Sabiq nazir müavininin məhkəməsində şahidlər üzləşdirildi
27 noyabr 2015 14:43 (UTC +04:00)

Sabiq nazir müavininin məhkəməsində şahidlər üzləşdirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə dindirilən şahidlərdən Nəriman Niftəliyev və Rauf Aşurov yenidən dindirilib. Buna səbəb onların bir-birinə qarşı ziddiyyətli ifadələri olub.

Belə ki, Mehman Səlimov ifadəsində layihə çəkən şirkətin rəhbəri olan Rauf Aşurova Nəriman Niftəliyev vasitəsi ilə 20 min manat pul göndərdiyini bildirib. Nəriman Niftəliyev bundan əvvəlki proseslərdə həmin pulun Rauf Aşurova ödənildiyini məhkəmədə ifadə verən zaman qeyd edib.

Eləcə də, Rauf Aşurov ifadə verərkən həmin pulun ona ödənilmədiyini iddia edib. Ona görə hər iki şəxs yenidən məhkəmədə üzləşdirilib.

Rauf Aşurov üzləşmə zamanı bildirib ki, ilk olaraq Mehman Səlimovun tikinti şirkəti ilə 3 layihə üzrə 55 min manat razılaşıblar. Sonra isə layihənin birindən imtina olunub. Bunun qarşılığında ona ödəniləcək məbləğ 40 min manat olub: “Bir də Nərimanın vasitəsi ilə mənə 10 min pul göndərdilər. Həmin vaxt dedim ki, mənə pul lazım deyil. İlk olaraq geoloji işlərin görülməsini həll edin. Mənim ofisimə geoloqlar gəldi. 13 min 800 manata razılaşdıq. 3 min beh aldılar. Mənim özüm də 3 min götürdüm. Qalan pulu Nəriman götürdü. Dedim ki, sən elektrik işlərini həll elə. Bir həftədən sonra Mehman müəllim 10 min manat da göndərdi. Həmin pul geoloqların pulunun qalanına ödənildi. Onlardan sənədləri təhvil alıb, işləri tamamladım. Mehman müəllimə xəbər göndərdim ki, işlər hazırdır. Haqq-hesab edək. Gəldi, məlum oldu ki, Mehman müəllim həmin geoloji işləri də mənimlə bağlanan müqaviləyə salıb. Aramızda mübahisə düşdü. Sonda razılaşdıq ki, iki dənə 10 minlik müqavilə imzalayaq. Onu ödəsinlər. Oradan da 7 min getmişdi deyə, dedim siz 13 min ödəyin, mən kassa mədaxilində onu 20 min manat kimi göstərəcəyəm. Mənə 10 günə pulumun ödəniləcəyini dedilər. Orda dedim ki, mən sizə zəng etməyəcəyəm. Versəniz sağ olun, verməsəniz də özünüz bilərsiniz. O pul mənə ödənmədi”.

Nəriman Niftəliyev də Rauf Aşurovun verdiyi ifadəni təsdiqləyib.

Məhkəmədə şahid qismində İlham Məmmədov ifadə verib. O, ifadəsində əvvəllər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühəndis işlədiyini qeyd edib: “Mehman Səlimovu tanıyıram. Nazir müavinimiz olub. Sonradan nazirliyin sifarişi ilə tikinti işləri həyata keçirirdi. Məni də Mehman Səlimovun apardığı tikinti yerlərinə təhkim eləmişdilər. İşimizin adı ondan ibarət idi ki, M. Səlimovun gördüyü işlərə nəzarət edim.  Mən işin keyfiyyətinə, həcminə baxırdım. İstintaqa verdiyim ifadələri təsdiqləyirəm”.

M. Səlimovun vəkili vəsatətlə çıxış edib. O, çıxışında Mehman Səlimovun həbsindən sonra onun tam başa çatdırmadığı tikintinin hansı şirkətə verildiyini bilmək məqsədilə sorğu verilməsini istəyib. O, həmin şirkətinin rəhbərlərinin məhkəməyə əlavə şahid qismində çağırılmasını istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses dekabrın 4-də davam edəcək.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Mehman Səlimov 1995-99-cu müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub. Müdafiə Nazirliyi sistemindən istefa verdikdən sonra onun tikinti biznesi ilə məşğul olduğuna dair məlumatlar var idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114
avatar

Səlcuq Elçin

Oxşar yazılar