Milyonluq DAVA:  Zamiq Xankişiyevin aldatdığı biznesmen DANIŞDI
06 mart 2026 11:29 (UTC +04:00)

Milyonluq DAVA: Zamiq Xankişiyevin aldatdığı biznesmen DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə dövlət ittihamçısının zərərçəkənə sualları ilə davam edib.

Zərərçəkən Pərviz Səlimov Z.Xankişiyevin ona və başqa bir neçə şəxsə külli miqdarda borcu olduğunu deyib:

"109 000 manatlıq sementi Zamiqə mənim Murad adlı dostumun şirkəti verib. Mənə hər dəfə deyirdi ki, "Sea Breeze"dən alacağı məbləğlə borcunu ödəyəcək, amma ödəmədi. Dəfələrlə zəng elədim özünə və atasına, götürmədi. Zamiqin əvvəllər 250 000 borcu vardı. Bir müdddətdən sonra öyrəndim ki, bu adamın ən azı 40 nəfərə 7-8 milyon borcu var imiş. Atası Fəyyaz müəllim Bakıya gələndə mənə dedi ki, biz kirvəyik, dostuq, zavodumuz işləyir, yük maşınlarımız var, hələ "Sea Breeze"ə də mal veririk, alacağımızı alıb sənin borcunu verəcəyik. Zamiqə verdiyim daşınma və sementə görə başqalarına borcum yaranıb. Mənə dəyən 572 000 manat  puldan heç bir məbləğ ödənilməyib, pulumu tələb edirəm".

Növbəti proses 10 aprel 16:30-a təyin olunub.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi göstərib bir neçə nəfərin etibarından sui- istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev saxlanılandan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib. Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı Pərviz Səlimovdur.

O, iş adamına Neftçaladakı "Olimpiya İdman Kompleksi"nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə söz versə də, bundan yayınıb və həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra Pərvizin "Maserati Ghibli" avtomobilini dəyərindən çox ucuz qiymətə, 48 min ABŞ dollarına sataraq pulu mənimsəyib. O, bundan başqa iş adamına məxsus daha bir "Mersedes-Benz  S-Klass"markalı avtomobilini 85 min ABŞ dollarına satıb. Onun 50 min ABŞ dollarını qaytarsa da, 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı Pərvizin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan başqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edib külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. O,  S. V-nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə olub. O, işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi "Kia" markalı avtomobili verməyərək həmin məbləği də mənimsəyib.

Hakim Elnur Nuriyev təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə 10 ildən 15-dək məhkum oluna biləcəyini xatırlatsa da, Xankişiyev buna görə özünü təqsirli bilməyib.  

Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub. 

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq  Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar