Çempionlar Liqası:  "Neftçi" "Olimpiakos"la qarşılaşacaq
28 iyul 2021 05:20 (UTC +04:00)

Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"la qarşılaşacaq

 

Azərbaycan çempionu “Neftçi” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Paytaxt təmsilçisi öz meydanında Yunanıstan “Olimpiakos”u ilə görüşəcək. Namik Ələskərovla Mert Çelikin xidmətindən məhrum olan Samir Abasov yetirmələrini qələbə üçün meydana çıxaracaq.

Səfərdə 0:1 hesabı ilə uduzan “Neftçi” mütləq qalib gəlməlidir. Tur adlamaq üçün “ağ-qaralar” 2 top fərqi ilə qələbə qazanmalıdır. Minimal fərq cütün taleyini penaltilər seriyasına daşıyacaq.

Pireylilərlə görüş çempionumuzun avrokubok taleyinə də aydınlıq gətirəcək. Bakılıların III təsnifat mərhələsini harada keçirməsi bu görüşdən asılıdır. “Olimpiakos” səddi keçilsə, təmsilçimiz yoluna Çempionlar Liqasında davam edəcək. Cütdə uduzan komanda isə Avropa Liqasına yollanacaq.

Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 3-4-də və 10-da keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: 
Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:1

# 1449
avatar

Oxşar yazılar