Aranda bir göl var... - ARAŞDIRMA
28 dekabr 2012 11:44 (UTC +04:00)

Aranda bir göl var... - ARAŞDIRMA

Yaxın vaxtlarda Hacıqabul gölünün taleyi bəlli olacaq

 

Hacıqabul gölü quruma təhlükəsi ilə üzləşib. Bəs landşaft cəhətdən kasad Aran rayonlarında bir zamanlar mikro və makro iqlimin formalaşmasında mühüm rol oynamış bu göl niyə quruyur? Günahkar kimdir və problemdən hansı çıxış yolları var? Lent.az məsələni araşdırıb.

 

Bəlanın başlanğıcı

 

Öncə Hacıqabul gölü barədə. Ötən əsrin 50-ci illərində gölün sahəsi 15,4 km2 olub. Ancaq M.Məmmədovun 2002-ci ildə nəşr olunmuş “Azərbaycanın hidroqrafiyası” monoqrafiyasına artıq sahəsi iki dəfə azalmış göldən bəhs edilir. Monoqrafiyada qeyd olunur ki, sahəsi 8,4 km2, 12,1 mln m3 su tutumuna malik Hacıqabul gölü Cənub-Şərqi Şirvan düzənliyinin şimal-qərb kənarında, Kür çayının sol sahilində, Şirvan və Hacıqabul şəhərlərinin inzibati ərazisində dəniz səviyyəsindən (-19,5 m ) aşağıda yerləşir. Göl tarixən Kür çayının sərbəst meandrlaşması nəticəsində əmələ gələrək Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth suları, yeraltı sular və Kür çayında dövrü olaraq baş verən daşqınların suları hesabına qidalanaraq bizim dövrümüzədək gəlib çatıb. Gölün uzunluğu 4,2 km, orta eni 2,2 km, orta dərinliyi 1,4 m, maksimal dərinliyi isə 2,0 m-dir (2002-ci il). Göl axmaz olduğundan suları şorəkətlidir (12,9 q/dm3).

Ötən əsrin I yarısında gölün cənub hissəsindən süni kanal çəkilərək Kür çayı ilə birbaşa əlaqə yaradılıb və göldə çəki, sıf, külmə, çapaq, naqqa kimi balıqlar yetişdirilib. Bundan əlavə, hər il qışlama dövründə şimaldan uçub gələn köçəri quşlar, o cümlədən də 3 minədək qızıl qaz və göydimdik ördək göldə otururmuş...

Mingəçevir su anbarının istifadəyə verilməsi ilə Kür çayında su səviyyəsinin tənzimlənməsi, Kür çayı ilə Hacıqabul gölü arası ərazidə Baş Şirvan Kollektorunun çəkilməsi və eyni zamanda yuxarıda qeyd olunan kanalın sıradan çıxması  gölün əsas qidalanma mənbəyi olan daşqın sularından təcrid olunması ilə nəticələnib və həmin dövrdən başlayaraq gölün akvatoriyasının kiçilməsi prosesi başlayıb. Proses bu gün də davam edir…

Gölün ərazisinin geoloji cəhətdən Dördüncü Dövrün Holosen yaşlı allüvial (aQIV), allüvial-göl-axmaz (alsQIV) və dəniz mənşəli (mQIV) ağır gilli tərkibli zəif sukeçiriciliyə malik süxurlardan təşəkkül tapması göldə yeraltı sularla su mübadiləsinin də zəif getməsinə şərait yaradıb. Qrunt sularının yüksək minerallaşması (30-35 q/dm3) və gölün axmaz olması göldə suların minerallaşmasını yüksəldib. Buna görə də göldə su səviyyəsinin tənzimlənməsi və faunanın qorunması üçün gölə dövrü olaraq şirin su vurulması zərurəti yaranıb.

 

Real mənzərə

 

Gölün quruması prosesinin qarşısını almaq məqsədi ilə göldən 6 km məsafədə yerləşən Ağacanlı kəndi yaxınlığından suburaxıcılıq qabiliyyəti 3 m3/san olan torpaq kanal çəkilib və şlüz qurğusundan istifadə etməklə Kürdən nasoslar vasitəsilə gölə su vurulub. 2007-ci ilə qədər bu kanaldan istifadə olunub. Sonradan Kürətrafı ərazidə bəndvurma işləri həyata keçirilərkən şlüz qurğusu torpaq altında qalaraq istifadəyə yararsız vəziyyətə düşüb, kanalın dibi qamış və digər bitkilərlə tutularaq buraxıcılıq qabiliyyəti azalıb.

Son bir neçə illər ərzində yay fəslində havanın orta aylıq temperaturunun yüksəlməsi gölün səthindən buxarlanmanın miqdarının artmasına, Xəzər dənizində səviyyənin enməsi isə  Cənub-Şərqi Şirvan düzənliyində, o cümlədən də gölətrafı ərazilərdə qrunt sularının səviyyəsinin 1,5-2,0 m-dək enməsinə səbəb olub. Bütün bunlar ümumilikdə gölün akvatoriyasının azalması prosesini daha da sürətləndirib. Hazırda gölün akvatoriyası 5,0 km2-dən azdır. Gölətrafı ərazilərdə yerləşən Hacıqabul, Sabirabad və Salyan rayonlarının iqtisadiyyatı və ekoloji şəraiti üçün mühüm əhəmiyyətini nəzərə alaraq, gölün əvvəlki vəziyyətinin bərpası üçün tədbirlərin müəyyənləşdirilməsi zəruri hesab edilib və bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri və Hacıqabul Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən gölətrafı ərazilər birgə tədqiq olunub, problemin həlli üçün bütün mövcud imkanlar ətraflı araşdırılıb.

 

Baxılmayıb, gözə dağ olub...

 

Araşdırma isə bir çox maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, Hacıqabul gölü son 10 ildə müqavilə əsasında “Hacıqabul balıq” və “Azəri ASC”-nə icarəyə verilib, hazırda isə gölün mülkiyyət sahibi bəlli deyil. Gölün tarixən formalaşmış ərazisi torpaq bəndlə iki hissəyə ayrılıb, bənd üzərində də mülkiyyət hüququ yoxdur. Yəni göl yiyəsizlikdən göz dağına çevrilib. Artıq Hacıqabul gölü gölə bənzəmədiyindən, bir vaxt gölün ərazisi olan yerlərdən istifadə də edilib. Bir sıra dövlət qurumları infrastruktur layihələri həyata keçirərkən mövcud vəziyyətə uyğun olaraq, yəni əvvəllər gölün bir hissəsi olmuş ərazilərdə  kommunikasiya xətləri çəkiblər. Məsələn, gölün qərb sərhədi boyu Kür çayından Müdafiə  Sənayesi Nazirliyinin “Cihazqayırma” və “Araz” zavodlarına 50 mm diametrli yeraltı su borusu xətti çəkilib və kiçik sahələrdə yerüstü xidmət qurğuları inşa edilib. Gölün Hacıqabul ərazisinə aid hissəsində neft quyuları və neft və qaz xətləri də mövcuddur. Düzdür, gölün Hacıqabul rayonunun ərazisinə aid olan nisbətən böyük sahəsində inşaat və təsərrüfat məqsədləri üçün zəbt olunma halları müşahidə edilmir. Lakin gölün cənub kənarında gölə aid ərazidə 32 yaşayış evi inşa olunub və gölün bərpası zamanı həmin evlərin su altında qalması gözlənilir. Bu evlərdən və gölün şərq kənarı boyu yerləşən “Bağ massivi” adlanan yaşayış məntəqəsindən çirkab suları (400-600 m3/gün) axaraq burada gölməçələr yaradır. Hacıqabul şəhərinin təmizlənməyən kanalizasiya suları (il ərzində 900 min m3) da əlavə problem qaynağıdır. Sevindirici məqam odur ki, hazırda Hacıqabul sahəsində təmizləyici qurğu inşa edilir.

Gölün Şirvan şəhərinə məxsus hissəsi isə tam quruyub, yulğun, qamış və digər kol bitkiləri ilə örtülüb. “Azərsu” ASC tərəfindən gölün içindən Şirvan şəhərini və ətraflarını Kür çayından götürülən su ilə təmin edən uzunluğu   1700 m, diametri 530 mm olan 3 boru xətti çəkilib.

Bir sözlə, günü bu gün bir yol tapılıb, göl doldurulmağa başlanarsa, 32 ev, o cümlədən Müdafiə  Sənayesi Nazirliyinin və “Azərsu” ASC-nin çəkdiyi borular, qurğular su altında qalacaq.

  

Yeri gəlmişkən, gölün suyundan və dib çöküntülərindən götürülmüş nümunələrin analizləri göstərir ki, göldə ağır metalların miqdarı Yol Verilən Qatılıq Həddindən dəfələrlə artıqdır. Suda həll olunmuş oksigenin miqdarının aşağı olması, biogen, asılı maddələrin miqdarının çox olması gölün dibinin həddən artıq çirklənməsini göstərir.

Bəs nə etməli?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü

 

Məsələnin maraqlı tərəfi həm də odur ki, “Hacıqabul balıq” və “Azəri” ASC-nin məsuliyyətsizliyi, yarıtmaz fəaliyyəti bir kənarda qalıb, o cümlədən hazırda özünü gölün sahibi sayan Hacıqabul Rayon İcra Hakimiyyəti də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə üz tutub, ictimaiyyətin diqqəti də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönəlib. Baxmayaraq ki, göl heç vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfat subyekti olmayıb, sadəcə, nazirlik qanunvericilikdə təsbit olunmuş səlahiyyətləri çərçivəsində Hacıqabul gölündə yalnız ekoloji nəzarət funksiyasını həyata keçirib. Başqa sözlə desək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gölün bərpası ilə bağlı təsərrüfat işlərinin həyata  keçirilməsi üçün zəbt olunmuş dövlət torpaqlarının azad olunması, kanalların balans saxlayıcısı olan təşkilatlar tərəfindən idarə olunması və düzgün istismar edilməsini həyata keçirməyə yol verəcək səlahiyyəti yoxdur. Araşdırmalarımız zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi könüllü surətdə birtərəfli qaydada gölün vəziyyətini təhlil edib, çıxış yolları haqqında təkliflər hazırlayıb, dəfələrlə müvafiq təşkilatlara – Nazirlər Kabineti, Hacıqabul Rayon İcra Hakimiyyəti, Şirvan şəhər İcra Hakimiyyəti və Hacıqabul bələdiyyəsinə  təqdim edib. Bu təkliflər sırasına gölün mülkiyyət sahibinin müəyyən edilməsi, Kür çayı sularının nasos qurğuları ilə bərpa edilməli olan 6 km uzunluğa malik torpaq kanalla (mülkiyyət hüququ bəlli olmayan) gölə axıdılması, başlanğıcını Mingəçevir su anbarından götürən Yuxarı Şirvan kanalının davamı kimi “Muğansutikinti” tresti tərəfindən inşa olunmaqda olan Hacıqabul Magistral Kanalının ( suburaxıcılığı 6 m3/san) suvarma üçün istifadə olunmayan izafi sularının gölə axıdılması, Böyük Qafqazın cənub-şərq yamacından yağıntılar vaxtı axan səth sularının 4 km uzunluğa malik torpaq kanalla (kanal və yeraltı keçidlər təmir olunduqdan sonra) gölə axıdılması, göl ərazisində neft quyularının və neft kəmərlərinin mövcudluğu haqda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xəbərdarlıq edilməsi, qrunt sularının yer səthinə yaxın olduğu gölətrafı sahələrdə gölün şoranlaşmasının qarşısının alınması məqsədi ilə drenaj sisteminin yaradılması, göldə su mübadiləsinin təmin edilməsi üçün göldən Baş Şirvan kanalına qədər 700 m məsafədə boru kəmərinin çəkilməsi və  göl sahilində yeni nasos stansiyasının qurulması, gölün qərb kənarı boyu yerləşən “Bağ massivindən” gölə axıdılan məişət – çirkab sularının qarşısının alınması, gölətrafı ərazilərdə təbii və antropogen təsirlər nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi, gölün sanitar – mühafizə zonasına məxsus 70 ha ərazidə mühafizənin gücləndirilməsi daxildir. Nazirlik eyni zamanda müvafiq bələdiyyə və icra strukturları tərəfindən gölün və gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşının alınması üçün müvafiq tədbirlərin görülməsini, göl ərazisində  yerləşən kommunikasiya xətlərinin mülkiyyət sahiblərinə (nazirlik, təşkilat və s.) gölün bərpası ilə əlaqədar xəbərdarlıq olunmasını, Şirvan Şəhər İcra Hakimiyyətinin bağ massivinin gölün ərazisinə düşən 32 ev barəsində məlumatlandırılmasını təklif edib. Çünki gölün bərpa edilməsi üçün Şirvan şəhər İcra Hakimiyyəti 32 evlə bağlı qərar qəbul etməlidir.

 

Nazirdən hərəkətə keçmək çağırışı

 

Dekabrın 26-da Hacıqabul gölünün bərpası və ekoloji şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovun təşəbbüsü ilə əlaqədar nazirlik və təşkilatların nümayəndələrinin, QHT və media təmsilçilərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantı Lent.az-ın bu istiqamətdə apardığı araşdırma zamanı bir çox suallara aydınlıq gətirilməsinə yardımçı olub.  Müzakirələr göstərib ki, bu toplantı göllə bağlı dönüşün başlanğıcı ola bilər. Problemin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklifləri açıqlayan Hüseyn Bağırov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının müavini Sahib Aslanovun İcra Hakimiyyətinin gölün bərpası üçün  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini mətbuata açıqlamasında  söylədiyini də xatırladıb. Hüseyn Bağırov bildirib ki, indi cəmiyyətdə bir gözlənti var: “Biz hamını yığmışıq ki, kimin nə iş görəcəyi müəyyənləşsin. İşçi Qrupu yarada bilsək, bununla bağlı rəsmən Nazirlər Kabinetinə müraciət etməyə hazırıq. Tədbirlər Planı hazırlansın, hansı qurumun hansı işi görəcəyi müəyyənləşsin. Yaxud bir iş görməsək, bilək ki, bu işi görmədik”.

 

Toplantıda iştirak edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə rəisi Mətləb Quliyev hazırda Hacıqabul gölü üçün su mənbəyi olmadığını  söyləyib: “ Gölün quruması prosesinin qarşısını almaq məqsədi ilə göldən 6 km məsafədə yerləşən Ağacanlı kəndi yaxınlığından suburaxıcılıq qabiliyyəti 3 m3/san olan torpaq kanal çəkilib və şlüz qurğusundan istifadə etməklə Kürdən nasoslar vasitəsilə gölə su vurulub. 2007-ci ilə qədər bu kanaldan istifadə olunub. Bizim balansımızda olsaydı, yenə də nasoslar işləyəcək, kanaldan istifadə olunacaqdı. “Hacıqabul balıq” və “Azəri ASC”-nin balansında olduğu üçün bizə verilmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri, o cümlədən istər Kür çayından gölə su vurulması, istərsə də yağıntıların çaya yönəldilməsi təqdirəlayiqdir. Lakin bərpa olunacaq kanalların da kiminsə olması müəyyənləşdirilməlidir”.

 Ekologiya və təbii sərvətlər naziri isə bildirib ki, təbii ki, kanallar bərpa olunsa belə, bu kanalla qulluq edilməsi həllini tapmalı, bunun üçün işçilər olmalıdır. Bu gün göldə su səviyyəsinin bərpa edilməsi üçün hansısa mənbədən istifadə edilməsinin ciddi problem olmadığını vurğulayan Hüseyn Bağırov xatırladıb ki, məhz sonradan yaradılmış  kommunikasiyalar gölə su axımına mane olur, eyni zamanda göl əvvəlki ərazisində bərpa olunarsa, bir sıra borular, neft quyuları su altında qalacaq.

 

Hacıqabul rayon İcra Hakimiyyəti yenə nazirlikdən dəstək istədi...

 

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov çıxışında gölün qurumasının əsas səbəbini Şirvan Baş Kollektorunda görüb.  O hesab edir ki, bütün drenajlar Şirvan Baş Kollektoruna yönəldilib, göl yeraltı sulardan qidalanması dayandırılıb. Arxlar, kanallar durur, ancaq Şirvan kollektoru onların qarşısında əsas maneədir: “Sonra nasoslar vasitəsi ilə gölə su vurulmağa başlandı. Sonra da göl qondarma təşkilata verildi. 2010-cu ildə gölün Hacıqabul rayonuna qatılmasına nail olduq. Hörmətli nazir evləri köçürülməsi təklifini qeyd etdi. Ancaq  bütün işlərin həyata keçirilməsi üçün dövlət dəstəyinə ehtiyac var. Marta qədər Hacıqabulda kanalizasiya sisteminin qurulması başa çatacaq. Bu qədər ərazi yiyəsiz qala bilməz. Əgər göl Hacıqabul rayon İcra Hakimiyyətinə verilibsə,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə problemi həll edə bilərik”.

Hacıqabul rayon İcra Hakimiyyətinin problemin həlli üçün yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəstək istəməsi toplantıda gölün yasaqlığa çevrilməsi məsələsini gündəmə gətirib. Bu məsələyə münasibətini bildirən ekologiya və təbii sərvətlər naziri qeyd edib ki, bu da çıxış yollarından biri ola bilər: “Əsas məsələ hazırda budur ki, ayrı-ayrı nazirliklərin, təşkilatların, ictimai qurumların iştirakı ilə İşçi Qrupu yaradılsın, layihə hazırlansın.  Həmin ərazilərdə onsuz da landşaft kasaddır, göl bu ərazilərə bir bəzək olar. Yasaqlığın işçiləri müəyyən xidmət göstərə bilərlər. Yaxud Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti hansısa xidmət üzərinə götürə bilər. Ola bilər ki, göldə heç balıqçılıq olmasın. Yaxud göl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, o cümlədən balıqçılıq müəssisəsinə verilə bilər. Əsas odur ki, bu qurumlar davamlı qaydada gölün su ilə təminatı və  göl ərazisinin qorunmasını üzərlərinə götürsünlər ”.

 

Gölün bərbad vəziyyətə salındığını söyləyən və göllün verildiyi qurumların buna məsuliyyət daşıdığını bildirən Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Eldar Bağırov nazirliyin göl ətrafında hektarlarla ərazi aldıqlarını, yeraltı su boru xətləri çəkdiklərini təsdiqləyib. Ekologiya və təbii sərvətlər naziri isə bildirib ki, əgər boruların su altında qalması problem yaratmayacaqsa, bir müddət bu borulardan istifadə etdikdən sonra alternativ borular çəkmək mümkün olacaqsa, gölün bərpası yönündə problemlərdən biri aradan qalxmış olacaq. O, neft quyuları ilə bağlı məsələnin də tezliklə aydınlaşmasını zəruri sayıb.  

Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Asif Məmmədov da təklif edib ki, İşçi Qrupu yaradılsın, bu İşçi Qrupu bütün problemli göllərlə məşğul olsun: “Əsas qərar olmalıdır ki, göl qurudulsun, yoxsa bərpa edilsin. Belə bir qərar veriləndən sonra tədbirlər həyata keçirilə bilər”.

 

QHT-lərin gölün bərpasını, yasaqlıq yaradılmasını dəstəkləyir

 

Davamlı İnkişaf Cəmiyyəti İctimai Birliyinin sədri  Fikrət Cəfərov bildirilib ki, bir vaxt göldən balıqçılıq məqsədi ilə istifadə edilib. Onun sözlərinə görə, Hacıqabul gölünün iqlimin tənzimlənməsində, insanların sağlamlığında böyük rolu var və ətrafında yerləşən iki şəhərin əhalisi üçün çox vacibdir. Fikrət Cəfərov nəzərə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutu Aran rayonunun inkişafı layihəsini hazırlavyır, bu layihədə Hacıqabul gölü ilə bağlı məqam yoxdur: “Mən orada bu məsələni qaldırdım, dedilər ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  və yerli ica hakimiyyəti tərəfindən bu problem qaldırılmadı. Bu gün gölün hüquqi statusu müəyyənləşməlidir. Gölün sahibi olmasa, problem həll olunmayacaq. Region səviyəsidə gölün yasaqlığa çevrilməsi vacibdir. Çünki bu gün nə Şirvanda, nə də Hacıqabulda yaşıllıq zonası yoxdur. Digər tərəfdən, 2013-cü ildə Nazirlər Kabineti tərəfindən Aran rayonu ilə bağlı investisiya proqramları qəbul edilməlidir. Təşkilatımız 1 ildir ki, bu məsələ ilə məşğul olur, Hacıqabul gölü ilə bağlı məsələ Aran regionunun ən böyük problemdir”.

Azərbaycan Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev də vurğulayıb ki, hər bir gölün həm mikro, həm də makro iqlimin formalaşmasında böyük əhəmiyyəti var. O da qeyd edib ki, Hacıqabul gölünün su təminatı problemi  Şirvan Baş Kollektorunun tikilməsindən sonra yaranıb: “Bu kollektor pambıqçılıqla əlaqədar tikilib. Artıq o torpaqlar şoranlaşıb, pambıqçılıq olmayacaq”.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə rəisi Mətləb Quliyev isə həm Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanovun, həm də Azərbaycan Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev göldə yaranan problemin Şirvan Baş Kollektoru ilə əlaqələndirmələrini yanlış sayıb: “ Bu, Şirvan Baş Kollektoru ilə əlaqədar deyil. Bu kollektor 1965-ci ildə tikilib, məqsəd də 300 min hektar ərazidən suyun yığılması, əkin üçün istifadə edilməsidir. Hacıqabul gölünü gündə 1 kub su ilə 10-12 günə doldurmaq olar. Orada su mənbəyi problemi yoxdur, problem sonradan çəkilmiş kommunikasiya xətləridir.

 

ARDNŞ gölün bərpasını neft çıxarmaqdan üstün tutur, Hacıqabul rayon İcra Hakimiyyətini günahlandırır

 

Ekologiya və təbii sərvətlər naziri də bir daha vurğulayıb ki, məsələ gölün doldurulması, bərpası üçün suyun hansı mənbədən götürülməsindən getmir: “Məsələn, mən öncə də qeyd etdim ki, müvafiq bir dövrdə gölün dibinin bir hissəsi ARDNŞ-ə verilib, istifadə edilir. Bu məsələ necə olub? Hazırlanacaq layihədə bütün detallar əksini  tapılmalıdır”.

ARDNŞ-in Departament rəisinin müavini Nizami Qafarov isə bəyan edib ki, gölü o günə salan Hacıqabul rayon İcra Hakimiyyətidir: “Orada ekoloji sistem pozulub, bu, tezliklə əhalidə, heyvanlarda xəstəlik yaradacaq. Birinci oranı qoruğa çevirmək lazımdır. Orada göldən 20 kilometr aralıda neft kollektoru keçir. Kimlər torpaq sahələrini verib, niyə verib?  Gölü doldurmaq da, bərpa etmək də olar. Şirvan kanalından gölə, göldən də Kürə su vermək olar. Oradan neft çıxarmaqdansa, gölün ekologiyasını yaxşılaşdırmaq daha faydalıdır”.

Toplantıda Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini göl ətrafında tikilmiş 32 evini gölün bərpa ediləcəyi təqdirdə su altında qalmayacağını dilə gətirib. Ancaq  ötən əsrin 50-ci illərində gölün sahəsinin 15,4 km2 , gölün tam bərpasından söhbət gedirsə, ev tikilən ərazinin də tam bərpa edildikdən sonra sahəsi 15,4 km2   olacaq gölün dibinə düşəcəyi nəzərə çatdırılıb.

Tədbirə qatılan “Ayna”-“Zerkolo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da gölün bərpa edilməsinin daha yaxşı variant olduğu qənaətinə gəldiyini, əsas məsələnin gölün sahibinin müəyyənləşməsi olduğun söyləyib.

 

İlk addım atıldı

 

Sonda yekun çıxış edən ekologiya və təbi  sərvətlər naziri bir daha İşçi Qrupunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu, nazirliklərarası, yaxud  Ekologiya Nazirliyinin nəzdində İşçi Qrupu kimi yaradıla bilər. İşçi Qrup Hacıqabul gölünün bərpası yollarının müəyyənləşdirilməsini araşdıra, Hacıqabul gölünün bərpası layihəsini hazırlaya bilər. Hüseyn Bağırov bildirib ki, sahil zolağında yasaqlıq olacaqsa, ətrafdakı torpaqların əmlak statusunun dəyişməsi ortaya çıxacaq.  Layihədə təşkilati, hüquqi, tikinti-quraşdırma, meliorasiya və digər istiqamətlərdə bütün məsələlər əksini tapa bilər. Son nəticədə real vəziyyət ortaya çıxmalıdır. Bilməliyik ki, gölün ARDNŞ-ə verilmiş hissəsinin hüquqi vəziyyəti necədir, neft çıxarılırmı, dambanı kiçiltmək, yaxud tam ləğv etmək mümkündürmü? Yaxud  32 evin qarşısında bənd çəkmək, yoxsa o insanları köçürmək məqsədə uyğundur? Kommunikasiyalar necə olacaq? Mən növbəti dəfə də qeyd edirəm ki, gölü doldurmaq üçün su mənbəyi tapmaq asandır, bir həftəyə də gölü doldurarıq, 32 ev su altında qalar, problemin mahiyyəti dəyişər. Digər tərəfdə, gölə gələn kanal ətrafındakı torpaqlar özəlləşib, insanlar o kanaldan suvarma üçün istifadə edirlər. Bu məsələ ilə bağlı da maarifləndirmə işi lazım gələcək. Mən təklif edirəm ki, İşçi Qrupunun yaradılması üçün əlaqədar nazirliklərə məktub yazaq , İşçi Qrupu formalaşsın. Bir zaman o göldə üzgüçülük olubsa, Gənclər və İdman Nazirliyinə də məktub göndərmək olar.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə tapşırıram ki, 10 gün ərzində təcili və əllərində məktubu nazirliklərə, əlaqədar strukturlara aparsınlar. Çalışaq ki, gələn il yanvarın 7-8-də İşçi Qrupunun ilk iclası keçirilsin. Nazirlər Kabineti, yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində bir komissiya yaradılsın və marta qədər Hacıqabul gölü ilə bağlı layihə hazırlansın”.

 

Beləliklə, ilk addım atıldı. Bu ilk addım və gələn il Hacıqabul gölü üçün düşərli olsun…

# 1932
avatar

Oxşar yazılar