Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
Lent.az-ın xəbərinə görə, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü və 186.1-ci maddələri ilə ittiham irəli sürülüb.
***
11:48
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə saytlara onun yaxınları məlumat verib.
H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, H.Vəliyev xuliqanlıqda ittiham olur. Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev Lent.az-a faktı təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın "sədr"i kimi təqdim edirdi.