Qətldə təqsirləndirilərək ümumilikdə 48 il həbs cəzası alan qardaşlar Nahid, Əziz, Cahid Qədəşovları Ali Məhkəməyə kassasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qardaşlar məhkəmənin ilkin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Məhkəmə qeyri-müəyyən günə qədər təxirə salınıb.
Qeyd edək ki, 2014-cü ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, həyat yoldaşı 1962-ci il təvəllüdlü Tərlan Abdullayev, övladları 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, Ülkər Abdullayeva dünyasını dəyişib. İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar. Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edib. Münaqişə isə Nadir Qədişovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralaması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədəşov da yaralanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.