İyunun 9-da Güney Azərbaycanda Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etiraz olaraq, aksiya keçirilməsi haqda bildiriş yayılmışdı.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Təbrizdə və Urmiyada etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları «Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu!”, “Urmu gölü səslənir: susuzam haray, haray!” və “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!” şüarları səsləndiriblər.
Məlumata əsasən, ETTELAAT-ın mülki geyimli əməkdaşları polis qüvvələri ilə birlikdə dinc aksiyaçılara hücum edərək, 14 nəfəri tutub.
Tutulanlardan 7-sinin adını müəyyənləşdirmək mümkün olub: Miryasin Hüseyni, Əkbər Əbülzadə, Nima Abbaspur, Arman Zakir, Əfşin İsmayılzadə, Süheyl Qadiri və Vəhid Vəlizadə.
Həbs edilən fəalların hazırda polis idarəsində saxlandığı, fiziki və psixi təzyiqlərə məruz qoyularaq dindirildiyi bildirilir.
Azərbaycan milli haqlarının təmini uğrunda dinc mübariz, gənc Tohid Müğənni də bu tədbirlər zamanı tutulub. “Oyannews.com”un məlumatına görə, ETTELAAT-ın Urmiya şöbəsinin əməkdaşları Tohid Müğənnini iyunun 10-da aparıblar.
Ona qarşı irəli sürülən ittihamlar bilinmir. Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə qarşı Urmiya və Təbrizdə keçirilən etiraz aksiyaları ilə əlaqələndirilir.
Baş verən etiraz aksiyasından sonra İran hakimiyyəti özünü məsələ ilə məşğul olan kimi göstərməyə başlayıb.
İyunun 11-də İran prezidenti Həsən Ruhani Urmiya gölündəki ekoloji böhrandan danışıb.
İRNA-nın məlumatına görə, o, xatırladıb ki, İran Nazirlər Kabineti ötən il Urmiya gölü ilə bağlı yığıncaq keçirib: “Həmin toplantıda Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün işçi qrupu yaradılıb. Həmin qrup tərəfindən hesabat hazırlanır. Gələn həftədən başlayaraq Urmiya gölündəki böhranı həll etmək üçün bütün araşdırmalara baxacağıq”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Tokio Urmiya gölünün bərpası məqsədilə 1 milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.