Pakistanın Milli Kitabxanasında Azərbaycanın Pakistandakı səfirliyi və yerli Sülh və Demokratiya İnstitutu ilə birlikdə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş “20 Yanvar- Ümummilli Hüzn Günüdür” adlı seminar keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rəhbər və müəllim heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra səfir Daşqın Şikarov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr haqqında geniş məlumat verib. O bildirib ki, 1990-cı ilini yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc insanlara qarşı qəddarlıq göstərərək, günahsız qanlar töküb. Səfir, cıxışında, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də özünün Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdiyini vurğulayıb. D.Şikarov onu da qeyd edib ki, hadisədən dərhal sonra xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev təzyiq və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyanı qəti pisləmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir.
Səfir, yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin olduğunu bildirilmiş, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu və Prezident Heydər Əliyevin fərmanı ilə 20 yanvar qurbanlarına “20 Yanvar şəhidləri” statusu verildiyini vurğulamışdır.
Tanınmış jurnalist, Beynəlxalq Mədəni Əlaqələr İnstitutunun direktoru Rana Athar Caved öz çıxışında sovet ordusunun Bakıda törədikləri vəhşiliklərdən konkret faktlar gətirmiş, Azərbaycan xalqının şücaəti haqqında söz açmışdır. O, şəhərin hərbi rəhbərlərinin hədələrinə baxmayaraq şəhidlərin dəfn mərasiminə bir milyondan çox insanın qatıldığını, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün Azərbaycan xalqının 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərdiyini vurğulamışdır. Daha sonra natiq, 20 yanvar faciəsindən sonrakı tarixinə ekskurs etmiş, Azərbaycanın 18 Oktyabr, 1991-ci ilində öz müstəqilliyini bərpa etməsi faktını xalqımızın apardığı mübarizənin məntiqi yekunu kimi qiymətləndirmişdir.
R.A. Caved “Human Rights Watch” təşkilatının qeydlərindən sitat gətirərək vurğulamışdır ki, Sovet rejimi 20 Yanvar qırğınını törətməklə bütün SSRİ-dəki milli-azadlıq hərəkatlarına dərs vermək fikrində olmuşdur. Natiq, Sovet ordu kontingentinin Bakıya daxil olmasını, silahsız insanlara atəş açması faktının SSSR-i və Azərbaycan SSR-i konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəaları ilə ziddiyyət təşkil etdiyini vurğulamışdır. Demişdir ki, Azərbaycan xalqının mübarizliyinin digər xalqların da müstəqilliyi əldə etməsində mühüm rol oynamışdır.
Preston Universitetinin Professoru Sohail Ahmad SSRİ rəhbərliyinin 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini vurğulamışdı. Natiq Ermənistanın Azərbaycana torpaq iddialarından söz açaraq, keçirilən etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan 300 minə yaxın azərbaycanlının zorla sürgün edildiyini bildirmişdir. O, 20 yanvarda törədilmiş aksiyanı dövlət terrorizmi adlandırmış və məhz bu hadisənin geriyə dönüşü olmayan proseslərin başlanğıcı kimi qiymətləndirmişdir. Vurğulamışdır ki, dəhşətli gecənin təkcə Azərbaycan deyil , bütün SSRİ xalqları arasında mərkəzi hakimiyyətə qarşı etibarını tamamı ilə qırdığını və dövlətin sükutuna təkən verdiyi əsas amil olmuşdur. Professor, 20 Yanvar hadisələrində əli olanların cinayət məsuliyyətinə cəlb edilməsi vacibliyini xüsusi qeyd etmişdir.
Daha sonra 20 yanvar şəhidlərinin ruhuna Bari İmam məscidində ehsan verilmişdir.
20 Yanvar faciəsi ilə bağlı Pakistanda böyük nüfuza malik olan “Pakistan Observer ” qəzetində “20 yanvar Şəhidləri”, “Election Times” qəzetində “Azərbaycanda Qara Yanvar”, “Centreline” jurnalı və DNA informasiya agentliyində “20 yanvar, Azərbaycan Xalqının ümumxalq hüzn günüdür” həmçinin “Pakistan in the world ” IA- nin buraxılışında “Qırmızı terrorun qara siması” adlı məqalələr dərc olunub, Kapital TV kanalında sənədli film nümayiş etdirilib.
Məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür.
http://epaper.pakobserver.net/201401/20/comments-2.php
http://centreline.com.pk/?p=3256
http://dnanews.com.pk/?p=27413
http://www.pakistanintheworld.com/content/black-face-red-terror