Vergi borclarına 5 il sonra xitam verilə bilər - QANUNDA DƏYİŞİKLİK
09 mart 2021 13:37 (UTC +04:00)

Vergi borclarına 5 il sonra xitam verilə bilər - QANUNDA DƏYİŞİKLİK

İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.

Qeyd edək ki, qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanunla məcəlləyə edilən dəyişiklikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyi halda, ümidsiz borclar olaraq vergi orqanları tərəfindən silinir. Qanuna təklif edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

# 1485
avatar

Oxşar yazılar