Suriyadakı durumdan kim və niyə rahatsızdır?
10 sentyabr 2011 18:55 (UTC +04:00)

Suriyadakı durumdan kim və niyə rahatsızdır?

0
İraqda çıxan «Zaman» qəzetinin yazdığına görə, o, gizli şəkildə Tehran səfər edib. B.Əsəd orada İranın ali rəhbəri ayətullah Xamneyi və prezident Mahmud Əhmədinejadla görüşüb. Qəzetin ehtimalına əsasən, Əsəd İslam Respublikasının başçıları ilə ölkəsindəki vəziyyət müzakirə edib. Habelə «Zaman»ın qənaətincə, Tehran hakimiyyətinin rəhbərləri ona müxalifətlə danışıqlardan imtina etməyi məsləhət görüb.

Bununla belə İran prezidenti Mahmud Əhmədinejad Portuqaliyanın «Radioteleviao Portuguesa»a müsahibəsində Suriya hakimiyyəti nümayişçilərə qarşı dözüm göstərməyə, müxalifət liderləri ilə danışıqlara başlamağa çağırıb: «Biz azadlığa, ədalətə, başqalarına hörmət prinsiplərinə inanırıq. Dünyanın bütün hakimiyyətləri bu prinsiplərə əməl etməli, vətəndaşların haqqına hörmət etməlidir. Hərbi yol heç vaxt düz deyil. Ona görə də tərəflər problemi danışıqlar yolu ilə həll etməlidir. Mən Suriya rəhbərliyinə islahat yolu tutacağı halda hər bir dəstəyi verməyə hazıram. Suriya hökuməti xalqın azadlıq, ədalət haqqını, xalqın özünə hörmət istəmək haqqını tanımalıdır”.

O, əlavə edib ki, Suriyada danışıqların uğur qazanması Orta Şərq dövlətlərində oxşar problemlərlə üzləşənlərə örnək ola bilər.

Ötən ayın sonunda isə M.Əhmədinejad Livan Hizbulahının «əl-Manar» televiziyasına müsahibəsində Suriya prezidentini «güc tətbiqini dayandırmağa və milli barışıq əsasında danışıqlara» çağırmışdı: «Suriya xalqı və hakimiyyəti danışıqlara başlamalıdır. Yalnız bu yolla ölkənin üzləşdiyi problemi həll etmək olar». O, suriyalılara «biri birini öldürməyi dayandırmağı da» məsləhət verib.

Avqustun ortalarında isə Tehranda çıxan fars dilli mətbuatda Suriya prezidenti Bəşər Əsədi açıq-aşkar tənqid edən yazılar çap olunmuşdu. İranın ali rəhbəri ayətullah Xamneyiyə yaxınlığı ilə seçilən «Cümhuriye-İslami» qəzetində çap olunan məqaləni buna örnək göstərmən olar: «Əsədin qurtuluşuna tüfəng deyil, islahat» başlıqlı yazıda bunlar açıqlanmışdı: «Əsəd və onun müşavirləri əhaliyə qarşı silahlı münaqişəni davam etdirə biləcəkmi? Güc işlətməsi Qəddafiyə rəqiblərinin xəlvətə çəkilməsinə yardım etdimi? Onlar Qəddafidən artıq güc işləcədəcəkmi? Bu onlara nə verəcək?»

Heç şübhəsiz Suriyadakı rejimin qalması Tehran hakimiyyəti üçün həyati önəm daşıyır. Bu rejimini tarixin səhnəsindən getməsi İran İslam Respublikası hakimiyyətinin ciddi şəkildə laxlaması deməkdir.

Bunu İranın xarici işlər naziri Ələkbər Salehinin bu günlərdəki çıxışından sezmək mümkündür: «Suriyadakı rejimin yıxılması nəticəsində yaranmış siyasi boşluq qonşu dövlətlərə, bütövlükdə bölgə ölkələrinə görünməmiş zərbə vuracaq. İstər Yəməndə, istər Suriyada, istərsə də başqa bir dövlətdə olsun hakimiyyətlər xalqın etirazına cavab verməlidir. Bu dövlətlərin vətəndaşları haqlı tələblər irəli sürür, həmin ölkələrin hakimiyyətləri onların istəklərini qısa bir zamanda təmin etməlidir».

Ötən gün isə Avropa Birliyi Suriyanın xam neftinə embarqo tətbiq edib. Bu dünya bazarında neft alverində İrana müəyyən mənada sərf etsə də, amma neft satışı ilə bağlı Tehran hakimiyyətinə tətbiq edilən sanksiya vəziyyətin heç də ürəkaçan olmadığını söyləməyə əsas verir.

Bəşər Əsədin Tehrana səfərində neft satışı ilə bağlı məsələnin də müzakirə edildiyini ehtimal etmək olar. Hətta onun vəziyyətdən çıxmaq üçün ölkə xam neftini İrana ixrac etməyi və İslam Respublikası vasitəsi ilə satılmasını da görüşdüyü Tehran liderlərindən istəyə bilər.

Yeri gəlmişkən, M.Əhmədinejadın Suriya liderinə və bölgə dövlətlərinə «vətəndaşların haqqına hörmət edilməldir» deyimi çox saxta görünür. Çünki onun təmsil etdiyi hökumət illər uzunudur, Urmiya gölünün qurudulmasına laqeyd münasibət göstərməkdədir. Bu azmış kimi etirazçılara qarşı güc tətbiqi davam etməkdədir. Belə çıxır ki, vətəndaşların haqlı istəyinə sayğı prinsipini Tehran rejimi daha başqaları üçün məsləhət görə bilir.

Liviyadakı olayların Suriya ilə yanaşı, İrana, onun müttəfiqi Rusiyaya dərs olacağı ehtimalı az deyil.

Bu günlərdə Liviyanın keçid hökuməti Rusiya ilə silah alveri etməyəcəyini bildirdi. Yada salaq ki, üsyançılar Tripolini alanadək rəsmi Moskva Qəddafi ilə anlaşmağı təklif edirdi. Bəlli oldu ki, əslində Kreml münaqişənin daha çox uzanmasını istəyirmiş.

Suriya məsələsində də İranla Rusiyanın mövqeyi çox yaxındır. Tehran bu məsələdə daha siyasi-ideoloji mənafe güdürsə, Moskva daha çox silah satmaq istəyir.

Bu günlərdə «Rosoboroneksport»un başçısı Anatoli İsaykin deyib: «Suriya qarşı heç bir sanksiya tətbiq edilməyib. Bizim bu ölkə qarşısında öhdəliyimiz var və biz onu yerinə yetiririk». O, bildirib ki, Suriyaya təlim üçün «Yak-30» təyyarəsi, sursat və hərbi texnikanın ehtiyat hissələrini göndəriblər.

ABŞ-ın dövlət katibi Hillari Klinton Çin, Rusiya və Hindistan hakimiyyətlərini Bəşər Əsəd rejimi ilə energetika sahəsində əməkdaşlığı kəsməyə, silah satışını dayandırmağa çağırıb.

Beləliklə, Suriya bir çox dövlətlərin niyyətini açdı. Bu ölkədə baş verənlərdən İran hakimiyyəti öz gələcəyinə görə, Rusiya silah, Çin və Hindistan isə həm də ucuz neft bazarından məhrum olacağından rahatsızdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar