Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Ağstafa rayon prokurorluğundan Lent.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq aparılır.
***
21.42
Ağstafa rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, dərhal rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı ölən şəxlərin Ağstafa rayonu, Göycəli kənd sakinləri, 50 yaşlı Asim Bayramov və 44 yaşlı Cəmil Əsgərov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
21.10
Ağstafada bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, kömür sexində partlayış nəticəsində 2 nəfər ölüb.