Mərkəzi Bank: Gələn il Azərbaycanda inflyasiya 5-6 faiz olacaq
27 dekabr 2012 11:29 (UTC +04:00)

Mərkəzi Bank: Gələn il Azərbaycanda inflyasiya 5-6 faiz olacaq

Məzənnə siyasəti manatın ABŞ dollarına qarşı məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcək

 

Mərkəzi Bank 2013-cü il üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini açıqlayıb.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, 2013-cü ildə xarici tələbin və əsas ixrac əmtəələrinin dünya qiymətlərinin ölkənin tədiyyə balansına müsbət təsir edəcəyi proqnozlaşdırılır.

 

Eyni zamanda qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Bu amillər 2013-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 15-18 faizi səviyyəsində profisitin olacağını gözləməyə əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait yaradır.  Bütün bunlar son nəticədə növbəti ildə də ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyyə balansının proqnozlaşdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental makroiqtisadi amil olacaq. Rəsmi proqnozlara görə 2013-cü ildə ölkədə iqtisadi artımın 5.3%, o cümlədən qeyri-neft sektorunda 11.7% olacağı gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ildə ölkədə iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də əsasən daxili tələbdən təsirlənəcəyi gözlənilir.

 

Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxili və xarici mənbələri arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” bütün bu prioritetləri əhatə edir. Bu strateji prioritetlərin həyata keçirilməsinin təməl şərtlərindən biri makroiqtisadi sabitlikdir. Belə ki, daxili inflyasiya tempinin tərəfdaş ölkələrdəki orta çəkili inflyasiya tempinə nəzərən aşağı olması ixrac bazarlarında qeyri-neft məhsullarının qiymət üstünlüyünü təmin edir. Bu baxımdan tədiyə balansının profisiti şəraitində inflyasiyaya təsir etmək üçün pul kütləsinin artım templərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda manatın məzənnəsi də ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir. Bütövlükdə, 2013-ci ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər manevr imkanlarına və adekvat strategiyaya malikdir.

 

Mərkəzi Bank 2013-cü ildə pul siyasətinin həyata keçirilməsi prinsiplərinin irsiliyini saxlayacaq, pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, makroiqtisadi sabitliyin idarə olunması potensialını gücləndirəcək. 2013-cü ildə pul siyasətinin əsas hədəfini inflyasiyanın 5-6% səviyyəsində təmin olunması təşkil edəcək. Bunun üçün Mərkəzi Bank klassik tənzimləmə alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaq. Eyni zamanda uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə saxlanacaq. Bu şərtlər sırasında çevik məzənnə rejimi xüsusi əhəmiyyət kəsb edir. Çevik məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar nəzarəti təmin edir. İqtisadiyyatın və ixracın  şaxələnməsi, fiskal dayanıqlığın daha da güclənməsi, maliyyə bazarının inkişafı və faiz dərəcəsinin inflyasiya üzərində əsas təsir vasitəsinə çevrilməsi bu rejimə keçid üçün xüsusi əhəmiyyət kəsb edir.

Gələn ildə də məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcək. Tədiyyə balansının cari əməliyyatlar hesabında gözlənilən profisit növbəti ildə də manatın dollara qarşı məzənnəsinə təsir edən başlıca amil olacaq. Manatın digər valyutalara qarşı məzənnəsinin dəyişimi isə qlobal valyuta bazarındakı proseslərdən asılı olacaq. Bu şəraitdə iqtisadi subyektlər tərəfindən məzənnə risklərinin daha effektiv idarə edilməsinin əhəmiyyəti artır. Məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyi hədəfləri və qeyri-neft ixracının rəqabət qabiliyyətinin qorunması vəzifəsi nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Ümumən, manatın məzənnəsinin fundamental sabitliyi makroiqtisadi və maliyyə sabitliyinin əsas amillərindən biridir.  Mərkəzi Bank özünün pul proqramında birbaşa və dolayı monetar alətlər vasitəsilə pul kütləsinin artım tempinin inflyasiya hədəfinə adekvat olan səviyyədə tənzimlənməsini nəzərdə tutur. Pul siyasəti alətlərinin parametrləri, o cümlədən faiz dəhlizi və məcburi ehtiyat normaları iqtisadi fəallıq tsiklindən, maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcəkdir. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi səmərəsinin yüksəlməsinə şərait yaratmaq üçün qarşıdakı ildə də Mərkəzi Bank maliyyə bazarlarının inkişafını dəstəkləməkdə davam edəcəkdir.

 

# 1054
avatar

Oxşar yazılar