliləyişə nail olduğumuzu iddia edə bilmərik. Beləliklə də, hazırda Koalisiyamızın qarşısında duran əsas hədəflərdən biri kimi Azərbaycanda MSŞT standartlarının yüksəldilməsini, şirkətlər üzrə ayrılmış hesabatların verilməsinə , hesabatların ictimaiyyət üçün anlaşılan olması üçün onun izahatlarının hazırlanmasına nail olmağı görürəm. Başqa bir istiqamət isə MSŞT üzrə Çoxtərəfli Qrupun fəaliyyətinin gücləndirilməsi ola bilər. Biz öz tərəfimizdən buna çalışacağıq. Üçüncü bir istiqamət hasilatın pay bölgüsü sazişlərinin ictimaiyyət üçün əlçatan olmasıdır. Bu gün çox sayda HPBS-lər internet resurslarında yerləşdirilib. Kontraktlar açıq olmalıdır. Dördüncü bir istiqamət isə Azərbaycanın milli neft-qaz şirkəti olan ARDNŞ-nin şəffaflığına və hesabatlılığına nail olmaqdır. Düzdür, hazırda ARDNŞ Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun icmal hesabatlar açıqlayır. Amma onun qurumları o cümlədən mədən sənayesinin əsas iştirakçılarından biri olan Azneft İB belə bir hesabat açıqlamır. Halbuki, bu, normativ-hüquqi aktlarda təsbit olunub. Həmçinin biz ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin MHBS-ə uyğun hesabat açıqlamasında maraqlıyıq. Çünki bu qurum neftin satışı ilə məşğuldur və tranzit məsələsi də MSŞT-nin predmetidir”.
Şura koordinatoru MSŞT Koalisiyasının problemlərindən də danışıb. MSŞT üzrə QHT Koalisiyasının Azərbaycanda ən böyük Vətəndaş Cəmiyyəti birliyi olduğunu deyən Z.İsmayıl burada təxminən 150 QHT-nin cəmləşdiyini önə çəkib: “Koalisiyanın strukturları var və burada qərarlar kollegial qəbul olunur. Eyni zamanda, Koalisiyanın seçdiyi 4 nəfər ÇTQ-də təmsil olunur və orada əsas rol oynayırlar. Bununla belə, koalisiya bu gün əsas hədəfinə - mədən sənayesində şəffaflığa tam nail ola bilməyib. Hələ ki, Koalisiyanın ekspert qrupları, bilik və bacarıqların artırılması üçün təlim resursları yoxdur. Düşünürəm ki, qarşıdakı mərhələdə bu məsələlərin həllinə nail ola biləcəyik. Hazirda isə cari fəaliyyəti həyata keçirmək üçün maliyyə çətinlikləri yaranıb. Həmçinin koalisiyanın ekspertləri bugünkü fəaliyyətdən bir qədər kənardadırlar. Mən düşünürəm ki, biz ilk növbədə koalisiyanı gücləndirməliyik, burada da kəmiyyətə yox, keyfiyyətə üstünlük verməliyik. Bilirsiz ki, hazırda ABŞ Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə Xəzər Universitetində "Avrasiya HUB" regional təlim mərkəzi fəaliyyət göstərir. Koalisiya HUB-la yaxından əməkdaşlıq edə bilər. Koalisiyanın güclənməsi üçün bu təlimlərdən faydalana bilərik. İkincisi, ekspertlərin fəaliyyətə cəlb edilməsi bizim hesabat və nəşrlərimizi, vəkillik fəaliyyətimizi daha güclü və təsirli edə bilər. Həmçinin biz ÇTQ-dakı nümayəndələrimizlə sıx işləməliyik. Düzdür, indi onlardan 3 nəfəri şura üzvləridir, amma yenə də fəaliyyətimizi yaxından əlaqələndirməliyik. Koalisiyanın internet saytı da güclənməlidir, bu bizim sifətimizdir. Həmçinin indi sosial şəbəkələrin, xüsusilə də facebook, twitter və youtube vasitəsilə məlumat və görüntülərin daha geniş yayılmasına nail ola bilərik”.
Koalisiyanın maliyyə problemlərinə gəldikdə, Z.İsmayıl bunun müvəqqəti olduğunu düşünür: “Bu problemin həlli bizim fəaliyyətimizdən və fəallığımızdan asılıdır. MSŞT ilə bağlı maraqlı olan xeyli sayda donorlar və tərəfdaşlarımız var. İnanıram ki, biz Koalisiyanın maliyyə problemlərini aradan qaldırmağa müvəffəq ola biləcəyik”.