Nazirliklər sosial xidmət sifarişlərini bələdiyyələrə deyil, ixtisaslaşmış təşkilatlara verməyi üstün tutur
Bundan sonra dövlət orqanlarının sifarişləri əsasında həyata keçirilən sosial xidmət layihələrində bələdiyyələr də iştirak edə biləcək. Bu, Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 330 saylı qərarı ilə təsdiq edilmiş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən, qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası” ilə tənzimlənəcək. Həmin qaydalarda deyilir ki, dövlət sifarişləri bələdiyyələr, fiziki və hüquqi şəxslər, QHT-lər tərəfindən bilavasitə həyata keçirilən sosial proqram, layihə və ya ayrı-ayrı tədbirlərdən ibarət olmaqla, sosial xidmət üzrə vəzifələrin yerinə yetirilməsinə yönəldilir. Dövlət sifarişləri müsabiqə əsasında verilir və bunun üçün sosial xidmət üzrə sifarişlərin profilinə uyğun olaraq Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, yerli icra hakimiyyəti orqanlarında xüsusi komissiya yaradılır. Müvafiq dövlət orqanlarının mütəxəssislərinin təmsil olunduğu komissiyada bələdiyyələrə maraqlı olan məsələlərə baxıldıqda onların nümayəndələri də iclaslara dəvət edilməlidir.
Bəs, dövlət orqanları sosial xidmətlər üzrə sifarişlərini bələdiyyələrə verməkdə nə dərəcədə maraqlı olacaq? Ümumiyyətlə, söhbət hansı növ sosial xidmətlərdən gedir gedir?
Lent.az bu və ya digər suallara aydınlıq gətirmək üçün sosial xidmət layihələrinin sifarişçisi olan dövlət qurumlarının mövqeyini öyrənib. Amma hələlik dövlət qurumlarının hansı sosial sifarişləri bələdiyyələrə, QHT və ya fiziki şəxslərə verə biləcəyinə aydınlıq gətirək. Bəri başdan deyək ki, bu növ xidmətlərin əhatə dairəsi “Sosial xidmətlər haqqında” qanunla müəyyən edilir. Həmin qanunun 23-cü maddəsində göstərilir ki, təyinatından asılı olaraq sosial xidmətlər 7 növdən ibarətdir: sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji, sosial-iqtisadi, sosial-hüquqi və palliativ (müalicəsi mümkün olmayan şəxslərə və onların ailə üzvlərinə yardım) xidmətlər. Bu cür xidmətlərin göstərilməsi üçün əsas sayılan şərtlərin əhatə dairəsi isə xeyli genişdir. Belə ki, aşağıdakı əsaslardan ən azı biri olduqda şəxs və ya ailə aidiyyəti qurumlar tərəfindən sosial xidmətlə təmin olunmalıdır:
- uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;
- uşaqların sağlamlıq imkanlarının məhdud olması;
- yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
- xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması;
- şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
- insan alverinin qurbanı olması;
- məişət zorakılığından zərər çəkməsi;
- müəyyən yaşayış yerinin olmaması;
- valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;
- şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.
Qanunun 24-cü maddəsində deyilir ki, sosial xidmət dövlət büdcəsinin vəsaiti, ödənişli əsaslarla sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri, qrantlar, eləcə də qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
Nazirliklər bələdiyyələrə güvənmir
Xatırladaq ki, bu xidmətlərin böyük əksəriyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qismi isə Təhsil və Səhiyyə nazirlikləri həyata keçirir. Buna qədər həmin sosial xidmətlərin təşkilində QHT-lər və fiziki şəxslər də müəyyən dərəcədə iştirak edirdi. Nazirlər Kabinetinin məlum qərarı isə məhz bələdiyyələrin də bu xidmətlərin təşkilində iştirakını nəzərdə tutur. Ancaq aidiyyəti nazirliklər bu xidmətlər üzrə sifarişlərini bələdiyyələrə verməkdə o qədər də maraqlı deyil. Daha doğrusu, həmin qurumlar bu məsələdə bələdiyyələrə güvənmir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ahıl və qocalara, əlillərə qayğı, eləcə də bəzi reabilitasiya xidmətləri üzrə dövlət sifarişlərinin bələdiyyələrə verilməsini o qədər də asan məsələ hesab etmirlər. Nazirliyin sosial xidmətin təşkili sektorunun müdiri Vüqar Behbudov bildirir ki, bələdiyyələrin bu cür sifarişləri yerinə yetirə bilməsi üçün potensialı və peşəkar kadrların olması əsas şərtdir: “Biz dövlət sifarişlərini elə-belə vermirik, bələdiyyələr pul qazanmaq üçün sifarişlərimizi istəyirlərsə, tələblərimizi yerinə yetirməlidirlər. Əks halda bu qurumların müraciətlərinə müsbət cavab verilməyəcək. Biz dövlət sifarişlərini ixtisaslaşmış institutlara və donor təşkilatlara verməyi daha məqsədəuyğun sayırıq. Çünki onlar dəfələrlə bizim dövlət sifarişlərini lazımi səviyyədə yerinə yetiriblər və artıq müəyyən təcrübələri var. Amma bələdiyyələrin bu sahədə təcrübəsi olmadığından onlara güvənmək çox qəliz görünür”.
Vüqar Behbudov deyir ki, bu məsələdə əsas məqsəd sosial xidmət sifarişlərini kimin daha yüksək və keyfiyyətli şəkildə yerinə yetirə biləcəyini müəyyənləşdirməkdir. Onun sözlərinə görə, nazirlik sağlamlıq imkanları məhdud uşaqlara sosial-reabilitasiya xidmətlərinin göstərilməsi üzrə dövlət sifarişlərinin yerinə yetirilməsində daha çox maraqlıdır: “Bu xidmətin icrası üçün ixtisaslaşdırılmış institutlara və donor təşkilatlarına həmişə ehtiyac duyulur. Amma bu işin bələdiyyələr tərəfindən icra edilə biləcəyinə inanmıram. Çünki həmin qurumların bu işi yerinə yetirə biləcək peşəkar kadrları yoxdur. Bizim dövlət sifarişlərimizi yerinə yetirmək arzusunda bələdiyyələrə də tövsiyə edirəm ki, «Sosial xidmət haqqında» qanunu diqqətlə oxusunlar və analiz etsinlər. Əgər onların potensial və maliyyə imkanları, eləcə də kadrları varsa, buyurub müraciət etsinlər. Biz də müsabiqə yolu ilə elan edəcəyimiz dövlət sifarişlərinin onlara verilməsinin məsləhətli olub-olmamasını dəqiqləşdirək”.
“Sifarişlərimiz olsa...”
Təhsil Nazirliyi isə özünün sosial xidmət layihələrində bələdiyyələrin də iştirakına hüquqi imkanların yaradılmasını müsbət dəyərləndirirlər. Nazirlikdə deyirlər ki, bu qurumun sosial xidmət sifarişləri əsasən əlil uşaqlar üçün təhsil şəraitinin yaradılmasından ibarətdir və belə sifarişlər bir qayda olaraq QHT-lər və fiziki şəxslərə verilir. Nazirlikdə bu cür sosial xidmətlərin təşkili, layihələrin hazırlanması və həyata keçirilməsi ilə De-institutlaşdırma və Uşaqların Müdafiəsi İdarəsi məşğul olur.
İdarəsinin rəisi Məlahət Hacıyeva bildirir ki, hazırda nazirliyin özünün birbaşa sosial xidmət sifarişləri yoxdur və bu qurum belə layihələri bir qayda olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi ilə birgə təşkil edir. Onun sözlərinə görə, ötən il yalnız “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində əlilliyi olan uşaqların müstəqil həyat bacarıqlarının inkişaf etdirilməsi və ailələrinə dəstək məqsədilə reabilitasiya mərkəzləri yaradılıb: “Amma nazirlik tərəfindən “2013-2020-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin inkişafına dair Dövlət Proqramı” hazırlanıb. Burada bütün təhsil pillələri üzrə inkluziv təhsilin təşkil edilməsi üçün qanunvericiliyin dəyişdirilməsi, əlil uşaqların təhsilə cəlb olunması və sosial inteqrasiyası ilə bağlı müvafiq xidmətlərin yaradılması nəzərdə tutulur. Nazirlər Kabineti bu sənədi təsdiqləsə, bunun bazasında sosial layihələr hazırlana və həyata keçirilə bilər. Yəni bu proqram qəbul olunarsa, yəqin ki, müəyyən sifarişlərimiz olacaq və həmin sifarişlərdə bələdiyyələr də iştirak edəcək”.
Məlahət Hacıyeva deyib ki, Təhsil Nazirliyi səlahiyyətləri və imkanı daxilində bələdiyyələrin özünün təhsillə bağlı sosial xidmət layihələrinə də dəstək verə bilər. Müxtəlif QHT-lərlə bu sahədə daim əməkdaşlıq etdiklərini bildirən nazirlik rəsmisi buna misal olaraq əlilliyi olan uşaqlara evdə mobil reabilitasiya xidmətinin göstərilməsi üçün “Sosial xidmətlər təşəbbüsü” İctimai Birliyinə dəstək verildiyini söyləyir: “Bu layihə çərçivəsində Bakı, Ağsu, Quba və İsmayıllıda 10 əlil uşaq evdə təhsilə cəlb olunub. Həmin təşkilat tərəfindən təhkim edilən erqoterapevt (inkişaf terapevti) və pedaqoqların birgə fəaliyyəti nəticəsində bu uşaqların ümumtəhsil siniflərdə tədrisə cəlb edilməsinə nail olunub. Təhsil Nazirliyi bələdiyyələrin də belə layihələrə dəstək verməyə hazırdır”.
Təhsil Nazirliyində olduğu kimi, Səhiyyə Nazirliyinin də özünün birbaşa sosial xidmət sifarişləri olmur. Nazirlikdə bildirirlər ki, belə xidmətlər daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxil olduğundan dövlət sifarişlərini də bu qurum verir. Səhiyyə Nazirliyi isə tibbi xidmətin təşkilinə dair sosial sifarişlərdə sifarişçi deyil, tərəfdaş kimi iştirak edir.
Beləliklə, dövlət orqanlarının sosial xidmət sifarişlərində bələdiyyələrin nə dərəcədə iştirak edə biləcəyi daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən asılı olacaq. Nazirlik isə bu məsələdə bələdiyyələrə o qədər də bel bağlamır. Nazirlik hətta bu məsələ ixtisaslaşmış təşkilatlarla işlədiklərinə və sifarişlərin qəbulunda da məhz belə qurumlara üstünlük veriləcəyini gizlətmir.
Millət vəkilindən nazirliklərə ismarıc
Millət vəkili Vahid Əhmədov Əhmədov isə Lent.az-a açıqlamasında bələdiyyələrin bacarıqsız olması fikri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, bələdiyyələr fəaliyyət göstərdiyi 13 il ərzində böyük təcrübə qazanıblar: “Bələdiyyələr nəinki sosial xidmətlərlə bağlı dövlət sifarişlərinin, hətta daha geniş işlərin öhdəsindən gələ bilmək üçün böyük gücə malikdir. Ona görə də biz parlamentdə zaman-zaman məsələ qaldırırıq ki, bələdiyyələrə əlavə səlahiyyətlər verilsin”.
O ki qaldı aidiyyəti dövlət orqanlarının sosial xidmət sifarişlərini bələdiyyələrə deyil, ixtisaslaşmış təşkilatlara vermək istəməsinə, millət vəkili nazirliklərin belə mövqe tutması ilə də razılaşmır. Vahid Əhmədovun fikrincə, bələdiyyələr əhali ilə birbaşa işlədiyindən yerlərdə sosial xidmətə ehtiyacı olan ailələri mərkəzi hakimiyyət orqanlarından, digər təşkilatlardan daha yaxşı tanıyır, onların problemlərinə və ehtiyaclarına daha yaxşı bələddir: “Açığını deyim ki, burada söhbət puldan gedir. Həmin nazirliklərə onların sosial xidmət sifarişlərini yerinə yetirən təşkilatların ixtisaslaşmış, yaxud da peşəkar olub-olmaması yox, sifarişləri kimə vermək, əlillərə, kimsəsizlərə xidmət üçün ayrılan vəsaitləri necə xərcləmək, yaxud da heç xərcləməmək daha maraqlıdır. Amma hamı nəzərə almalıdır ki, sosial xidmətlər üçün dövlətin ayırdığı vəsaitlər öz istiqamətinə uyğun xərclənməlidir. Təəssüf ki, bu vəsaitlər bəzən ünvanına çatmır. Bu məsələ prezidentin də ciddi nəzarətindədir və mərkəzi icra orqanları bələdiyyələrlə işləməlidir.
Millət vəkili bir daha vurğulayır ki, hökumətin təsdiq etdiyi qaydalarda bələdiyyələrin dövlət sifarişlərində iştirakçılığı nəzərdə tutulubsa, aidiyyəti qurumlar bunu təmin etməyə borcludur.