Sabiq FİFA referisi, hazırda hakim-inspektor kimi fəaliyyət göstərən Vüsal Əliyevin apasport.az saytına müsahibəsi
“Xəyanəti heç vaxt bağışlamaram”
- Həyatınızdan, olduğunuz pillədən tam razısızmı?
- Razıyam. Allaha çox şükür, narazılığım yoxdu.
- Əldə etdiklərinizdən daha artığına nail ola bilərdizmi?
- İnsan bəzən deyir ki, həyatda hansısa pillələri qalxa bilərdim. Amma Allah bizə bir ömür verib. Bu, yazıdı. Deməli, qismət belə imiş.
- Sizin üçün əsas insani dəyərlər hansılardı?
- İnsanda vacib keyfiyyətlərdən biri düzgünlükdü. İnsan düzgün olmadısa, düzgün danışa bilmədisə, ailəsi, dostları, ətrafdakı insanlar ondan qaçar. Bir də səmimi olmaq lazımdı. Yalanla aram yoxdu, yalan danışmağı xoşlamıram.
- Həyatda nəyi bağışlamazsınız?
- Xəyanəti. Mənə xəyanət edən heç kimi bağışlamaram. Yaxınlar, dostlar xəyanət edəndə insana çox ağır gəlir. Tanımadığın adamdan bir şey görəndə, o qədər də narahat olmursan. Amma özümkündən elə bir hərəkət görəndə heç vaxt bağışlamaram. Çünki xəyanət edən insan həyatda hər şey edər. Yalanı və bəzi başqa şeyləri bağışlamaq olar, amma xəyanəti əsla.
“Həyat, gün dostumdu, bir ailə kimiyik”
- Dostluq sizin üçün nə deməkdi və əsl dost necə olmalıdı?
- Dost məfhumu çox böyükdü. Həyatda cəmi 1 dostum var, qalanları mənim üçün yoldaşdı. Dost dediyin kəs sənin qəlbindəkiləri, sirrini bilməlidi. Dostumun bir problemi olanda bundan xəbərim olmalıdı. Bizim zəmanədə dostluq etmək çox çətindi. Dost az, yoldaş çox olar.
- Özünüzə dost saydığınız o bir nəfər kimdi?
- Nəimi Məmmədov. Həyat, gün dostumdu, bir ailə kimiyik. İnsan həyatını yaşayır və bəzən qarşına elə bir kəs çıxır ki, baxırsan onda olan şəxsi keyfiyyətlər sənə uyğun gəlir və dost olursan. 15 ildən çoxdu Nəimini tanıyıram. Bir-birimizi yaxşı başa düşürük.
- Sınamısızmı onu?
- Çox. Biz onunla həmişə səfərdəyik. Məni tanıyanlar bilir ki, hobbim balıqçılıq, ovçuluqdu. Bir də gəzməyi xoşlayıram. İşimlə əlaqədar, ezamiyyətdə çox oluram. Tanımadığım yerlərə getməyi sevirəm. Nəimi ilə çox yerdə olmuşam. Sınamışıq bir-birimizi.
- Vüsal Əliyev pulu “əl çirki” sayırmı?
- Xeyr. Gəlin, bir az səmimi olaq. Bəzən deyirlər ki, pul heç nədi. Amma elə deyil, pul lazımdı. Pul olmasa, insan necə yaşaya bilər? Mən onu “əl çirki” saymıram.
- Bədxərcsiz, yoxsa qənaətcil?
- Nə qənaətciləm, nə də bədxərc. Yeri gələndə pul xərcləməyi sevirəm, yeri gələndə isə xərcləmirəm.
- Deməli, cibinizdəki pula sözünüzü keçirə bilirsiz…
- Təbii ki. Mən cibimdəki pula baxıb, onu xərcləyirəm.
“Atam deyir ki, saçını ağartdın, burax futbolun başını”
- Pulu daha çox nəyə xərcləyirsiz?
- Əsasən ailəmə. Çünki insan üçün birinci ailədi. Əgər kim deyirsə ki, yox elə deyil, birinci dostlardı və ya başqa adamlardı, yalan deyir. Pulu bir də gəzməyə, görmədiyim yerlərə getməyə xərcləyirəm. Atalar məsəli var, çox oxuyan yox, çox gəzən çox bilər.
- Ailə sizin üçün tam anlamda nə deməkdi?
- Hər şey. Ailə ancaq xanımın və uşaqlardan ibarət olmur. İnsanın ailəsi böyükdü. Ata, ana, qardaş, bacı, öz ailəm, ətrafım, bir sözlə hamısı bura aiddi. Mənim üçün ailə hər şeydən vacibdi.
- Övladlarınızdan xasiyyət baxımından sizə bənzəyən varmı?
- Oğlum mənə bənzəyir və istəyir ki, hakim olsun. 19 yaşı var, idman akademiyasının ikinci kursunda oxuyur. Hələ düşünürəm ki, onu hakimliyə buraxım, ya yox? Açığı, hələlik onda tam hakimlik keyfiyyətini görmürəm. Amma həvəslidi, həvəsini qırmayacam. İngilis dilini öyrənməyə başlayıb. Boyu məndən hündürdü. Hakim boylu-buxunlu, arıq olmalı, meydanda quş kimi uçmalıdı.
- Hansısa probleminiz, sirriniz olanda kiminlə bölüşürsüz?
- Atamla. Çünki atamın ilk oğlu, evin böyük uşağı mənəm. İki qardaşım, bir bacım var. Mən həmişə atamdan öyrənmişəm. Uşaq vaxtı heç inanmazdım ki, hakim olacam. Atam indi də mənə deyir ki, saçını ağartdın, burax futbolun başını. Deyirəm ki, siz məni futboldan uzaqlaşdırsanız, elə bilin ki, balığı sudan çölə atarsız (gülürük). Mən futbolsuz qala bilmərəm. Uşaq vaxtı Bakıda yaşayan dayıma deyirdim ki, mən top göndər.
“Rusiyada dollar qalxdığından, biznesimi Bakıya daşıdım”
- Probleminizi həyat yoldaşınızla bölüşmürsüz?
- Açığı, yox. Sirrimi atamla bölüşürəm. Kişilər olan yerdə qadınların nə işi var?
- Həyatda nəyinsə peşmanlığını çəkmisiz?
- Bəli. Naxçıvanda yaxşı futbol oynayırdım. Bir ara bizdə blokada oldu. Mənfur ermənilərlə müharibə dövrü idi. Yaxşı futbolçu ola bilərdim. Amma zəmanə elə gətirdi ki, futbol oynamağa imkanımız olmadı. Əsgərliyə gedənə qədər futbol oynayırdım. 1990-cı ildə hərbi xidmətdən qayıtdım. 1991-ci ildə Naxçıvanda artıq müharibə gedirdi. Hazırda “Neftçi”də işləyən Məhərrəm müəllim onda Naxçıvanda idi. “Araz”ın yığılan vaxtları idi, məni də çağırmışdılar. Amma sonra bizdə futbol dağıldı, boşluq oldu. Daha sonra İstanbulla yollandım, ticarətlə məşğul olmağa başladım. Orda geyim biznesim var idi. 1993-cü ildən 1998-ci ilə qədər İstanbulda şəxsi biznesim oldu. Heç kimin yanına getməmişdim. Elə özüm yollandım İstanbula, orda bir türklə tanış oldum və ortaq mağaza açdıq. Sonra iş birliyimiz bitdi, özüm ayrıca dükan işlətdim. O vaxt yaxşı dövr idi, ora ruslar, ukraynalılar çox gəlirdi. Yaxşı pul qazanırdıq. Sonra Rusiyada dolların məzənnəsi 5 qat qalxdı. Onda işlər durğunlaşdı. Məcbur olub biznesimi Bakıya daşıdım. Köhnə Binə bazarında biznesimi davam etdirdim. Futbolçu olmadığıma görə peşmanlıq çəkirəm. Bir də hakimliyə tez başlaya bilərdim. 25-26 yaşımda hakimliyə başlasaydım… Bu peşəyə 31 yaşımda gəldim, amma həmin vaxt çempionatda boşluq var idi. Keçid dövrü olduğundan, biz ən gənc hakimlər sayılırdıq. Emil İsgəndərov sağ olsun, onun köməkliyi ilə hakimliyə gəlmişəm.
“Hakim klubların taleyi, pulu ilə “oynayır”
- “Kaş ki, hakim olmayaydım” cümləsini heç işlətmisizmi?
- Heç vaxt elə deməmişəm. Ən çətin peşə elə hakimlikdi. Mən bunu hobbi adlandırmazdım. Əgər hakim gününün, demək olar 24 saatını məşqlərə, tədrisə, ingilis dilini öyrənməyə həsr edirsə, bunun nəyi hobbidi? Ağıllı-başlı işdi, burda maaş alırsan. Çox çətin, amma şərəflidi. Bu gün Azərbaycanda biznesmen olsaydım, məni kim tanıyardı? Bəlli bir çevrə. Amma hazırda Azərbaycanda, futbol ictimaiyyətində şərəfli yol getdiyinə görə Əliyev Vüsalı hamı tanıyır. Hakim olmaq istəyən şəxs bilməlidi ki, necə məsuliyyətli işin altına girir. Orda klubların sponsorundan tutmuş inzibatçısına qədər, taleyi, pulu, ayağı, təri ilə “oynayırsan”. Buna görə də, çox məsuliyyətli peşədi.
- Bu peşənin sahibi olmusuzsa, deməli, məsuliyyətli insansız…
- Çox məsuliyyətliyəm. Səhər 7-də durub məşqə gedirdim. 9:00-da işimdə olurdum. Axşam işimi bitirəndən sonra yenə məşqə yollanırdım. Məsuliyyətsiz insandan heç vaxt hakim olmaz.
- Ticarətlə məşğul olduğunuzu dediniz. Ticarətin yalan danışmaq, “atmaq” kimi yazılmamış qanunları var…
- Türkiyədəki 6-7 illik biznesimlə burdakı arasında çox böyük fərqlər var idi. Orda daha asan və düzgün idi. Türkiyədə bir nəfərə desəydim ki, mən bu malı aparıram, pulunu bir həftədən sonra verəcəm, problem yox idi. Amma sən burda bir nəfərə desən ki, ala pulu, malı aparım, 1 həftədən sonra pulunu verərsən, həmin pulu ala bilmərsən. Hazırda da bizneslə məşğulam, o işi davam etdirirəm. Lakin çox çətindi.
“Yolda gördüklərim gözümün qabağından getmirdi”
- Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdı?
- Bəzən elə şeylər olur ki, özümdə “udmağı” bacarıram, ürəyimə salıram. Sonra deyirəm ki, gərək elə etməyəydim. Amma bəlkə də elə etməyim mənə xeyirli olur. Bəzi şeylərin üstündən keçirəm. Karyeramda mənim səhvimdən kiməsə ziyan dəyibsə, hansısa klub 3 xalından olubsa, onu özümə bağışlaya bilmirəm. Təbii ki, onu bilərəkdən etməmişəm. Hər bir hakimin karyerasında həm uğurlu, həm də uğursuz oyunlar olub. Mənim uğursuz oyunlarım az olsa da, olub. Elə hallarda vicdan əzabı çəkirdim. Hətta elə hal olub ki, mətbuat vasitəsilə üzr də istəmişəm. Əgər daxilən bir şeyi hiss edirəmsə, deməli, bu, vicdandı.
- Heç elə bir hal olub ki, ciddi probleminiz ola-ola oyun idarə etməyə çıxmısız?
- Bir dəfə Lənkərana oyuna gedirdim. “Xəzər Lənkəran” – “Qarabağ” matçını idarə edəcəkdim, çox önəmli görüş idi. Salyan yolunda dəhşətli bir şey gördük. Qəza olmuşdu. İnandırım sizi ki, meyitlərin ayaq və qollarının hərəsi bir tərəfdə idi. Oyuna çıxmaq istəmirdim. Amma baxdım ki, ehtiyat hakim həmin görüşün yükünü qaldıra bilməyəcək, meydana çıxmağa razılaşdım. Lakin psixoloji durumumda elə problem yaranmışdı ki, yolda gördüklərim gözümün qabağından getmirdi. Özü də oyun günü getmişdik Lənkərana. Sizə deyim ki, o hadisə ilə əlaqədar, “Xəzər Lənkəran” – “Qarabağ” matçında səhvlərim oldu. Lakin heç kim bunun əsl səbəbini bilmədi. Evdə nəsə problem olanda komitədən xahiş etmişəm, məni anlayışla qarşılayıb, adımı siyahıdan çıxarıblar. Mən bilirəm ki, problemim ola-ola oyunu yaxşı idarə edə bilməyəcəm. Niyə kimisə 3 xalından edib, öz adımı “batırmalıyam”?
“Yuxumda tez-tez kəndimizi görürəm”
- Ən rahat olduğunuz yer haradı?
- Evimdə. İnsanın evindən hüzurlu yer yoxdu.
- Uşaqlığınızın keçdiyi kənd mühitindən ötrü heç darıxırsızmı?
- Çox darıxıram. Bu il gedə bilməmişəm, yuxumda tez-tez kəndimizi görürəm. Mən Culfanın Əbrəqunuz kəndindənəm. Əbrəqunuz köhnə alban adıdı, mənası gözəl məkan deməkdi. Bizim o tərəf çox qədimi yerdi. Qışda getmirəm, çünki soyuq olur. Daha çox yayda gedirəm. Düzdü, Naxçıvan da yayda isti olur. Amma oranın istisi qurudu, bizdə nəmişlik olmur.
- Qonaq getmək və qonaq qəbul etməklə aranız necədi?
- Çox yaxşıdı. Daha çox qonaq qəbul etməyi xoşlayıram. O evə ki qonaq gəlmirsə, onun ruzisi olmaz. Evə nə qədər çox qonaq gələrsə, ruzisi ondan qabaq gələr. Özüm çox qonaq getmirəm. Çünki getdiyim yerdə o qədər də rahat olmuram.
“Kotlet, yarpaq dolması, bir də küftə”
- Yeməklə aranız necədi?
- Pis deyil. Azərbaycan mətbəxi çox zəngindi. Daha çox kotlet, yarpaq dolması, bir də küftəni xoşlayıram.
- Özünüz necə, yemək bişirməyi bacarırsızmı?
- İstanbulda tək yaşadığımdan, yemək bişirməyi öyrənmişdim. Ordakı dostlarım deyirdi ki, yemək bişirsəydin, yeyərdik (gülür). İş elə idi ki, məcbur öyrənmişdim.
- İndinin özündə heç elə bir an olurmu ki, mətbəxə keçəsiz?
- Xeyr. Xanımım buna imkan verməz. Özümdə də istək olmur ki, mətbəxə keçim.
- Zarafatcılsız?
- Zarafatla aram əladı. Amma yerində və zamanında. Bizim getdiyimiz bir yer var, orda tanıdığımız insanlar olur. Oturub, zarafat edirik. Amma görsəm ki, qarşımdakı insan bikefdi, zarafat eləmərəm. Zarafat edən insanlar deyib-gülməlidi.
“O, “Sona bülbüllər”i oxuyanda az qalıram özümdən gedəm”
- Balıqçılıq, ovçuluqdan başqa nəyə marağınız var?
- Bilyard oynağı xoşlayıram. Ova tez-tez gedirəm. Hazırda ov mövsümüdü. Düzdü, indi imkan vermirlər, lisenziya ala bilmirik (gülürük). Bir də həftədə 2-3 dəfə futbol oynayıram. Musiqi dinləməyi, mütaliə etməyi də xoşlayıram. Vaxt olanda internet vasitəsilə hakimlik haqda yeni şeylər axtarıram.
- Kimin musiqilərini dinləyirsiz?
- Muğamı sevirəm. Alim Qasımov, Arif Babayevi çox xoşlayıram. Qədir Rüstəmov “Sona bülbüllər”i oxuyanda az qalıram özümdən gedəm. Estrada müğənnilərini dinləmirəm. Mənimki muğamdı, lirikadı. Allah rəhmət eləsin, Məhəbbət Kazımovun musiqilərini çox bəyənirəm. “Laçınım” mahnısını dinləyəndə həzz alıram.
- Soyuqqanlısız, yoxsa tez reaksiya verirsiz?
- Bəzi hallarda tez reaksiya verirəm. Bu da dəliqanlılıqdan irəli gələn bir şeydi. Getdiyim yerdə görsəm ki, kimsə başqasına haqsızlıq edir, dərhal qarışaram. Qoymaram ki, həmin adamın haqqı yeyilsin. Buna görə başım çox bəlalar çəkib. Amma yenə xasiyyətim dəyişməyib.
“Məhlə-məhləyə dalaşardıq, 5 nəfər bizdən, 5 nəfər onlardan”
- Davakar olmusuz?
- İndi davakar deyiləm. Amma yeri gələndə dava edərəm. Uşaqlıqda isə çox savaşardım.
- Daha çox nəyin üstündə dalaşmısız?
- Uşaqlıqda daha çox nəyin üstündə dava edirlər?
- Qız üstündə…
- Ay sağ ol. Elə qız üstündə dalaşırdıq da (gülürük). Çox olub elə davalarım. 9-10-cu siniflərdə çox dalaşqan idim. Məhəllə-məhəllə savaşardıq, 5 nəfər bizdən, 5 nəfər onlardan. Deyərdik ki, xeyir ola, bizim məhəllə gəlmisən? Belə hallar çox olardı. İndi tam başqadı. Artıq dalaşmaq olmaz, çünki yaşımız ona imkan vermir. İnsan yaşlaşdıqca səbirli olur. Ağlın da imkan verməz ki, başqa hərəkət edəsən. Amma bəzi cavanların hərəkətləri adamın xoşuna gəlmir və məcbur reaksiya verirsən. Ümumilikdə, cavanlarımız sağ olsunlar, qanacaqlı, mərifətlidilər. Hamı eyni deyil ki.
“Oyun başlamamış bilirdim ki, ona “sarı” verəcəm”
- Meydanda bir çox futbolçularla qarşılaşmısız. İnsani cəhətdən ən yaxşı kimi hesab edirsiz?
- Şəxsi keyfiyyətlərinə görə, Ceyhun Sultanovu. Mən ona sarı vərəqə göstərəndə utanırdım. Elvin Məmmədovun da adını çəkim. Allah onun atasına rəhmət eləsin, bu il dünyasını dəyişdi. Həmişə deyirdim ki, Elvin, sənə kim tərbiyə veribsə, Allah onun canını sağ eləsin. Elvin kimi insanlara qibtə edirəm. Hazırda “Kəpəz”də oynayan Şəhriyar Əliyevi də qeyd edərdim. Mənə qarşı çox hörmət ediblər. Biri elə Kamran. Onu çox adam bəyənmir, deyir ki, dəliqanlıdı. Qardaş, onu o həddə çıxarmayın da. Futbolçu oynayır, tər axıdır, əziyyət çəkir. Kamranın bir psixologiyası var, onu tutmaq lazımdı. Günah səndədi ki, tuta bilmirsən. Emin Quliyevi bəyənmirdilər. Amma ondan soruşun ki, nə vaxtsa mənimlə problemi olubmu? İnsanların psixologiyasını bilmək lazımdı. Sağ olsunlar, hamısı mənə hörmət edib. Mahir Şükürov da, Rəşad Sadıqov da. Mən Rəşadı o vaxtdan tanıyıram, indinin özündə ağsaqqaldı. Həm “Qarabağ”da, həm millidə kapitan, ağsaqqal sayılır. Heç kim deyə bilməz ki, Rəşad bu vaxta qədər mənə qarşı hörmətsizlik edib. Hakimlik edəndə də görürdüm ki, avtoritetdi. İndinin özündə də qarşılıqlı hörmətimiz var.
- Bəs ipə-sapa yatmayanlar...
- Elələrinə yerlərini bildirirdim. Təbii ki, adlarını çəkməyəcəm. İnandırım sizi, eləsi var idi ki, mən oyuna çıxanda sarı vərəqə yerində onun nömrəsini yazırdım, dəqiqəsini saxlayırdım. Bilirdim ki, ona “sarı” verəcəm. Əgər hakiməmsə, deməli, 90 dəqiqə oyunu idarə edən mən olacam. Sən mənə imkan verməsən, mən səni oynamağa qoymayacam. Sən futbolunu rahat oyna, mən də sənə dəyməyim. Futbol su kimi o yana, bu yana axır. Əgər onun qabağına daş qoyursansa, mən buna imkan vermərəm axı.
- Həyatınızda bundan sonra hədəfləriniz nədən ibarətdi?
- Artıq 45 yaşım var. Bundan sonra Allahdan ilk növbədə ailəmə, dostlarıma, yaxınlarıma, bizi sevən insanlara can sağlığı istəyə bilərəm. Bircə onu arzu edirəm ki, mən yaşadığım dövrdə işğal altında olan torpaqlarımız azad edilsin, Ağdamda oyun keçirilsin və mən də orda hakim-inspektor olum. Bir də istərdim ki, hakimlik, Azərbaycan futbolu inkişaf etsin, dünya və Avropa çempionatlarının final mərhələsində təmsil olunaq.