Gürcüstan avtomobil bazarında böhran
15 mart 2010 20:00 (UTC +04:00)

Gürcüstan avtomobil bazarında böhran

Azərbaycanın ikinci əl avtomobil bazarında davam edən durğunluq qonşu respublikanı da “vurub”. Lent.az əməkdaşının Rustavi avtomobil bazarında dünən apardığı müşahidə bunu bir daha təsdiq edib.

Təzə bazar

Bir müddət əvvəl avtomobil bazarının Tiflisin mərkəzindən Rustaviyə köçürülməsi həftə sonları Azərbaycan vətəndaşlarının Tiflis şəhərinə axınını da azaltdı. Sənədləşmə işlərinin bazardan çıxmadan aparılması da ölkədən kənara avtomobil satılmasını asanlaşdırır. Bazardakı səliqə-sahman, hər tərəfin beton örtük döşənməsi istənilən hava şəraitində palçığa batmadan (Sınıq Körpü gömrük məntəqəsinin Azərbaycana aid hissəsindən fərqli olaraq) hərəkət etmək mümkündür. Bazarda olan yerli azərbaycanlının dediyinə görə isə, burada cəmi 3 nəfər soydaşımız çalışır!

Satışın vəziyyəti

Təqribən 2 il əvvələ qədər bura avtomobil almağa gələn azərbaycanlılar həftə ortasından Tiflis bazarında növbə tutar, bazara daxil olan avtomobili almaq üçün sözün həqiqi mənasında mərəkə qoparardılar. Alınan avtomobili yoxlamaq imkanı da yox idi. Hər kəs qismətinə düşənlə barışmalı idi. Avtomobillərin ekspozisiya müddəti çox qısa idi. Bəzən avtomobil almaq üçün Gürcüstan-Türkiyə sərhədindəki Sarp bölgəsinə də getmək lazım gəlirdi. İndi isə vəziyyət tam başqadır.
Azərbaycan avtomobil bazarında hiss edilən süstlük bizdən birbaşa asılı olan Gürcüstan avtomobil bazarında dərin tənəzzülə yol açıb. Artıq Rustavi bazarında aylarla yatıb qalan, bir sözlə bazarın daimi sakininə çevrilən avtomobillər ərazinin yarısından çoxunu “işğal edib”. Halbuki oxşar vəziyyətə 1 il əvvəl rast gəlmək olmurdu. Bazarın “cərimə meydançası” deyilən yerindəki avtomobilləri daha aşağı qiymətə almaq mümkündür. Gömrük rüsumu ödənilmədiyi üçün bu avtomobillərin ölkədə istifadəsinə icazə verilmir.
Bazarda əvvəllər “E Classe Mercedes”in orta satış qiyməti (söhbət normal, 2000-dən sonra istehsal edilmiş avtomobildən gedir) 11 000 dollardan yuxarı idisə, indi bu modelləri 9 – 10 min dollara əldə etmək mümkündür. Azərbaycanda çox tələbat olan “C Classe Mercedes”lərin qiyməti 3000-6500 arasında dəyişir. Əvvəlki illərdən fərqli olaraq, bazarda dizel mühərrikli avtomobillərə çox az rast gəlinir.
Avtomobil bazarında “Audi” və “Volkswagen” markalı avtomobillərin çəkisi artıb. Belə ki, bazarda əvvəllər çox az olan “Audi A4”, “A6” və “Allroad” modellərinə indi addımbaşı rast gəlinir.
“Opel”in bazarda ən çox rast gəlinən modeli “Astra”dır. Bazarda “Omega” modeli gözə dəyməsə də, 2 ədəd “Frontera”, 3 ədəd “Vectra” vardı.
Bahalı “Cip”lərə isə, bazara gələnlər yalnız tamaşa edirdilər. “Hummer”i çıxmaq şərti ilə başqa modellərin qiyməti ilə maraqlanan şəxsə demək olar ki rast gəlmədik. “BMW”, “Mercedes” və “Rover”in yüksək krossoverləri üstünlük təşkil edir.
Bazarda rast gəldiyimiz ən ucuz avtomobil 2500 dollarlıq “Suzuki Vitara” (1996-cı il), ən bahalısı isə şəkildəki qırmızı “Chrysler” oldu (33 000 dollar).
Satıcıların dediyinə görə, bazarın ən uzunmüddətli sakini “Dodge” markalı pikapdır. Bu avtomobilin yeganə “qüsuru” isə 8 silindrli benzin mühərrikidir.
Bazarda 3 saat ərzində müşahidə zamanı avtomobil almaq üçün gələn cəmi 10 Azərbaycan vətəndaşına rast gəldik. Onlardan cəmi birinin “Mercedes” aldığına şahid olduq (daha dəqiqini bilmək üçün yeni iş həftəsini gözləmək lazım idi).
Bazarda 1 dənə də Rusiya istehsalı olan avtomobilə rast gəlmədik.
Söhbət etdiyimiz bütün satıcılar işlərinin Azərbaycandan asılı olduğunu birmənalı şəkildə etiraf etdilər.
Vətənə qayıdarkən Sınıq Körpü keçid məntəqəsində 2 saat ərzində tranzit nömrəli cəmi 1 avtomobilin keçdiyinin şahidi olduq.

Nəticə

Bizcə, Gürcüstan avtomobil bazarındakı geriləmə, Azərbaycan vətəndaşlarının maddi durumu ilə yanaşı, ölkəmizdə son illərdə ikinci əl Avropa avtomobilləri əvəzinə yeni yapon və Koreya avtomobillərinə meylin artması ilə də izah edilməlidir.

Vüqar Ələsgərov, Rustavi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097

Oxşar yazılar