Ötən il ərzində Azərbaycan iqtisadiyyatı 2011-ci ilə nisbətən 2,2% artıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb: «2011-ci ildən başlayaraq ötən ildə də ÜDM-in artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2% olub. Qeyri-neft sektoru üzrə artım 9,7% təşkil etməklə, ÜDM-də payı artaraq 52,7%-ə çatıb».
Ş.Mustafayevin sözlərinə görə, hesabat ilində informasiya və rabitə xidmətləri 15,9%, nəqliyyatda yük daşımaları 3,5%, o cümlədən qeyri-neft yük daşımaları 7,5%, pərakəndə ticarət dövriyyəsi 9,6% artıb. İllik inflyasiya səviyyəsi 1,1% təşkil edib.
«Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracı 11,2% artıb, strateji valyuta ehtiyatları 46 mlrd. dollar olub. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur», - deyə nazir bildirib.
Ş.Mustafayev onu da əlavə edib ki, icmal büdcənin gəlirləri 22,1 mlrd. manat və ya 101%, xərcləri isə 19,6 mlrd. manat və ya 93,9% icra olunmaqla, 2,4 mlrd. manatdan çox profisit yaranıb: «Dövlət büdcəsinin gəlirləri 17,3 mlrd. manat və ya 101,4% icra olunub, bu da əvvəlki illə müqayisədə 10,1% çox, xərcləri isə 17 mlrd. manat və ya 96,2% icra edilsə də, əvvəlki illə müqayisədə 10,4% çox olub».
Nazir bildirib ki, ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 2012-ci ildə 22,1 mlrd. dollar təşkil edib, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyaların payına düşüb.
Nazir qeyd edib ki, 2012-ci ildə ölkənin qeyri-neft sənayesində 7,8%-lik artıma nail olunub: «Ötən il ərzində Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-ə yaxın sənaye müəssisəsinin istifadəyə verilməsi, 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Növbəti illərdə də sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək».
Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir.
Ş.Mustafayevin sözlərinə görə, artıq yaradılmasına başlanılmış Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar Parkları müasir texnologiyalardan istifadə etməklə rəqabət qabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının artırılması, iş yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Parkların yaradılması istiqamətində zəruri təşkilati işlər, normativ-hüquqi bazanın hazırlanması və digər tədbirlər həyata keçirilir.
Nazir onu da əlavə edib ki, hesabat ilində ölkədə elektrik enerjisi istehsalı 6,9% artıb, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılıb, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində «Azgüntex» günəş panelləri zavodu, «Fizuli» və «Qusar-1» su elektrik stansiyaları istifadəyə verilib.