Erməni xacəyə qurban gedən rus səfirin qanlı qətliamı - ARAŞDIRMA
14 yanvar 2011 17:59 (UTC +04:00)

Erməni xacəyə qurban gedən rus səfirin qanlı qətliamı - ARAŞDIRMA

«Aman Tanrım, mənim heç bir günahım yoxdur, bütün günahlar ondadır. Bircə əziyyətsiz ölüm istəyirəm, əziyyətsiz… Yox, yox, yalan dedim, mən ölmək istəmirəm, lazımdırsa, hamı ölsün, təkcə məni qoru, mən sağ qalım. Söz verirəm, bir daha bu ölkəyə gəlməyəcəyəm, bütün var-dövlətimi kasıblara paylayacağam, bircə məni burdan qurtar…»

Tehranda rus səfirinin evindəki otaqların birində gizlənib beləcə Tanrısına yalvaran İvan Sergeyeviç Maltsev ətrafında baş verənlərdən dəhşətə gəlmişdi. Minlərlə insan əllərində balta, dəyənək, xəncər və daş-kəsəklə səfirin evinin qapısını sındırmış, içəri girmişdi. Qarşıya çıxan qanına qəltan edilirdi. Maltsev vur-tut bir neçə dəqiqə əvvəl söhbət elədiyi, üzünü gördüyü insanların indi gözünü qan örtmüş müsəlman əhalinin tutduğu divanla çıxartdıqları səsləri, bağırtıları eşidirdi…

…1829-cu ili yanvar ayı idi. II Rus-Qacariyyə müharibəsi başa çatmışdı. Türkmənçay müqaviləsi imzalanmışdı və Qacar dövləti səssiz-səmirsiz bu rüsvayçı müqavilənin şərtlərini yerinə yetirməklə məşğul idi. Rusiyaya artıq neçənci qatır yükü qızıl gedirdi. Azərbaycan parçalanmış, biçarə Şahzadə Abbas Mirzə bir tərəfdən canının ağrıları ilə əlləşir, o biri tərəfdən Fətəli Şahın sarayında düzülüb-qoşulan intriqalardan yayınmağa, Şahın gözündən düşməməyə çalışır, digər tərəfdən də müharibədən üzülmüş məmləkəti dirçəltmək üçün tədbirlər görürdü. İndi onun və Azərbaycanın qorxduğu bir şey vardısa, o da Rusiya ilə təzədən müharibə ehtimalı idi. Və belə bir vaxtda Tehrandakı rus səfirliyində qanlı qətliam düzənlənir: yenicə sülh amanı verən Rusiyanın səfiri 37 nəfər səfirlik əməkdaşı ilə birgə amansızcasına qətlə yetirilir. Ancaq maraqlıdır, Qacariyyə əhlini nə rusvayçı məğlubiyyət, nə də ölkənin parçalanıb-talanması cuşa gətirmişdi… Ortada tamam başqa mətləb dayanırdı. Ümumiyyətlə, elçinin öldürülməsi faktına tarixdə çox az rast gəlinir. Bir də bu elçi Rusiya İmperiyasının digər səfirlərindən fərqlənən birisiydi: söhbət məşhur Qriboyedovdan gedirdi. Bu adam şair, yazıçı-dramaturq, bəstəkar, «Ağıldan bəla»nın müəllifi Aleksandr Sergeyeviç Qriboyedov idi… Dahi yazıçı axtalanmış, müsəlmançılığı qəbul eləmiş bir erməni xacəyə qurban getmişdi…

Qriboyedev ermənipərəst idi?

«Beləliklə, Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təcavüzkar siyasətinin ideoloqu olan A.S.Qriboyedov öz cinayətkar
əməllərinin qurbanı oldu. Azərbaycan xalqına qarşı cinayətlər etmiş şəxslər gec-tez öz layiq olduqları cəzalarını alırlar. XIX əsrin
əvvəllərində Qriboyedovun, XX əsrin axırlarında Polyaniçkonun,
Starovoytova və başqalarının faciəsi çoxları üçün ibrət dərsi olmalıdır».


Bu sətirlər tarixçi Məhərrəm Zülfüqarlıya aiddir. Hörmətli Məhərrəm müəllim mövzuyla bağlı məqaləsində Qriboyedovun Şimali Azərbaycana köçürülən ermənilərə yardımından, səfir kimi Şah sarayında saymazyana hərəkətlərindən, Təbrizdə, Tehranda, həmçinin Qacar dövlətinin digər şəhərlərindəki özbaşınalıqlara yol verməsindən daha çox yazır. Düzdü, bunlarla razılaşmamaq mümkün deyil. Ancaq məsələyə bu cür yanaşma, hətta yuxarıda sitat gətirdiyim formada nəticə hasil eləmək, fikrimcə, Leninin sözü olmasın, tarixi hadisələrə münasibətdə nihilizimə yuvarlanmaq və populizmə meyldir. Axı, Qriboyedov Qacariyyədəki bütün işlərini qalib Rusiya İmperiyasının adından məhz imzalanmış müqavilənin şərtlərinə əsasən yerinə yetirirdi. Qısası, demək istədiyim odur ki, Qriboyedov ermənipərəst olubsa, cəhənnəmə olsun, axı, bu olayın daha gizli tərəfləri var. Ona görə də, əvvəlcə, faciəvi qəhrəmanımızla qısaca tanışlıq bəd olmaz…

Vunderkind rus balası?

Bəri başdan onu deyək ki, Qriboyedovun doğum tarixiylə bağlı rus tarixşünaslığında son dövrlər konkret bir fikir yoxdur. Belə ki, bütün dərsliklərdə və ensiklopediyalarda onun yanvarın 15-i 1795-ci ildə anadan olduğu yazılsa da, sonrakı həyat yolunu izləyəndə görürsən ki, çox şeylər bir-biriylə düz gəlmir. Məsələn, doğumu 1795 tarixiylə götürsək, məlum olur ki, gənc Aleksandr universitetə 14 yaşında daxil olub, üç fakültəni bitirib, sonra da Napoleonun Rusiyanı işğal etdiyi 1812-ci ildə ildə 17 yaşında zabit olub. Hələ onu da əlavə eləyək ki, bu dövrdə Qriboyedov artıq bir neçə əcnəbi dil bilirmiş. Uyğunsuzluğun yekəsiylə bir də orada qarşılaşırıq ki, adam cəmi 21 yaşında Qusar alayından ehtiyata buraxılır. Nəsə, bu kimi uyğunsuzluqlar çoxdur və rus tarixçiləri məhz buna görə onun yaşının üstünə 5 il də əlavə eləməyin tərəfdarıdırlar.

Vunderkindlik məsələsindən vaz keçmək mümkün olsa da, Qriboyedovun görkəmli adam olduğu, bədii zövqü və istedadı müzakirə mövzusu deyil. Onun yaradıcılığı dövrünün rus yazıçı və şairləri, tənqidçiləri tərəfindən də yüksək qiymətləndirilir. Adam həm də azad fikirli birisiydi, hətta dekabristlərlə əlaqədə suçlu bilinərək həbsdə də yatmışdı. Ancaq əleyhinə sübutlar tapılmadığından həbsdən çıxan gələcək səfir bir müddət sonra Xarici İşlər İdarəsinin əməkdaşı kimi dəfələrlə Qafqazda, Qacar dövlətində olmuşdu. Bu müddət ərzində o, ərəb, fars, türk dillərini mənimsəyir, yerli sakinlərin xarakterini öyrənir.

Qriboyedovun bizlərdə lənətlənən və Azərbaycanın düşməni kimi (Məhərrəm müəllim sayağı Polyoniçko və Starovoytova kimiləri ilə müqayisə olunması) təqdimatına gəlincə, burada əksər hallarda olduğu kimi məsələyə birtərəfli yanaşıldığı qənaətindəyəm. Qriboyedov İmperiyanı və İmperatorunu, millətini sevən birisiydi, əməlləri də bu hisslərinə uyğun idi. Yeri gəldikcə, özünüz də görəcəksiniz ki, onun erməniləri köçürmək istəməsi, Tehranda, Təbrizdə qapı-qapı gəzib xristian axtarmağının səbəbləri vardı. Qısası, bu adam düşdüyü dövrün siyasi şərtləri əsasında hərəkət eləyirdi, özü də qalib bir dövlətin yüksək rütbəli diplomatıydı. Onu ölümə aparan səbəblər sırasında təbii ki, dikbaşlığı, yekəliyi, saymazlığı da vardı. Ancaq başqa səbəblər də yox deyildi. Beləliklə, Qriboyedovun Qacar dövlətinə səfir təyin olunmasına qədər nələr olmuşdu?

İrəvanın süqutu, Təbrizin işğalı…

İkinci Rus-Qacar müharibəsi Abbas Mirzə üçün xeyli ağır keçdi. Rusların güclü piyada və topxanası qarşısında Azərbaycan qoşunlarının uzun müddət davam gətirməyəcəyi şübhəsizdi. Beləcə, 1827-ci ilin sentyabr ayının 23-də İrəvan yaxınlığında strateji təpələrdən birini ələ keçirən general Paskeçiv qalanı aramsız top atəşlərinə tutmağa başlayır. Şəhərin müdafiəsini üzərinə götürmüş Həsən Xan Sarı Aslanın qoşunu oktyabrın 1-nə qədər davam gətirə bilir. 1827-ci il oktyabrın 1-də top atəşlərindən darmadağın olmuş şəhərin qala divarı üstündən ağ bayraqlar qaldırılır. Ruslar darvazası qırılmış İrəvan qalasına dolub, içəridəki bütün ordunu əsir alırlar.

İrəvanın işğal olunmasıyla Paskeviç təcili şəkildə Təbriz üzərinə yürüşə hazırlaşır. Təbrizdəki casuslar şəhərdə olan ordunun sayı, müdafiə imkanları barədə rus generalını ətraflı məlumatlandırırlar. Paskeviç İmperiyaya lazım olan sülhün yalnız Təbrizin işğalından sonra imzalana biləcəyini dəqiq bildiyindən, yubanmadan hücuma başlayır. Və Təbriz nəinki Qacarlar dövləti, hətta bütün İslam aləmi üçün rüsvayçı bir şəkildə, heç bir dirəniş göstərmədən ruslara təslim olur. Bəlkə də dünya tarixində olmayan bir hadisə baş verir: Təbrizin yenicə ölmüş ruhani rəhbəri Mirzə Yusifin oğlu Mir Fəttah fətva verərək artıq İslam-Kafir savaşının bitdiyini, Tanrının ruslara yardımçı olduğunu bildirir. Mir Fəttahın fətvasına görə, «Təbrizlilər Allahın iradəsinə tabe olaraq ruslara itaət etməlidirlir». Beləliklə, Təbriz döyüşsüz-filansız ruslara təslim olur.

Yazıçı Əminə Pakrəvan özünün «Abbas Mirzə və Azərbaycan» kitabında yazır: «Abbas Mirzə hər gün yeni bir xəyanət xəbəri eşidirdi. General Paskeçivin Təbrizə girərkən qarşısında qurban kəsilməsi Şahzadənin qüruruna toxunmuşdu. O bilirdi ki, bütün bunların hamısını Mir Fəttah etmişdir. Belə ki, Mir Fəttah Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazaraq ilahi iradənin qarşısında təslim olmalarını istəmişdi».

Ümumiyyətlə, bu «qeyrətli molla»nın əməlləri haqda o dövrdən bəhs eləyən tarixçi və yazıçıların demək olar ki, hamısı yazıb. Hətta müəyyən siyasi məsələlərə görə çox zaman fikirləri üst-üstə düşməyənlər belə Mir Fəttahın hərəkətlərinə münasibətdə yekdillik nümayiş etdirirlər. Məsələn, Nasir Nəcmi «Abbas Mirzə» kitabında yazır: «Rus qüvvələri şəhərə girən zaman Yusif Müctəhidin oğlu Mir Fəttah xəyanət fikrinə düşüb, minbərə çıxaraq gözlənilmədən şəhərin ən böyük məscidində toplanmış camaata Rusiya çarını və Paskeviçi tərifləməyə başlamış, xalqı heç bir itaət göstərmədən Rusiya dövlətinə itaət etməyə çağırmışdır».

Beləliklə, Təbriz ruslar tərəfindən işğal olunur və Abbas Mirzə Şaha məktub yazaraq, sülh müqaviləsini bağlamaqdan savayı çıxış yolunun qalmadığını bildirir.

Türkmənçay müqaviləsi

İmzalanacaq müqaviləylə bağlı Tehranda uzun-uzadı müzakirələr gedir. Bir qism hesab edir ki, Qacarlar dövləti Rusiya ilə 3-cü müharibəyə başlamalıdır. Fətəli Şah da daxil, digər qism isə başa düşürdü ki, gücdən düşmüş ordunun ruslarla növbəti müharibəsi Tehranın da işğalına gətirib çıxaracaq. Vaxt uzandıqca, Tehrandan cavab gəlmədikcə, rusların səbri də daralır. Axırda müqavilənin imzalanması üçün iki aya yaxın bir müddətdə Tufarqanda gözləməkdən bezən general Paskeviç hiddətlənərək, Abbas Mirzəyə yazır: «Siz iki aydır ki, məni Tufarqana dəvət etmisiniz. Düz iki aydır ki, dövlətimin digər işləriylə məşğul ola bilmirəm, ancaq ortada irəliləyiş də yoxdur. Siz ya Rusiyanı aldatmaq istəyirsiniz, ya da artıq bütün səlahiyyətləriniz Tehran tərəfindən əldən alınıb, sözünüzün, imzanızın kəsəri yoxdur».

Yanvarın sonunda Paskeviç Abbas Mirzəyə növbəti məktubu yollayır: «Mən artıq ləngiyə bilmərəm, yanvarın sonunda Tufarqanı tərk edib, Tehrana doğru yürüyəcəyəm».

Nəhayət, rusların gözlədikləri Şah məktubu gəlib çıxır. Tehran danışıqlarda iştirak və müqavilənin imzalanması üçün Abbas Mirzəyə bütün səlahiyyətləri vermişdi. 1828-ci il fevral ayının 10-da Türkmənçay müqaviləsi imzalanır.

Müqavilənin 9-cu fəslinə görə, Rusiyanın Qacarlar dövlətinə təyin etdiyi bütün konsullara, ticarət işlərini müdafiə eləyən nümayəndələrinə hörmət və ehtiram göstərilməsi Şahın öhdəliklərindən biriydi. 11-ci fəsildə isə yazılmışdı ki, müharibədən əvvəl, yaxud sonra, ya da keçmiş müharibələrdən bəri əsirlikdə qalan adamlar dörd ay ərzində iki dövlətin nümayəndələri tərəfindən öz vətənlərinə qaytarılmaq üçün Abbasabada göndərilməlidirlər. 12-ci fəslə görə, müharibədə rusların işğal etdikləri, sonra İrana qaytarılmış vilayətlərdə xəyanət etmiş adamların günahı Şah tərəfindən bağışlanılır və onlar öz ailələri ilə birlikdə yaşadıqları vilayətlərdən köçüb getməyə haqlıdırlar…

Qriboyedov nə istəyirdi?

Beləliklə, qayıdaq Qriboyedov cənablarının Qacarlar dövlətində fəaliyyətinə. Aleksandr Sergeyeviç məğlub dövlətdə məhz Türkmənçay müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət eləməliydi. Şərtlər arasında isə artıq dediyimiz kimi, vaxtilə bu ölkəyə zorla gətirilmiş insanların təzədən öz yerlərinə qayıtmaq haqlarının olduğu da varıydı. Şah sarayı da daxil bütün Qacarlar ərazisində isə illər əvvəl əsir alınaraq zor, ya xoş müsəlmanlaşdırılan ermənilər, gürcülər daha çox üstünlük təşkil eləyirdilər.

Beləliklə, Qriboyedov gənc arvadı Nina Çavçavadzeni Təbrizdə qoyub Tehrana Şahın qəbuluna yollanır. Şah tərəfindən yüksək səviyyədə və hörmətlə qəbul olunan səfirin hərəkətləri, Qriboyedovla Tehrana gəlmiş nümayəndə heyətinin üzvlərinin Tehranda qapı-qapı gəzib kobud şəkildə müqaviləyə əsasən geri qaytarılmalı adamları axtarmaları haqda müasirlərinin xeyli xatirələri var. Məsələn, Aleksandr Sergeyeviçdən sonra Tehranda səfir olan qraf Simoniç xatirələrində yazır: «Mənim bədbəxt və mərhum dostum Qriboyedov Şahın qarşısında özünü xeyli təkəbbürlü aparıb. Bəzən bu təkəbbür nəinki diplomatik qaydalara, hətta adi insani rəftara belə sığmırmış». Baron Bodenin də yazıçı-səfirin Tehranda nümayiş etdirdiyi «tərslikləri» barədə qeydləri var. İllər sonra Tehran sarayında Qriboyedovun hərəkətləri barədə şahidlik eləyən Kazım Mirzə isə yazırdı: «Bu başdanxarab Şahın qarşısında olmazın oyunlardan çıxdı. Gah durub otaqda gəzişir, gah da döşəməyə tüpürərək, rus dilində donquldanırdı».

Bu yerdə Qriboyedovun ermənipərəst mövqeyi ilə bağlı məqama aydınlıq gətirməliyəm. Əslində, onun ermənipərəst, yaxud gürcüpərəstliyi sırf Rusiyanın nəfinə çalışmaq istəyindən doğurdu. Doğrudu, sirr deyil ki, uzun müddət Tiflisdə kübar cəmiyyətlərlə əlaqədə olan Qriboyedovun tanıdıqları da əsasən erməni və gürcü zadəganları idi. Ancaq bir mühüm məqamı da unutmayaq ki, ortada məğlub dövlət kimi Qacarların imzaladığı Türkmənçay müqaviləsinin şərtlərinə görə, Rusiyaya aparılmalı əhaliylə bağlı maraqlar vardı. Təbii ki, Rusiya müqaviləyə görə yenicə işğal elədiyi Şimali Azərbaycan ərazisində əhalinin, özü də xristian əhalisinin sayının artmasını istədiyi kimi, Qacarlar da uzun illər dövlət işlərində çalışmış müsəlmanlaşdırılmış erməni və gürcüləri, yaxud sənətkarları, kəndliləri əldən vermək istəmirdi. Bu baxımdan, Qriboyedovun xidməti vəzifəsinə həm də geri qayıtmaq istəyən adamlarla söhbət eləmək, onların arzularının yerinə yetməsinə nail olmaq daxil idi. Məsələn, Aleksandr Sergeyeviç Rusiyaya göndərdiyi raportların birində yazırdı: «Beləliklə, yenə də köçürülənlərə qayıdaraq, hesab edirəm ki, onlar bizim Gürcüstan ermənilərindən, ümumiyyətlə, xəzinəyə heç bir fayda verməyən alverçilərdən daha faydalıdırlar. Persiyadan köçənlərin isə çox hissəsi sənətkarlar və əkinçilərdir».

Göründüyü kimi, səfir heç də ermənilərin, yaxud gürcülərin qara qaşına-gözünə vurulmamışdı. Onu bu adamların Rusiyaya verə biləcəkləri xeyir düşündürürdü.
Nəsə, Qriboyedov pis-yaxşı Tehrandakı işlərini yekunlaşdırır, hazırlıqlarını görüb arvadının arxasınca Təbrizə qayıtmaq üçün tədarükə başlayır. Artıq yola düşməyə hazırlaşanda onun evinə Fətəli Şahın üç xacəsindən biri olan, 15 il əvvəl Gürcüstana gedən karvana basqın zamanı əsir alınıb axtalanan və müsəlmanlığı qəbul eləmiş Mirzə Yaqub Markaryants təşrif buyurur. Vaxtsız qonaq müqavilənin şərtlərinə görə Rusiyaya qayıtmaq istədiyini bildirir. Deyirlər, səfir onun burada vəziyyətinin yaxşı olduğunu bildiyindən, bu qərarından döndərməyə çalışır. Həqiqətən, Mirzə-Yaqub xeyli savadlı adam olmaqla, xacəlikdən əlavə həm də Şah sarayının xəzinəsinin hesabdarı idi, böyük var-dövlət sahibiydi. Ancaq erməni xacə qayıtmaqda israr edir. Qriboyedov razılaşır və ona evində sığınacaq verərək, səfərini sabaha saxlayır. Az keçməmiş Şahın qohumu və Asəf-əd Dövlə ləqəbli Baş Vəzir Allahyar Xanın iki siğəli erməni (bəzi mənbələrə görə, gürcü) arvadları da səfirliyə gətirilirlər.

Haşiyə:
Burda mütləq qeyd edək ki, bəzi müəlliflər, o cümlədən Nasir Nəcmi Asəf-əd Dövlənin siğəli arvadlarının bir neçə gün əvvəl səfirliyə gətirildiklərini yazırlar. Guya Baş Vəzir müsəlmanlaşdırılmış erməni arvadlarını arada narazılıq yaratmamaq üçün özü səfirliyə göndəribmiş. Hətta Nəcmi ağa yazır ki, bu arvadlar səfirlikdən qaçaraq Tehran küçələrində onların namuslarına toxunduqları barədə hay-küy saldıqdan sonra camaat qəzəblənmiş və səfirin evinə yollanmışdı.

Beləliklə, məsələdən xəbərdar olan Şah Rus səfirinə xəbər göndərərək xacənin və Allahyar Xanın siğəli arvadlarının geri qaytarılmasını istəyir. Bu yerdə Qriboyedovun böyük səhvə yol verdiyini elə rusların özləri də etiraf eləyirlər. Məsələ bundaydı ki, erməni Mirzə Yaqub Şahın hərəmxanasının xacəsiydi və qaydalara görə, xacənin aparılması elə Şahın arvadının aparılması kimi bir şey idi. Bundan əlavə, Markaryants həm də Şah xəzinəsinin hesabdarı olduğundan bütün dövlət sirlərini bilirdi və üstəlik, onun özüylə böyük miqdarda qızıl götürdüyü də məlum idi. Gərəkdir ki, Qriboyedov mütləq Şahın qəbuluna gedəydi və məsələlərin danışıqlar yoluyla həllinə çalışaydı. Ancaq yekəbaşlığı və tərsliyi buna imkan vermir…

İngilis barmağı?

Hadisələrin sonrakı inkişafına keçməzdən əvvəl səfirin ölümünə səbəb olan xacənin və iki qadının səfirliyə gəlməsiylə bağlı bir sıra tarixçilərin və diplomatların yazdıqlarını nəzərdən keçirmək lazımdır. Məsələ bundadır ki, ingilislərlə Osmanlı İmperiyası ciddi-cəhdlə Abbas Mirzəni Türkmənçay müqaviləsini bağlamamağa sövq edir, bağladıqdan sonra isə Qacarlarla Rusiya arasında üçüncü müharibənin başlanmasına çalışırdılar. Bununla bağlı rus yazıçısı Tınyanovun «Vəzir Muxtarın ölümü» əsərində bəzi məqamlar var. Tınyanov Qriboyedovun son dəqiqələrdə qışqıra-qışqıra «lənətə gəlmiş Şahı ingilislər ələ alıblar» sözlərini dediyini yazırsa, Mordovsev də «Dəmir və qanla» kitabında Markaryantsın ingilis diplomatları tərəfindən ələ alınaraq qəsdən Qriboyedovun evinə göndərildiyini bildirir. Ümumiyyətlə, bu qaçışda həqiqətən şübhəli məqamlar olmamış deyil. Çünki elə Sarayın özündə də intriqalar baş alıb gedirdi. Bu baxımdan məlum olayı hansısa qüvvənin düzüb-qoşduğu ehtimaldan çox, həqiqətə daha yaxındır. Çünki Qriboyedovun könüllü olaraq Rusiyaya qayıtmaq istəyən bu adamları rədd etməyəcəyi əvvəldən dəqiq idi. Yazıçının mütləq tərslik göstərəcəyini sanki hesablamışdılar…

Bu da son!

Olaylar 1829-cu ili yanvar ayının 30-da Tehranın din xadimi Mirzə Məsihin Adinə məscidində camaatı cihada çağırmağından sonra başlayır. Tehran camaatı müsəlmançılığı qəbul eləmiş iki erməni qadının namus davasını əldə bayraq eləyərək, Rus səfirinin evinə yollanır. Səfirin evini kazaklardan əlavə həm də Şahın yüz nəfərlik qvardiya əsgəri qoruyurmuş. Minlərlə insan əlində balta, xəncər, dəyənək və daş-kəsəklə igid arxası yerə dəymiş Qriboyedovun evinin qarşısına yığışaraq, iki qadının və xacənin onlara verilməsini tələb eləyirlər. Bir mənbəyə görə, səfir kütləyə atəş açmaq əmri verir və 14 yaşlı bir uşağın öldürülməsiylə hadisələr daha da qızışır. İndi kütlənin qarşısını heç nə ala bilməzdi. Səfirliyin binası tutulur və otaqlarda qətliam başlayır.

«Aman Tanrım, mənim heç bir günahım yoxdur, bütün günahlar ondadır. Bircə əziyyətsiz ölüm istəyirəm, əziyyətsiz… Yox, yox, yalan dedim, mən ölmək istəmirəm, lazımdırsa, hamı ölsün, təkcə məni qoru, mən sağ qalım. Söz verirəm, bir daha bu ölkəyə gəlməyəcəyəm, bütün var-dövlətimi kasıblara paylayacağam, bircə məni burdan qurtar …».

Yazıçı Tınyanov artıq yuxarıda adını çəkdiyimiz əsərdə bu sözləri hadisələrdən sonra yeganə sağ qalmış səfirlik əməkdaşı İvan Sergeyeviç Maltsevin dilindən səsləndirir. Bəli, bütün səfirlik əməkdaşları, hadisənin səbəbkarı Mirzə Yaqub qətl edilir, meyitləri tanınmaz hala salınır. Maltsev sonralar Qriboyedovun əvvəlcə başına bir daş dəyərək yıxıldığını, ardından isə kütlə tərəfindən daş-qalaq edilərək öldürüldüyünü bildirir. Maltsev özü isə bir nəfər müsəlmanın köməkliyi ilə xalçanın içərisində hadisə yerindən çıxarılır. Maraqlıdır ki, bu adam ömrünün sonuna kimi Qriboyedovu lənətləyir, bütün günahların məhz onda olduğunu deyir və yazır…

…Bəxtsiz səfirin meyiti digər meyitlərlə birgə atların quyruğuna bağlanılaraq iki gün Tehran küçələrində sürüdülür. Sonra gecələrin birində erməni tacirlər meyiti yarğanın kənarından tapırlar, samanın arasına qoyub arabayla əvvəlcə Təbrizə, oradan da Tiflisə aparırlar. Qriboyedov vəsiyyətinə uyğun olaraq Gürcüstanda Müqəddəs Davidin kilsəsi yanında dəfn edilir…

İrəvana, Təbrizə ağlamayan Tehran…

Əslində, bu həqiqi hekayəti Qriboyedovun ölümüylə bitirmək də olardı. Necə deyərlər, müqəssir cəzasına çatmışdır… Ancaq Əminə Pakrəvanın «Abbas Mirzə və Azərbaycan» kitabında bu hadisənin əsl mahiyyətini və Qacarlar üçün hansı əhəmiyyət daşıdığını, doğrudan da İslam, yoxsa ayrı-ayrı insanlar üçün törədildiyinə verdiyi izahdan gözəl sonluq ola bilməz. Pakrəvan yazır: «Torpağının ruslar tərəfindən işğal olunmasına təpki göstərməyib susan bu əhali və onun dini rəhbərləri sanki İslamı qəbul etmiş iki erməni qadınının intiqamını almaq üçün macəra axtarırdılar. Xatırladım ki, rus ordusu Təbrizə girdiyi zaman din xadimlərinin istəyi üzərinə onların qarşısında qurban kəsmişdilər. Tarix boyu mövcudluğunu toplumun bu şəkildə cəhalətinə borcu olan din xadimləri isə intiqam və «namus davası» atəşini körükləyirdilər… Din xadimləri İslamın təhqir olunduğunu sanırdılar. Lakin iki erməni qadınının İslamla nə ilgisi ola bilərdi?...»

İlham Tumas
[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

İlham Tumas

Oxşar yazılar