Süzün badələrə...
03 mart 2010 10:30 (UTC +04:00)

Süzün badələrə...

Azərbaycanın baş dequstatoru şərabların dadından və keyfiyyətindən danışır

Azərbaycanın baş dequstatoru Sabir Vəliyev indiyədək konkret sayını bilməsə də, bu sahədə çalışdığı 40 il ərzində bir neçə min şərab nümunəsinin dadına baxıb, dequstasiya edib. Azərbaycanlı mütəxəssisin dequstasiya edib rəy verdiyi içkilər arasında Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Moldova, Fransa, əksər Avropa ölkələri, hətta ABŞ-ın istehsalı olan yüzlərlə şərab nümunəsi olub. Bunu Lent.az-a açıqlamasında Sabir Vəliyev özü bildirib.

S.Vəliyevin sözlərinə görə, beynəlxalq statuslu dequstator olması, həmçinin Beynəlxalq Dequstasiya Komissiyasında (MOB) təmsil olunması da onun “menyusuna” təsir göstərib. Hər il, iki ildən bir keçirilən beynəlxalq müsabiqələrə şərab mütəxəssisi kimi dəvət olunur və burada müxtəlif ölkələrdən təqdim olunan yüzlərlə şərabı dadaraq onlara rəy verir.

Dequstator şərabı iyindən tanıyır

Lent.az-ın əməkdaşı üçün Bolqarıstan istehsalı olan şərabı içmədən qiymətləndirən S.Vəliyevin sözlərinə görə, dequstatorlar əslində şərabı qəbul etmədən onun necə olması barədə rəy verməyi bacarırlar. Uzun illərin təcrübəsinə əsaslanaraq S.Vəliyev özü də əksər hallarda bu addımı atır. Çünki indi bazar iqtisadiyyatıdır və hətta işbazlara məxsus kiçik sexlər tanınmış brendləri belə saxtalaşdırırlar. İlk baxışdan saxta şərablar, araqlar orijinallarından heç nə ilə fərqlənməsə də, keyfiyyət və tərkibinə görə onlardan çox geri qalır. Bu məhsulların orijinal olub-olmadığını isə yalnız şərabçılıq sahəsində yüksək səviyyəli ixtisaslaşanlar bilir. Odur ki, öz orqanizmini keyfiyyətsiz içkilərdən qorumaq üçün baş dequstator öncə ona təklif olunan şərabın rəngini, duruluğu, qoxusu və s. meyarlarını badədəcə bir neçə dəqiqə müşahidə edir: “Dequstasiyanın xüsusi qaydaları var. Şərabı rəngi, şəffaflığı və s. görə müəyyənləşdiririk. Biz şərabı iyindən bilirik və içiləsi deyilsə onu qəbul etmirik”.

S.Vəliyev son illər Azərbaycanda şərabçılığın inkişaf etməsinə baxmayaraq, ölkədə insan orqanizmi üçün faydalı hesab edilən şərabın deyil, zərərli arağın istehlakının çox olduğunu deyib. Baş dequstator hətta hər gün yeməkdən əvvəl bir stəkan (200 qram) süfrə şərabının qəbulunu məsləhət görür: “Bu həm qan dövranını yaxşılaşdırır, damarlarda kirəcləşməni aradan qaldırır, həm də mədə və bağırsaq üçün xeyirlidir. Mən özüm araq içmirəm. Amma özümün seçdiyim süfrə şərabını, bir də yaxşı konyak olarsa, konyakları xoşlayıram. Araq məsləhətli içki deyil”.

Baş dequstatorun sözlərinə görə, yoxladığı şərablar arasında çox gözəl xarici məhsullar da olub. Amma ən gözəli Azərbaycanda klassik üsulla hazırlanmış şərablardır.

Azərbaycan şərabının MDB məkanında keyfiyyət baxımından yüksək qiymətləndirildiyini deyən S.Vəliyevin sözlərinə görə, postsovet ölkələrindən hazırda 3 ölkə - Azərbaycan, Moldova və Gürcüstan şərabçılıqda daha böyük nailiyyətlər əldə edib. Baş dequstator Azərbaycanda bəzən yüksək qiymətləndirilən gürcü şərabından da danışıb: “Gürcülərin şərabı kifayət qədər tanınıb və digər ölkələrlə müqayisədə keyfiyyətlidir. Gürcülər də bizdə olduğu kimi ən tanınmış şərab brendlərini klassik texnologiyalar əsasında hazırlayırlar. Bizim qırmızı şərab hazırlanan bəzi üzüm sortları var, məsələn “Mədrəsə” sortu. Onların keyfiyyət göstəriciləri gürcülərin şərab hazırladıqları üzümdən daha yüksəkdir. Bu şərablar dən hazırlanır. Üzümün keyfiyyətinə isə yetişdiyi, formalaşdığı torpaq və iqlim şəraitinin təsiri böyükdür”.

S.Vəliyev hətta beynəlxalq dequstasiyaların birinin finalında Azərbaycan şərabının gürcü şərabı ilə müqayisədə keyfiyyət və dad-tam baxımından nailiyyətlər əldə etdiyini deyib: “Başımıza gəlib. Bir dəfə beynəlxalq dequstasiya komissiyasında gürcülər tanınmış bir şərab brendini çıxarmışdılar. Bu komissiyalarda müsabiqəyə çıxarılan şərabın adı, hansı şirkət tərəfindən təqdim olunması gizli saxlanılır. Mən dadından hiss etdim ki, bu gürcü şərabıdır. Dərhal müsabiqəyə qatılan Azərbaycan şirkətinin nümayəndəsinə işarə etdim ki, “Mədrəsə” üzüm sortundan hazırlanmış şərabımızı təqdim etsin. Təsəvvür edin ki, gürcü şərabının keyfiyyətindən danışan, müsbət rəy verən beynəlxalq ekspertlər Azərbaycan şərabını dadandan sonra ən yaxşı şərab barədə fikirlərini necə dəyişdilər”.

Azərbaycan şərablarının son illər beynəlxalq dequstasiyalarda onlarla qızıl medallara layiq görüldüyünü deyən Respublika Mərkəzi Dequstasiya Komissiyasının sədri Azərbaycan brendlərini Avropanın inkişaf etmiş ölkələrinin ticarət mərkəzlərində, hətta Yaponiyada görəndə təəccüblənməməyə çağırıb.

S.Vəliyevin sözlərinə görə, Ermənistan da postsovet ölkələrin bazarlarına şərab məhsulları və konyak çıxarır. Amma bu ölkənin digər məhsulları kimi şərabları da keyfiyyət baxımından geri qalır. Komissiya sədri Ermənistan atəşkəsdən sonrakı illərdə Ermənistanın xaricə çıxardığı şərab və konyakın əksər hissəsinin Azərbaycan üzümündən hazırlanmış məhsullar olduğunu bildirib. Bunun bir hissəsi müharibədən əvvəl Ermənistandakı şərab zavodlarına göndərilmiş məhsullar olsa da, ermənilər işğal altındakı şərab zavodlarından min tonlarla spirti və şərab məhsulunu talayaraq mənimsəyiblər. İndi isə həmin spirtdən konyak və digər içkilər hazırlanır.

S.Vəliyev son illər ölkədə dinə meyllənmənin alkoqollu içkilərin istehlakında ciddi azalmaya gətirib çıxarmadığını qeyd edib. Onun sözlərinə görə, istehsal artsa da istehlak ciddi şəkildə azalmayıb: “İçki içənin 5-10%-i tərgidir. Amma yeni başlayanlar da olur. Ümumilikdə kütləvi azalmanın olduğunu demək olmaz”.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar