Böhran Azərbaycana necə təsir edib?
19 avqust 2010 11:15 (UTC +04:00)

Böhran Azərbaycana necə təsir edib?

İqtisadi Tədqiqatlar Mərkəzi bununla bağlı apardığı hesabatın nəticələrini açıqlayıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “2009-cu ildə dövlət büdcəsinin icrasının sosial rifaha təsirinin qiymətləndirilməsi” mövzusunda tədqiqat aparıb. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən tədqiqat “Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, tədqiqatın nəticələri bu gün ictimaiyyətə təqdim olunub. Tədqiqat nəticəsində aydın olub ki, qlobal iqtisadi böhran Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımına və xərcləmələrinin azalmasına səbəb olub. Həmçinin sosial rifah halına mənfi təsirlə nəticələnib. Əsas böhran ili kimi 2009-cu il götürülüb və il ərzində böhranın təsiri ilə yaranmış vəziyyət tədqiq olunub.

İTM sədri Qubad İbadoğlu tədqiqatın nəticələrinə əsaslanaraq deyib ki, 2009-cu ildə dövlət büdcəsinin sosial rifah halına ilk təsiri qeyri-neft büdcə gəlirlərinin artımı ilə baş tutub: “Məcmu tələbin stimullaşdırdığı qeyri-neft sektoru böhran ilində çətinliklə üzləşdi. Əsasən, qeyri-ticari bölmənin inkişaf etdiyi neftsiz iqtisadiyyat sahəsində böhranın təsiri ilə tikinti və xidmət sektorunda ciddi geriləmə baş verdi. Belə bir vəziyyətdə hökumətin qeyri-neft gəlirlərini artırmaq üçün “pedalı” axıra kimi sıxması və bu sahədə vəziyyəti bir qədər ağırlaşdırdı. Təsadüf deyil ki, 2009-cu ildə fəaliyyətini dayandıran və ya məhdudlaşdıran müəssisələrin bir hissəsi vergi yoxlamalarından sonra buna getməyə məcbur oldular. Bu isə öz növbəsində işsizliyin artması, əmək haqlarının azalması və ya gecikdirilməsi hallarına rəvac verib. Belə ki, iqtisadiyyatda muzdla işləyənlərin sayı 2008-ci ildə 1410 min nəfər olubsa, 2009-cu ildə 1376 min nəfərə enib”.

Tədqiqat zamanı o da aydın olub ki, 2009-cu ildə qeyri-neft sektoru büdcəyə gömrük xətti ilə daha çox vəsait ödəyib. Belə ki, ötən il ərzində idxal həcminin kəskin azalmasına baxmayaraq, Dövlət Gömrük Komitəsi büdcəyə 1112,7 milyon manat vəsait təmin edib. Bu isə 2008-ci illə müqayisədə 2,3 milyon manat və ya 0,2 faiz çoxdur.

Beləliklə, qeyri-neft sektoru böhran ilində təkcə vergi deyil, həm də gömrük ödənişlərini əvvəlki illə müqayisədə daha çox həyata keçirib. Bir tərəfdən böhranın təsiri ilə gəlirlərin azalması, digər tərəfdən isə vergi-gömrük ödənişlərinin artımı qeyri-neft sektorunun mənfəətini minimuma endirib. Bu isə öz növbəsində sosial rifaha mənfi təsir göstərib. Əhalidən yığılan gəlir vergisinin 2009-cu ildə 2008-ci ilə nisbətən 627 milyon manatdan 582 milyon manata enməsi də onu göstərir ki, işləyən əhalinin gəlirləri azalıb.

Böhran ilində fiskal yumşaltma tədbirləri də həyata keçirilib. Belə ki, 2009-cu ildə ünvanlı sosial yardım alınması üçün ehtiyac meyarı 60 manata çatdırılıb, pensiya təminatında yarana biləcək gecikmələrin qarşısını almaq məqsədi ilə dövlət büdcəsinin ehtiyat fondundan 40 milyon manat vəsait ayrılıb, sosial ipotekaya milyon manat yönəldilib, əhalinin 2009-cu il oktyabrın 1-ə təbii qazdan istifadə üzrə yaranmış borcları silinib.

Təqdimatdan sonra mövzu ətrafında müzakirələr davam edib. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ölkənin böhrandan yan keçməsi ilə bağlı iddialar gerçəkliyi əks etdirmir: “Elə bir dövlət olmadı ki, böhranın mənfi təsirləri ilə üzləşməsin. Ölkə başçısının, Mərkəzi Bankın apardığı siyasət nəticəsində müəyyən qədər az oldu bu təsir. Mən bir fikirlə razıyam ki, Azərbaycanda proqnozlaşdırma institutu ümumiyyətlə yoxdur”.

İqtisadi siyasət komitəsinin digər üzvü Nazim Məmmədov isə deyib ki, göstərilən rəqəmlər dövlət strukturlarının ötən il apardığı siyasətin müsbət olmasından xəbər verir. Onun sözlərinə görə, böhran ilində inkişaf etmiş ölkələrin əksəriyyəti dövlət investisiya xərclərini artırıb: “Dövlət xərclərinin artırılması sosial rifahın yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda da dövlət investisiya xərcləri üstünlük təşkil edir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar