taxi
14:05 25 noyabr 2020

Nakam sevgi, “kişi sözü”nün nisgili, “müfəttiş”in lənəti... – HƏYAT HEKAYƏTİ

madeyra

Əjdər Həmidov teatrda Otello, Hamlet oynayan aktyorlardan deyil. Özünəməxsus, xarakterik, kiçik obrazlar oynayıb. Kinoda da həmçinin. Di gəl, rolları yadda qalandı. Bir elə “Kişi sözü” filmindəki Qasımın, “Lətifə” filmindəki Əhmədin adını çəkmək kifayət edər ki, dərhal obrazın dilindən sitat səslənsin.

 

Bununla belə, dünən dünyasını dəyişən Xalq artisti Əjdər Həmidov Azərbaycan mədəniyyəti - kinosu və teatrında potensialından olduğu qədər istifadə edilməmiş daha bir nakam aktyor kimi getdi, təəssüf ki…

 

Fakturalı aktyor neçə-neçə faciəli komediya filmlərinin qəhrəmanı ola bilərdi.

 

Lent.az Xalq artisti Əjdər Həmidovun həyat hekayətini təqdim edir.

 

28 sentyabr 1953-cü ildə indiki Şabran, keçmiş Dəvəçi rayonunun Aygünlü kəndində anadan olub. Ailədə dörd uşaq olublar - iki bacı, iki qardaş. Anası məktəbdə Əjdərin riyaziyyat müəllimi idi. Əjdər də müəllim uşağı olduğu üçün deyil, təbiətinə görə sakit, həlim, yolayatımlı uşaq imiş. Hərdən atası ondan nigaranlığını büruzə verirmiş ki, ay bala, sən bu qədər sakitliklə həyatda necə baş çıxaracaqsan…

 

Ailədə uşaqlar hamısı oxuyan olublar, kimisi hüquqa, kimisi riyaziyyat sahəsinə yiyələnib, Əjdər isə aktyor olub. Adətən, müsahibim olan aktyorlardan eyni sözləri eşitmişəm: “Evdə aktyor olmağımı istəmirdilər, mən inadım sayəsində gəldim bu sənətə”. Əjdər Həmidovdan isə əksini eşitmişəm: “Mənim aktyor olmağımı atam istəyib, bilmirəm, məndəki aktyorluq istedadını, nədən, necə duymuşdu, dedi ki, sən yaxşı aktyor olacaqsan”.

 

İmtahanı ondan Rza Təhmasib götürüb. Onun sinfində də oxumalı idi. Necə olubsa, Adil İsgəndərovun kursuna düşüb. Həmin kurs müəllimin sonuncu kursu olub. Onlar ikinci kursda olanda Adil İsgəndərov dünyasını dəyişib. Əjdər Həmidov danışırdı ki, evdə atam da xəstə idi: “Ailədən üç uşaq Bakıda ali təhsil alırdıq. Onsuz da ağır halımızda mənə dayaq olan Adil İsgəndərovu itirməyim məni depressiyaya saldı. Bir şey eləmirdi mənə, sadəcə, sözlə, mənəvi halda adama kömək olurdu. Bacım, qardaşım və mən Bakıda çox ağır şəraitdə, çətinliklə universiteti bitirdik. Yadımdadır, qardaşım bir plaş almışdı, ikimiz növbə ilə geyinirdik. 4 il tələbə yataqxanasında qaldım. İnstitutu bitirdikdən sonra məni təyinatla Sumqayıt Dram Teatrına göndərdilər. Yataqxanadan çıxmalı oldum. Amma kirayə ev tutmağa pulum yox idi. Ucuz ev axtarmağa başladım. Bir maşın qarajı var idi, ev düzəltmişdilər. Bir müddət orada qaldım. Sonra işləyib, borc-xərc edib, balaca, birotaqlı ucuz ev aldım. Maaşım çox az olduğu üçün maddi çətinliyim çox idi”.

 

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən Əjdər Həmidovun ilk iş yeri Sumqayıt Dövlət Musiqili Dram Teatrı olub. Kasıb əyalət aktyoru bir dəfə təsadüfən kinorejissorun diqqətini çəkir.

“Sumqayıt teatrında işləyirdim. Təsadüf həyatda çox mətləbləri həll edir. Bir gün Milli Dram Teatrına dostum Mərahim Fərzəlibəyovla görüşməyə gəlmişdim, dedi ki, gözlə teatrın qarşısında, indi gəlirəm. Durub gözləyirdim, gördüm ki, bir nəfər keçir, bu tərəfdən mənə baxır, qayıdır o tərəfdən baxır. Mən də tanımıram, bilmirəm bu adam rejissordur, bir az acığıma gəldi. O da gördü ki, qaş-qabağım zəhərə döndü, gülümsəyib yaxınlaşdı mənə. Dedi ki, sizi filmə çəkmək istəyirəm, gəlin kinostudiyaya. Ona qədər Cahangir "Evlənmək istəyirəm" filmini çəkmişdi, sözünü demiş rejissor idi. Məni sınaq çəkilişlərinə dəvət etdilər, getdim gördüm ki, Qasım roluna sınağa gələn çoxdur. Amma mən keçdim. "Kişi sözü" filmi və Qasım rolu mənim kinoda vizit kartım oldu. Ondan sonra 21 filmə çəkildim”.

 

“Kişi sözü” bir növ Əjdər Həmidovun vizit kartı olur həyatda və sənətdə. Film uğurlu alınmışdı, Qasım obrazının bu uğurda xüsusi rolu vardı. Özünün də etiraf etdiyi kimi, həyatda yaşadığı nakam sevgini yaradıb filmdə. 10 il sevdiyi qızla sonunda ayrılmalı olub. Nakam sevgi ağrılı olur, bir ömür boyu o sevginin yaratdığı boşluğu dolduracaq nə isə axtarırsan… Əjdər Həmidovda da bu hal olmamış deyildi, sonradan ailə uşaq sahibi olsa belə…

 

O filmdən sonra onu Akademik Milli Dram teatrına dəvət edirlər.

 

Teatrın aktyor heyətinə isə 1990-cı qəbul edilib. O 90-cı il ki, Azərbaycanda bütün sahələrdə tənəzzül vardı. Bu tənəzzüldən ən çox əziyyət çəkən də elə teatr və kino oldu. Dirçəlişə qədər bütöv bir nəsil özünütəsdiq yolunu tapa bilmədi.

 

Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb. Çox sadalamayacam, çünki oxucunun belə siyahıları sevmədiyini bilirəm.

 

Kinoda isə "Kişi sözü"ndən sonra "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və özü dediyi kimi, 21 filmə çəkilib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı da yaddaşlarda qalıb. Ondan sonar "Azarkeş", "Yaz yuxuları", bir də "Məxfi plan" filmləri gəlir və yaddaşlarda var.

 

Vaqif Mustafayev onu "Yerlə göy arasında", "Hər şey yaxşılığa doğru", "Milli bomba" , "Yoxlama" filmlərinə çəkib: “ Sonuncu film mənim üçün əsl kino məktəbi idi. Vaqif kimi rejissorla işləmək çox çətindir, həm də asandır. Ona görə çətindir ki, o peşəkardır. O filmdə çox əziyyət çəkdim. Bir dəfə çəkilişdən çıxıb teatrdan məvacibimi almağa gəldim, həmin qrimdə idim. Teatrın girişindən keçəndə gözətçilər məni saxladılar ki, hara gedirsiniz? Dedim mən Əjdərəm, təəccüblə baxdılar üzümə, dedilər az qala tanımamışdıq sizi. Getdim ki, teatrın bufetinə çay içməyə, Sənubər gördüm arxadan soruşur ki, bu kimdir bizim bufetdə? Mən də özüm məqsədli şəkildə həmin qrimlə evə getdim, evin xanımı əlindən sinini saldı yerə, elə bildi ölüb-dirilib durmuşam qarşısında. Filmdə tryukların da çoxunu özüm eləmişdim. Moskvada bu film Qran-pri aldı”.

 

“Yoxlama” filminin çəkilişlərində kaskadyor çəkilməli olan səhnələrdə də aktyor özü çəkilib. Saçının rəngini rəng alınana qədər bir neçə dəfə dəyişməli olub. Bu filmdə çəkdiyi mənəvi, fiziki və psixoloji gərginlikdən çəkilişlərdən sonra iki il müalicə almalı olub. Bakıdan çıxıb gedib rayonda yaşayıb ki, vəziyyətdən çıxa bilsin, iki dəfə intihara cəhd edib. Sonralar teatrda oynadığı tamaşalarla həyata qayıtsa da, o vaxtdan tapdığı təzyiq xəstəliyi onunla əbədi qalıb.

 

Teatrdakı rolları böyük deyil, əsasən xarakterik obrazlardır. Xarakterik obraz hər aktyorun mətbəxinin, potensialının məhsulu deyil. Hər aktyora da qismət olan xoşbəxtlik deyil xarakterik rol. İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli kimi nəhəng aktyorlar teatrda işləyiblər ömür boyu, amma kinolarla tanınıblar. Həmçinin Əliağa Ağayev. Filmə çəkilməsəydi, indi onu kim tanıyardı? Hökümə Qurbanova teatrda həmişə baş rollar oyanıb, filmə çox çəkilmədiyi üçün indi xatırlanmır, tanımırlar. Əjdər Həmidovun da teatr yaradıcılığını az tamaşaçı xatırlayar, filmlərdən tanıyırlar.

 

Belə bir aktyoru itirdik dünən. 67 yaşında insult həyatına son qoydu.

 

“Daxilən nə çəkirik, özümüz bilirik, amma işimiz odur ki, beş adam üçün də beş yüz üçün oynadığımız kimi oynamalıyıq. Dünyada gedən prosesdir, zaman gələcək hər şey dəyişəcək. Heç nə məhv olmur, enmələr və qalxmalar baş verir”...

 

 

# 12547
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar