“Heç bir hərbi hissə, heç bir qarnizon və hərbi gəmi silahları təhvil verərək qondarma “Krım hökuməti”nə sadiqlik andı içmək və ya xidməti tərk etmək barədə Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib!”
APA-nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı komandanlığından bildiriblər. HDQ-nin sabiq komandanı Denis Berezovskinin xəyanətindən sonra başqa fərarilik halı da qeydə alınmayıb.
Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyov 4 mart gecəsi Krımdakı Ukrayna hərbi hissələrinə hər hansı hücum faktının qeydə alınmadığını söyləyib. Buna baxmayaraq, hərbi hissələrin ətrafında gərginlik davam edir.