Bakı şəhərinin Səbail rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 61 yaşlı Q.Həsənov qətlə yetirdiyi 51 yaşlı Ç.Rzayeva ilə qeyri-rəsmi nikah münasibətində olub. Onlar Badamdar qəsəbəsində kirayə tutduqları mənzildə birgə yaşayırlarmış. Məlum hadisənin baş vermə səbəbləri isə hələlik məlum deyil.
****
09:53
Bakı şəhərinin Səbail rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 25-də saat 21 radələrində, Tofiq Məmmədov küçəsi 5 ünvanında yerləşən kafedə 1952-ci il təvəllüdlü Həsənov Qadir Cəfərqulu oğlu tanışı 1962-ci il təvəllüdlü Rzayeva Çərkəz Mirzağa qızını bıçaqlayaraq qətlə yetirib. 62 yaşlı Q.Həsənov hadisədən sonra məsuliyyətdən yayınmaq istəsə də, Səbail RPİ əməkdaşları onu yaxalaya biliblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Nəsimi rayonu ərazisində də kafedə qətl hadisəsi törədilmişdi. Həmin vaxt kafedə işləyən qadın baltalanaraq qətlər yetirilmişdi.