Dəmir yolunun süni qurğuları təmir olunur
21 dekabr 2012 10:41 (UTC +04:00)

Dəmir yolunun süni qurğuları təmir olunur

Tərtərçay üzərindəki körpünün sutənzimləyici qurğuları, Vəlvələçay üzərində yerləşən dəmir-beton körpü istifadəyə verilib

 

Yevlax-Bərdə mənzilinin 31-ci km-də Tərtərçay üzərindəki körpünün sutənzimləyici qurğuları istifadəyə verilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, qatarların hərəkətin ahəngdarlığının təmin olunmasında əsas amillərdən bir süni qurğuların işlək vəziyyətdə olmasıdır.

 

Tədbirdə iştirak edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev bildirib ki, uzunluğu 127,11 metr olan 5 aşırımlı dəmir-beton körpü 1961-ci ildə istismara verilib, aşırım qurğularının uzunluğu 23,6 metrdir. Konstruksiyalı dəmir betondan, dayaqlar isə buto-betondandır. Körpüdə 6 dayaq var. Körpünün orta dayaqlarının yuyulma təhlükəsi yarandığı üçün sel sularının ötürülməsi məqsədilə sutənzimləyici qurğularının tikintisi tələb olunub. Bu məqsədlə 13 saylı Körpü Təmir Qatarının kollektivinin zəhməti ilə çayın yatağında körpünün çıxış hissəsində 5 baraj divarı tikilib, sağ və sol sahildə su istiqamətləndirici divarlar əsaslı təmir olunub. 

 

Tədbirdə İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, 13 №-li Körpü Təmir Qatarının rəisi Elxan Cabbarov, iş icraçısı Cəmil Kazımov, İD-nin 4 nömrəli müəssisəsinin rəisi Ceyhun Kərimxanov, rəis müavini Saleh Məmmədov, Yevlax yol sahəsinin rəisi Zöhrab Əliyev iştirak ediblər.

 

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına maliyyələşən layihələrin icrası da davam edir. Dekabrın 20-də əsaslı təmirdən sonra Çarxı-Sarvan mənzilinin 2508-ci km-də Vəlvələçay üzərində yerləşən dəmir-beton körpü istifadəyə verilib. Tədbirdə iştirak edən “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev bildirib ki, ümumi uzunluğu 79,2m olan bu körpü 1953-cü ildə inşa edilib. İlk növbədə körpünün 6 ədəd aşırımının dəyişdirilməsi tələb olunub. Aşırımların hidravlizasiya qatının sıradan çıxması, eləcə də suötürücü boruların tutulması və dağılması nəticəsində aşırımların alt hissələrində çatlar, qopmalar və ovulmalar əmələ gəlib. Körpünün aşırımlarının konsollarında uzununa və eninə çatlar əmələ gəlmiş, iki aşırımın konsolu isə  tamamilə dağılıb.

 

Körpü tikilərkən aşırımlarının hazırlanıb tökülməsində dəniz qumlarından istifadə olunduğundan, qumun tərkibində olan duz qatları sonralar işçi armaturları güclü korroziyaya uğradıb və  nəticədə onlar tamamilə sıradan çıxıb. Elə bu səbəbdən də körpünün aşırımlarının dəyişdirilməsinə ehtiyac duyulub. Bundan başqa, sutəmizləyici qurğular güclü sel sularının təsirindən tamamilə dağılıb və nəticədə körpü qəza vəziyyətinə düşərək uçma təhlükəsi ilə üz-üzə qalıb.  Körpüdə rekonstruksiya işlərinə bu ilin iyun ayında “Körpü-Bina Tikinti” MMC tərəfindən başlanılıb, qurğunun əsaslı təmiri ilin sonunda  başa çatdırılıb.

 

# 1169
avatar

Oxşar yazılar