"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov
20 dekabr 2020 19:43 (UTC +04:00)

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov

“Heç-heçə bizim üçün pis nəticə deyil” - Rəşad Sadıqov

"Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Mövsümün ən baxımlı görüşlərindən birini izlədik".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XII turunda evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis hər iki komandanın meydana qələbə üçün çıxdığını bildirib: "Gedişat elə idi, hücum etdikdə qapımızda qollar gördük. İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımi səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi".

Sadıqov "Sumqayıt"ın çempionatda ən təhlükəli komanda olduğunu söyləyib: "Bunu əvvəlki oyunlarına baxanda da görmək olar. Bu komandaya qarşı matçlar hər zaman çətin olur. İlk dövrədəki oyunumuz da gərgin keçmişdi. Orada da eyni vəziyyət olmuşdu. Biz yaxşı oynamışdıq, rəqib əlinə düşən fürsətləri dəyərləndirmişdi. Bu gün iki dəfə hesabda geri düşdüyümüzü nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil. Ən azı "Sumqayıt"la xal fərqini saxladıq. "Keşlə"nin məğlub olduğunu eşitdim. Belədə 1 xal daha da dəyərli olur".

Baş məşqçinin sözlərinə görə, fasilədə sistem dəyişikliyi edib: "Matça 4-3-3 sxemi ilə başlasaq da, ikinci hissədə 4-2-3-1 sisteminə keçdik. Çünki hesabda geridə idik. Rəqib bizi yaxşı analiz etmişdi. Hücum etməyə imkan vermirdi. Bizdə sistemi dəyişib rəqibin müdafiəsində çaşbaşlıq yaratmaq istədik. Açığı, effekt də verdi. Bəzi epizodlarda Ruslan Qurbanov mövqe səhvlərinə yol verdi. Çünki öyrəşdiyi mövqe deyildi. Məcburiyyətdən onu hücumun arxasına pleymeyker kimi qoymuşdum. Əslində Ağabala Ramazanovla yaxşı rotasiyalar edirdi. Hər ikisində qol imkanları oldu. Ümumi götürsək, ikinci hissədən çox razı qaldım".

Hakimlik barədə da danışan Sadıqov bunları deyib: "İdarəçilik yaxşı səviyyədə oldu. Bəzən epizodlara fərqli reaksiya verirdim. Bu da oyunun gərginliyi ilə bağlı idi".

# 2253
avatar

Oxşar yazılar