Dəniz Gəzmiş: “Mənə görə üzülməyin” - TARİX
06 may 2013 14:25 (UTC +04:00)

Dəniz Gəzmiş: “Mənə görə üzülməyin” - TARİX

“Ata, məktub əlinizə keçdiyi zaman aranızdan ayrılmış olacam. Mən nə qədər üzülməyin desəm də, yenə də üzüləcəyinizi bilirəm. Fəqət bu vəziyyəti mətanətlə qarşılamağınızı istəyirəm.

İnsanlar doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu səbəbdən mən erkən getməyi normal qarşılayıram… O ki qaldı  məndən əvvəl gedən yoldaşlarıma, onlar heç bir zaman ölüm qarşısında tərəddüd etmədilər. Mənim də tərəddüd etməyəcəyimdən şübhən olmasın.

Oğlun ölüm qarşısında aciz və çarəsiz qalmayıb. O, bu yola bilərək girib və öz sonunun da belə olacağını bilirdi. Səninlə düşüncələrimiz ayrıdır, amma məni anlayacağına ümid edirəm…Sadəcə sənin deyil, Türkiyədə yaşayan kürd və türk xalqlarının da anlayacağına inanıram.

Cənazəm üçün vəkilimə lazımlı tapşırıqları vermişəm. Bundan əlavə, prokurora da bildirəcəm. Ankarada 1969-cu ildə ölən yoldaşım Taylan Özgürün yanına basdırılmağımı istəyirəm. Onun üçün, cənazəmi İstanbula aparma. Anamı təsəlli etmək də sənin boynunadır. Kitablarımı kiçik qardaşıma verirəm. Özünü də xüsusilə tənbeh et. Onun elmlə məşğul olmağını istəyirəm. Elmlə məşğul olsun və unutmasın ki, elmlə məşğul olmaq bəşəriyyət üçün  xidmətdir.

Son anda etdiklərimdən zərrə qədər də peşmanlıq hiss etmədiyimi bildirir, səni, anamı, böyük qardaşımı və kiçik qardaşımı inqilabın dərin atəşi ilə qucaqlayıram.

Oğlun.

Mərkəz Cəza Evi – Ankara

5 May 1972”

 

***

...Bu məktubu Dəniz Gəzmiş yazmışdı, atasına. Edamından bir neçə saat əvvəl. Türk Xalq Azadlıq Ordusunun yaradıcılarından biri Dəniz Gəzmiş. 6 may gecə saat 3 radələrində o, edam ediləcəkdi...

Həmin vaxt Dənizin 25 yaşı vardı. Bu gün isə ölümündən düz 41 il keçir. Düz 41 ildir ki, Dəniz Gəzmiş adı bütün Türkiyə solçularının qəhrəmanlıq simvoluna çevrilib. Hər il onun ad və edam gününü qeyd etmək üçün yüzlərlə sol fikirli adam Taksimə axışır. Onu yad etmək istəyir. Polislə toqquşur, döyülür, həbs olunurlar. Amma inadlarından, mübarizələrindən əl çəkmirlər.

Qəhrəmanlar deyəsən doğurdan da ölmürmüş. Tutduğu mövqedən, daşıdığı ideologiyadan asılı olmayaraq…

 

# 1151
avatar

Oxşar yazılar