Azərbaycanda inflyasiyanın səviyyəsi açıqlandı
27 dekabr 2012 11:09 (UTC +04:00)

Azərbaycanda inflyasiyanın səviyyəsi açıqlandı

Mərkəzi Bank məzənnə siyasətini dəhliz mexanizmi çərçivəsində həyata keçirib

 

İqtisadiyyatın “təbii məşğulluq həddi”nə yaxınlığı şəraitində istehlak qiymətlərinin artım tempində 2011-ci ilin ikinci yarısından başlanan enmə 2012-ci ildə də davam edib. Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə. cari ildə inflyasiya birrəqəmli səviyyədə olub, orta illik inflyasiya 11 ayda cəmi 1.2% təşkil edib.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz bəndi aşağıdır. Ölkədə əmək haqqının artım tempi inflyasiya tempini 7.3% üstələyib. Ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiya tempi Azərbaycandakı inflyasiyanı 5 faiz bəndi üstələyib. Müqayisə üçün, BVF 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə orta inflyasiyanın 6.1% təşkil edəcəyini proqnozlaşdırır.

 

Cari ilin 11 ayında  kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi 0.3% azalıb. Bu, əsasən bitkiçilik məhsulları üzrə müşahidə olunub. Qeyri-neft sənayesinin əksər sahələrində qiymət azalması (qida, metallurgiya, kimya, ağac emalı və.s.) da baş verb. İstehlak bazarı ilə yanaşı daşınmaz əmlak bazarında da qiymətlər əsasən sabit qalıb.

Bu il Mərkəzi Bank məzənnə siyasətini tənzimlənən məzənnə rejimi (dəhliz mexanizmi) çərçivəsində həyata keçirib. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün cari ildə Mərkəzi Bank tərəfindən 1.5 mlrd. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə dövr ərzində manatın dollarına qarşı məzənnəsi ümumən sabit qalıb və cəmi 0.2% möhkəmlənib.

 

Ümumilikdə, son 15 ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin orta illik dəyişməsi tempi 1%-dən az olub. Məzənnənin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sabitliyinə, milli valyutaya inamın möhkəmlənməsinə və dollarlaşmanın azalmasına müsbət təsir göstərib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 11 ay ərzində 4.3% ucuzlaşıb. Bu, bir tərəfdən, manatın məzənnəsinin əlverişli səviyyədə saxlanması, digər tərəfdən isə tərəfdaş ölkələr ilə müqayisədə daxili inflyasiyanın aşağı səviyyəsi hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşması son nəticədə qeyri-neft sektorunun rəqabət qabiliyyətini (xarici bazarlarda qiymət üstünlüyünü) yaxşılaşdıran mühüm amildir.

Pul siyasəti alətləri iqtisadi dinamika, inflyasiya gözləntiləri və pul siyasətinin məcmu tələbə və qiymətlərə ötürücülük qabiliyyəti -“transmissiyası”nın xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunub. İnflyasiyanın və faiz dərəcələrinin azalması meylini nəzərə alaraq il ərzində uçot dərəcəsi bir dəfə dəyişdirilərək 5% səviyyəsinə endirilib. Bu qərarı qəbul edərkən Mərkəzi Bank taktiki olaraq iqtisadi tsikl indikatorları arasında pul siyasətinin yumşalması lehinə olan göstəricilərin artmasını, strateji olaraq isə şaxələnmə strategiyasının prioritetlərini və qeyri-neft sektorunda rentabellik səviyyəsini də nəzərə alıb.  Pul kütləsinin artım templərinin və bank sistemində likvidlikin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatlarından və məcburi ehtiyat normalarından da istifadə olunub. Məcburi ehtiyat normalarının tətbiqi mexanizmi əhəmiyyətli təkmilləşdirilib, banklar tərəfindən likvidlikin daha səmərəli idarə edilməsinə şərait yaradan yeni qaydalar qüvvəyə minib. 

 

Pul təklifi iqtisadiyyatın pula olan tələbatına adekvat dəyişib. 2012-ci ilin 11 ayında manatla pul kütləsi (M2) 15% artıb. Xarici aktivlərlə yanaşı pul təklifi həm də daxili aktivlər hesabına artıb. Manatla qeyri-nağd pul kütləsi 11% artmışdır ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində görülmüş tədbirlər sayəsində mümkün olub. Dollarlaşma göstəricilərindən biri olan xarici valyuta ilə əmanət və depozitlərin geniş pul kütləsində (M3) xüsusi çəkisi ilin əvvəlindən 1.2 faiz bəndi azalıb.         Beləliklə, pul siyasəti birrəqəmli inflyasiya, sabit və əlverişli məzənnə, pula tələbatın adekvat ödənilməsi vasitəsilə iqtisadiyyatın şaxələnməsinə mühüm dəstək verib.

 

# 1818
avatar

Oxşar yazılar