Argentinada turizm agentliyini bir gündə iki dəfə - əvvəlcə oğrular, sonra isə polislər qarət edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iki silahlı soyğunçu Buenos-Ayresdə bir turizm agentliyinin ofisinə soxularaq işçilərini döyüb və yüz minlərlə pesonu götürərək qaçıblar. 10 dəqiqədən sonra cinayətkarları təqib edən polis hadisə yerinə gəlib. Məhz bu zaman işçilərdən biri daha bir kisə pulun olmadığını görüb.
Polis bölməsinə zəng etdikdən sonra operator bildirib ki, əməkdaşların tərtib etdiyi protokolda bir kisə puldan bəhs edilməyib. Lakin müşahidə kameraları sayəsində əməkdaşların oğurluq da törətdikləri və diqqətdən kənarda qalmağa ümid etdikləri müəyyən edilib.
Polislər saxlanılıb, pul isə şübhəli bilinən məmurlardan birinin evindən tapılıb. Hazırda onlar həbsdədir və məhkəmənin qərarını gözləyirlər.