Martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirilib. Heydər Əliyev adına Hava Limanında cənazəni qarşılamağa gələnlər arasında Nərminin ailə üzvləri, dostları və onun yardım kampaniyasında yaxından iştirak edən şəxslər də olub.
Türkiyədən Azərbaycana gələn və səhər saat 7-də Bakıya enən təyyarə ilə gətirilən cənazəni Nərminin ailə üzvləri və dostları gözyaşı içində qarşılayıblar.
APA TV-nin xəbərinə görə, Heydər Əliyev Hava Limanında təxminən yarım saat çəkən sənədləşmədən sonra Nərminin cənazəsi ailə üzvlərinə təhvil verilib.
Qeyd edək ki, yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər. Nərminin xaricdə müalicəsi üçün 150 min avro lazım olub. Qısa zamanda Nərmin üçün yardım kampaniyası başlanılıb. Kampaniyaya xeyli insan və təşkilat qoşulub. Hətta məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti Nərminə yönəldib. Hər kəsdə fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınan Nərminin sağlığa qovuşaraq vətənə qayıdacağı ümidi var idi. Lakin olmadı, martın 10-da Nərminin ölüm xəbəri gəldi.