<span style="color:red;">Suriyada döyüşən azərbaycanlı:  "Peşman oldum, amma qayıda bilmirdim"
06 iyul 2015 18:38 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlı: "Peşman oldum, amma qayıda bilmirdim"

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov və Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

Təqsirləndirilən şəxslərdən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov özlərini ittiham üzrə qismən təqsirli biliblər. Kamran Əzizov və Tural Məmmədov özlərini təqsirli bilməyiblər.

 

Bundan sonra Elşən Qurbanlı məhkəmədə ifadə verib: "Bizi orada bir düşərgəyə aparıb təlim keçməyə başladılar. Təlimlərdə əsasən bizə silah tutmağı öyrədirdilər. Daha sonra məni azərbaycanlının rəhbərlik etdiyi camaata qoşdular. Məni həmin camaatın tərkibində vuruşmağa məcbur etməyə başladılar. Belə olan halda Suriyanın istədiyimiz kimi olmadığını gördüm. Suriyadan getmək qərarına gəldim. Amma həmin vaxt vuruşmaqdan imtina edən tunislini həbs etdilər və işgəncə verməyə başladılar. Buna görə də qorxuya düşdüm. Fikirləşdim ki, həbs edəcəklər. Mənə dedilər ki, İraqa gedib döyüşəcəyik. Həmin təklifdən imtina etdim. Əmir Xəttab orada döyüşlərdə iştirak etməyəcəklərini, yalnız yaralılara köməklik edəcəklərini bildirdi. Mən də yaralılara köməklik göstərmək üçün İraqa getdim. Biz iki avtobus getdik. Yolda xəbərim olmadan arxada olan avtobusda partlayış baş verdi. Həmin partlayışda mən də yaralandım”.

 

Elşən Qurbanlı mobil telefon vasitəsi ilə valideyinləri ilə əlaqə saxlayıb və Suriyaya getdiyinə peşman olduğunu, Azərbaycana qayıtmaq istədiyini bildirib: “Atam dedi ki, qardaşını səni gətirmək üçün Türkiyəyə göndərirəm, sən də Türkiyəyə gəl. Mən də bir təhər Türkiyənin Qaziantep şəhərinə gəldim. Orada qardaşımla görüşdüm və birlikdə Azərbaycana qayıtdıq. Aeroportda məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs etdi”.

 

Məhkəmə iclası iyulun 13-də davam etdiriləcək.

 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər BMT tərəfindən terror təşkilatı kimi tanınan “İraq Şam İslam Dövləti”adlı cinayətkar birliyin tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində cinayətkar birlik halında Suriya və İraq ərazisində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak ediblər. Onlar terrorçuluq cinayətinin törədilməsinə yönələn əməllərini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyiblər. Həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikası və İraq Respublikası qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmayıblar.

İstintaqla həmçinin müəyyən olunub ki, Kamran Əzizov və Tural Məmmədov İŞİD-in tərkibinə daxil olan “Liva-ət-Tövhid” adlı silahlı birləşmənin fəaliyyətində iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Səlcuq Elçin

Oxşar yazılar