“On üç nəfəri seçib apardılar, az sonra atəş səsləri gəldi...” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
17 dekabr 2014 13:04 (UTC +04:00)

“On üç nəfəri seçib apardılar, az sonra atəş səsləri gəldi...” – ƏSİR DÜŞƏRGƏSİ

Lent.az-ın “Əsir düşərgəsi”ndən 22 il keçmişə boylanmağa davam edirik. Avqust ayıdır, Goranboydayıq...

 

Arif dayıyla söhbəti yekunlaşdırıb, növbəti müsahibimi axtarmaq üçün həyətə çıxıram. Hər yerdə olduğu kimi, burda da “gəlməni” o saat tanıyan məhəllə uşaqları başıma toplaşıb gözləri ilə “kimi istəyirsiniz” soruşurlar:

 

- Mənə girovluqda olan xocalılar lazımdır.

 

Bir ağızdan “mənim...” deyən hər kəs əlini öz evinə sarı uzadır. Bir uşaq isə bir xeyli aralıdakı ahıl qadını nişan verir:

 

- Mənim əmim hələ də girovdur. Nənəm də girov düşüb, deeey, gəlir...

 

77 yaşlı Xocalı sakini Nərxanım Qarayevaya yanaşıram. Danışmaq istəmir:

 

- Biləm ki, dediyimi yazacaqsınız, gedib elə yerə çıxacaq ki, orda onu itkin balam oxuyacaq, durub gələcək... Neçə ildir danışdım, gördüm gəlmir, daha nə faydası! İyirmi iki ildir gözüm yoldadır, gördüm-bildim deyən yoxdur... Balamın üzü bu günə kimi gözümün qabağındadır. Elə bilirəm danışsam, yenə götürüb aparacaqlar...

 

- Neçə uşağınız var?

 

- Beş. Qızları elə Xocalıdaykən köçürmüşdüm, orda yaşamırdılar. Üç oğlum var idi. Böyüyüm Yusifəlini... (Ardını tamamlaya bilmir, göz yaşları üzünün qırışlarını isladır...)

 

- Yusifəli Dəhraz kəndindəki donuz fermasında saxlanılan əsirlərin arasından seçilib aparılan 14 nəfərdən biri deyil? Siz Arif dayının qohumusunuz?

 

- Arif baldızımın oğludur, dayısı arvadıyam. Dayısı rəhmətə gedib, mən qalmışam. Baldızımın səkkiz oğlundan qalan bircə Arifdir. O birilərinin nə ölülərini gördük, nə dirilərini. Eh, qızım mən danışmayım... Uzaq yol gəlmisən, dur gedək evə çay iç...

 

- Yusifəlinin neçə yaşı var idi?

 

- Nə bilim, huş-baş qalıb ki, məndə? Cavan oğlan idi, heç bir gün görməmişdi, anası ölmüş... - Ətrafda dolaşan uşaqlara dönür, - Nüsrət, əminin neçə...

 

- İndi əmimin 51 yaşı var.

 

- Yusifəlini balalarının yanından götürüb aparıblar. Gəlinim uşağı o vicdansızlara verib ki, “alın bunu da aparın”. Deyib bəlkə bilsələr uşağı var, dəyməzlər. Amma onlar üstəlik gəlinimi də vurublar... Deyir, oğlum siqareti damağında durub yoldaşına, uşaqlarına baxıb... Baxa-baxa da götürüb aparıblar... Anası uşaqların ikisinə də universitet oxutdu. Oğlan həkimliyi oxudu, qız müəllimliyi. Daha nə deyim? Biləm ki, desəm gələcək... Yəni gələcək?

 

Susdum...

 

- Dur, bala. Dur gedək evə, uzaq yol gəlmisən, çaydan-çörəkdən...

 

Nərxanım xala bütün söhbətlərinin arasında sözünü kəsib ya “Yəni danışsam oğlum gələcək”, ya da “Dur gedək evə çay iç, uzaq yoldan gəlmisən” deyirdi...

 

Onun qapısı bütün uzaq yoldan gələn insanlara açıq idi. Çünki bu qapı iyirmi iki ildir “Bəlkə oğlum gələr” deyə heç bağlanmayıb... Bu gözlər yollardan yığılmayıb...

 

Sonradan onun ayaqüstü dediklərini toplayıb, nizama düzməyə çalışdım. Nərxanım xalanın yadında qalan qısa-qısa kadrlar bir-birini tamamlayır, insan faciəsini əks etdirən canlı portretlər yaranırdı. 77 yaşlı ananın bütün xatirələrinin arxasından isə 30 yaşlarında, damağındakı siqareti acgözlüklə sümürə-sümürə dayanıb övladlarına, sevdiyi qadına baxan bir oğul boylanırdı...

 

***

 

1992-ci ilin soyuq fevralı. Şaxta bıçaq kimi kəsib-doğrayır, külək yalquzaq kimi ulayırdı. Üç gün idi ki, bir dəstə yaralı, ac yorğun Xocalı sakini Kətik meşəsində dolaşır, dizə qədər qarın içi ilə Ağdama gedən yolu axtarırdılar. Hər dəfə də eyni yerə gəlib çıxırdılar...

 

Çaydan keçərkən islanmış paltarları donub sırsıra bağlamışdı...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

***

 

-  Elə donmuşduq ki, külək başımızı açanda əlimizi atıb yaylığı tutmağa heyimiz qalmamışdı. Meşədəki itburnu kollarından dənələri yığıb çeynəyirdik. O qədər qar yemişdik ki, boğazımın içi bu günə qədər yaradı, hər ay müalicə elətdirirəm.

 

***

 

Yorulanda bir-birlərinə qısılıb nəfəslərini dərir, azacıq mürgüləyir, sonra yenə  meşədən çıxmağa yol axtarırdılar...

 

Nərxanımın üç oğlundan ancaq kiçiyi, 17 yaşlı Vüqar yanında idi. Bir dəfə də gözünü açanda Vüqarı yerində görmədi. Əlacsız qadın sağa-sola baxıb oğlunu haraylayırdı. “Oğul doğ, böyüt və gözünü açıb yumana qədər yoxa çıxsın, bu necə olur?”. Yanındakılar “Yəqin qabaqda qarşımıza çıxar” deyib, onu sakitləşdirməyə çalışırdılar...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Kətik meşəsindən çıxmaq üçün etdikləri növbəti cəhd köməksiz, taqətsiz xocalıları erməni qəbiristanlığına gətirib çıxarır və burada ermənilər onları girov götürüb Naxçıvanik kəndinə aparır, mal tövləsinə salırlar...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

***

 

- İkinci oğlum İlham snayperçi idi. Əfqanıstan müharibəsində döyüşüb, bu gün də cəbhədədir. Əfqanıstandan gələndən sonra aeroportda, Əlif Hacıyevin yanında döyüşürdü. Əlif gecə ilə gəlib oğlumu aparanda əlini çiynimə qoyub deyirdi ki, “əsgər anası möhkəm olar, qorxma, ürəyini bərk tut”. Girovluqdan qayıdandan sonra bildim ki, İlham budundan və kürəyindən yaralanıb, Beyləqanda əmisi evindədir. Yaralananda çiynində təlim çantası olub. Elə o çanta da balamı qoruyub, mənə bağışlayıb... Yoxsa... Yenə də evdə tapılmır, cəbhədədir... Ailəlidir, beş yaşında bir qızı var...

 

***

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Vüqar gözlərini açanda dərənin dibindəydi. Yuxulu-yuxulu necə yuvarlanıb bura düşdüyünü bilmir, amma tək idi. Anasıgil onu qoyub getmişdi...

 

17 yaşlı oğlan yol axtara-axtara altı nəfər əlisilahlıya rast gəlir...

 

- Kimsən?

 

Əl-ayağı donmuş oğlanın dili söz tutmurdu...

 

- Şalvarının qabağını aç!

 

Vüqarın barmaqları donmuşdu...

 

***

 

- Silahlılar Şelli kəndindən imiş, özləri baxıblar ki, erməni deyil, müsəlmandır. Oğlumu xilas eləyib, gətiriblər Ağdam xəstəxanasına. Bərdədə yaşayan bacım da ora gəlib bizi axtarırmış, Vüqarı görüb. Başqa heç birimizdən xəbəri yox... Vüqarı ordan Bakıya gətiriblər, əməliyyat eləyib barmaqlarını kəsiblər, düz altı ay xəstəxanada yatıb... Onun barmaqlarını kəsəndə mən əsirlikdə idim. Bax, bu Nüsrət həmin oğlumun oğludur.

 

***

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Mal tövləsinin qapısı açılır. İçəri doluşan ermənilər kimin pulu, qızılı var, toplamağa başlayırlar. Sırğaları boyunbağıları dartıb qopardanda qadınların qulaqları cırılır, barmaqları sınırdı...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Tövlənin qapısı yenə açılır. Silahlı ermənilər girovların arasından ən cavan kişiləri – on üç nəfəri seçirlər... Tövlənin qapısı çırpılır... Çox yaxından atəş səsləri gəlir...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Tövlənin qapısı yenə açılır. Ermənilər bu dəfə cavan qadınları seçirlər... Bu dəfə silahsızdırlar... Yenə tövlənin yaxınlığından səslər gəlir. Bu dəfə atəş səsləri eşidilmir... Müdafiəsiz qadınlar havalanmış kimi çığırırlar...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Tövlənin qapısı yenə açılır. İyirmi bir nəfər adam qalıb, onlar da ahıllar... Kişilər kişiliklərinin, qadınlar isə qadınlıqlarının əzabını çəkib, günahını ödəyiblər artıq... Tövlədəki səkkiz ağbirçəklə on üç ağsaqqal veriləcək qərarı gözləyirdilər... Onlar da ahıllıqlarının günahını ödəməli idilər...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

On üç nəfəri dartıb bir həmlə ilə tövlədən çölə atırlar... Tövlənin yaxınlığından bağırtı, inilti səsləri gəlir. Xeyli keçəndən sonra yenə qapı açılır, qan içində zarıyan, can verən kişiləri sürüyüb tövləyə salırlar...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Səkkiz nəfəri söyməyə, hədələməyə başlamışdılar...

 

***

 

- Tir-tir əsirdik, tualetə getmək istəyəndə də yerimizdən tərpənməyə qorxurduq. Elə oturduğumuz yerdə, bir-birimizin yanında, paltarlı... Qışın günü... Dolu evdən əynimizə bir doğru-düzgün paltar geyinməmişdik. Geyindiyimiz də meşədə qarın, suyun içində, kola-kosa ilişib para-para olmuşdu. Canan adlı bir kəndçimiz var idi, onun Naxçıvanikdəki tanışı bizə bir termos çay, bir az şoraba, üç dənə də çörək gətirdi. Bizi onu yeməyə qoymadılar. Çörəyi əlimizdən alıb, mal təzəyinin içinə atdılar: “Yemək istəyirsiniz, ordan götürüb yeyin!”

 

***

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Tövlənin üstü örtülü idi, amma hardansa külək içəri girib yaşlı adamların qulağı dibində vıyıldayır, sonra yenə hardansa çıxıb gedirdi.

 

Qarqar çayından keçərkən islanan, üç gün qarın içində meşədə yol axtaran, yaralı, təbii ehtiyaclarını belə oturuqlu, paltarlı ödəyən səkkiz qadınla on üç kişini altı gün tövlədə ac-susuz saxlayandan sonra bir yük maşınına mindirirlər...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

Maşının arxasında qaranlıqdan heç nə görməyən, hara aparıldıqlarını bilməyən yaşlılar pıçıltı ilə danışırdılar. Canan qadınlara tapşırırdı:

 

- Yəqin bizi həbsxanaya, sizi isə dəlixanaya salacaqlar. Əl-ələ verin, atanda bir yerdə ölün. Onların əlinə tək keçməyin.

 

Əsgəran Milis İdarəsində on üç nəfər kişini maşından düşürtdülər. Əsgəran körpüsündə isə qadınları... Uzaqda bir neçə saqqallı hərbçi dayanmışdı. Ermənilər əl eləyəndə o adamlar gəlib səkkiz nəfər yaşlı, yaralı qadını qucaqlarına alıb körpünü keçirtdilər...

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

 

***

 

- Bizi Ağdama gətirdilər. Yaramız çox idi, bax, qəlpələrin yeri hələ də qollarımda qalır. Sonra Bakıya xəstəxanaya apardılar. Tibb bacısı dedi xala, ölürsən. Dedim cəhənnəmə ölüm, balam ölməsin, canım yadıma düşmür... Ağdama gələndən sonra xəbər tutdum ki, Vüqar sağdır, Bakıya aparıblar.

 

İndi gözlərim görmür. Birini əməliyyat elətdirmişəm, biri də görmür... O qədər yad qəbir görəndə başıma döyüb ağlamışam ki... Özümünküləri tapmıram, özgə məzarından təsəlli alıram... İndi bir gözüm qalıb... Onu da dikmişəm yola, əsirlikdə olan balamı gözləyirəm...

 

***

 

30 yaşlarında, qarabuğdayı kişi siqareti damağında dayanıb baxır, baxırdı...

# 1514
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar