İntellektual potensial artdıqca müasir dövrün tərəqqi amilində çıxış edən yeni texnologiyalara tələbkarlıq da artır. Texnologiyaların insan həyatına sürətlə nüfuz etməsi təkzibolunmaz faktordur. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyata keçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir.
Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa malik Respublikamız üçün də müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qollarından birini də İKT sektorunun sürətli inkişafı təşkil edir. Son illər Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə və Respublikanın informasiya potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən “elektron inkişaf modeli” həyata keçirilməkdədir.
“Bakutel-2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı bugün Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilmişdir. Bu ənənəvi sərgi və konfrans, bir qayda olaraq, ölkəmizin, eləcə də dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərinin təqdim edildiyi məkan rolunu oynayır. 29 noyabr-2 dekabr tarixlərini əhatə edən sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak etdi. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim etdi. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edirdi. Bu göstəricilər sərgiyə yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük maraq olmasının isbatıdır. Noyabrın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da ənənəvi olaraq sərgi ilə tanış oldular. Dövlət başçısına builki sərgi və iştirakçı dövlətlər barədə, eyni zamanda sərgidə ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verildi. Qeyd edək ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi uğurla tamamlanıb. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. Sərgidə “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar, ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlar təmsil olunurdu.
Ümumiyyətlə, hər il olduğu kimi builki sərgi də xüsusi maraqla qarşılanmış, sərgi iştirakçılarının, sərgidə təmsil olunan şirkətlərin sayında artım müşayiət olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasiya əməkdaşlığının bir üzvünə çevrilmişdir.
Nailə Məmmədova
“Azerbaijan Realities”