Yeni araşdırma ABŞ-ın müxtəlif ştatlarında xərcləri qarşılamaq, pul yığmaq və ciddi maliyyə məhdudiyyətləri olmadan yaşamaq üçün nə qədər gəlirə ehtiyac olduğunu müəyyənləşdirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “SmartAsset” maliyyə texnologiyaları şirkətinin araşdırmasına əsasən, ABŞ-da tək yaşayan bir yetkin şəxsin rahat həyat sürməsi üçün illik gəliri 100 min dollardan çox olmalıdır.
Araşdırmaya görə, bir nəfərin rahat yaşaması üçün tələb olunan minimum illik gəlir təxminən 80 min dollardan başlayır.
Hesablamalar “50/30/20” büdcə qaydasına əsaslanır. Bu modelə görə, gəlirin 50 faizi əsas ehtiyaclara, 30 faizi əlavə xərclərə, 20 faizi isə yığıma ayrılır. Hesablamalarda Massaçusets Texnologiya İnstitutunun (MIT) yaşayış xərcləri üzrə məlumatlarından da istifadə olunub.
Araşdırmaya görə, iki işləyən yetkin və iki uşaqdan ibarət ailə üçün ən bahalı ştat Massaçusetsdir. Belə bir ailənin rahat yaşaması üçün ildə 329 555 dollar gəlir əldə etməsi tələb olunur. Tək yaşayan bir yetkin şəxs üçün isə bu göstərici 127 213 dollar təşkil edir.
Tək yaşayan şəxslər baxımından Havay daha bahalıdır. Burada rahat həyat üçün illik gəlirin təxminən 129 002 dollar olması lazımdır. Boston şəhərində isə bir nəfərin rahat yaşaması üçün təxminən 140 min dollar, dörd nəfərlik ailənin isə 337 875 dollar illik gəlirə ehtiyacı var.
Kaliforniya dörd nəfərlik ailənin rahat yaşaması üçün illik 300 min dollardan çox gəlir tələb olunan üçüncü ştat olub. Araşdırmaya əsasən, ABŞ ştatlarının əksəriyyətində dörd nəfərlik ailənin rahat yaşayışı üçün tələb olunan illik gəlir 200 min dolları keçir.
Cənub və Orta Qərb ştatlarında vəziyyət fərqlidir. Dörd nəfərlik ailələr üçün ən əlverişli ştat Missisipi hesab olunub. Burada iki işləyən valideyn və iki uşaqdan ibarət ailəyə rahat həyat üçün ildə təxminən 187 533 dollar lazımdır. Tək yaşayan şəxslər üçün isə ən ucuz ştat Qərbi Virciniyadır. Burada tələb olunan illik gəlir təxminən 81 min dollar təşkil edir.
Araşdırmada iqtisadi əlçatanlıq göstəricisi də nəzərə alınıb. Bu göstərici rahat həyat üçün tələb olunan gəlirlə ştatda faktiki orta qazanc arasındakı fərqi göstərir.