<b>Məhəmməd Əmin Rəsulzadə azad mətbuata qarşı?</b> – <span style="color:red;">QIZIL SƏHİFƏLƏR
01 mart 2014 13:28 (UTC +04:00)

Məhəmməd Əmin Rəsulzadə azad mətbuata qarşı?QIZIL SƏHİFƏLƏR

Bəri başdan deyək ki, bu məqalələrlə biz Birinci Cümhuriyyət Parlamentinin yaranması, tarixi, fəaliyyəti barəsində məlum, yaxud mətbuat səhifələrinə hələ də çıxmayan naməlum faktlara deyil, qurumun iclaslarında millət vəkillərinin çıxışları zamanı səsləndirdikləri fikirlər əsasında demokratik respublikanın siyasi, iqtisadi, sosial həyatına diqqət yetirəcəyik. Həqiqətən, 1918-ci ilin dekabr ayının 7-də ilk, 1920-ci il aprel ayının 27-də sonuncu iclasını keçirmiş parlament iclaslarının stenoqramlarını oxuyarkən, mübaliğəsiz-filansız, özünü birbaşa həmin dövrün olaylarının iştirakçısı, yaxud şahidi kimi hiss edirsən. Bu çıxışlarda kimlərin hansı məqsəd güddükləri, kimlərin parlamentin işinə pəl vurmaq üçün müxtəlif ara söhbətlərindən söz saldıqları, yaxud hansı məbusanın nə

əqidəyə qulluq elədiyi, ən əsası Cümhuriyyətimizin məşhur qurucularının, adlarına ümumi şəkildə hansısa sənəddə rast gəldiyimiz böyük siyasi-ictimai xadimlərin vacib məsələlər barədə mövqelərini açıq-aydın görmək mümkündür. Beləliklə, Azərbaycan Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Respublika Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il sərəncamıyla yaradılmış Dövlət Komissiyasının qərarı ilə elə həmin il çap olunmuş «Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament» kitabının əsasında Birinci Cümhuriyyətimizin parlamentində nələrin olub-keçdiyinə nəzər salaq…

 

Əvvəli: http://news.lent.az/news/156566

 

 

IV – Sonuncu yazı

 

 

Bakı Dövlət Universiteti necə açıldı?

 

Parlamentimizin 1919-cu il 21 avqust tarixində başlayan iclasında çox mühüm bir məsələ – Azərbaycan Darülfünunun açılması müzakirəyə çıxarılır. Məsələ ilə bağlı çıxış eləyən Mehdi bəy Hacınski bildirir ki, darülfünunun açılmasının lehinə və əleyhinə olanlar çoxdur: «Hökumət bir komisyon təşkil etmişdir və o komisyon da məşhur professor-cərrah Razumovskinin təhti-riyasətində idi…

 

Əvvəlcə məsələ bu idi ki, darülfünun Azərbaycanda olsun, ya olmasın. Bu barədə iki cərəyan var idi, birisi lehinə, digəri isə əleyhinə deyil, lakin vaxt müsaidə olmadığını göstərib hələlik darülfünunun açılmaması tərəfdarı idi».

 

 

Beləliklə, məlum olur ki, indiki Bakı Dövlət Universitetinin açılması prosesi heç də asan başa gəlməyib. Əslində, etiraz eləyənlərin gətirdikləri dəlilləri də bəhanə kimi qəbul eləmək düzgün deyil. Məsələn, Qara bəy Qarabəylinin çıxışından oxuyuruq: «Bizim heç bir şeydən məlumatımız yoxdur, kimlər açır, kimlər oxuyacaq, nasıl və nə kimi şərtlər, şəraitlə olacaq. Bir-iki professor ilə işi bitirmək və darülfünunu yapıyoruz demək doğru olmaz. Biz darülfünun açılmasının əleyhinə deyilik, yalnız nasıl bir darülfünun açılacaq bilmirik».

 

Fraksiyaların etirazlarına Məhəmməd Əmin Rəsulzadə cavab verərək bildirir ki, darülfünunun açılmasıyla Bakıya bir çox məşhur professorlar dəvət ediləcəklər: «Məşhur rus müstəşriqləri hərgah buraya cəlb etməyə müvəffəq olarsaq və təbiidir ki, olacağıq da, çünki bir professor təhdidi altında vətəni Rusiya səngərlərində çalışmaqdansa Azərbaycanda oturub kəndi əfkarını yürütmək, ələlxüsus da onları maddi cəhətdən təmin edəsiniz, onlar buraya gələr və əmin olun ki, xəyanət də etməzlər».

 

Yaddan çıxmamış bir məqamı da qeyd edim ki, universitet məsələsində sosialistlər də Müsavat fraksiyasının təklifləri ilə razılaşır və hesab edirlər ki, bütün xərclərə baxmayaraq darülfünun mütləq açılmalıdır.

 

 

Torpaq niyə kəndliyə verilmədi?

 

 

Parlamentdə gərgin müzakirə olunan mövzulardan biri də torpaq məsələsiylə bağlı olub. Sosialist Ağamalıoğlu bildirir ki, artıq neçə vaxtdır yer məsələsinin müzakirəsi süni surətdə uzadılır. Muxtar Əfəndizadənin çıxışının köməkliyi ilə problemin mahiyyətinin nədən ibarət olduğuna nəzər salaq: «Hər yerdə yer məsələsi mütləq qalmışdır. Nə bəylər cəsarət edib yerlərini işlədirlər, nə də kəndçilər cəsarət edib zor ilə tuturlar. Böyləliklə, yerlər istifadə olunmamış bir halda qalır, çünki qanun yoxdur».

 

Əsasən sosialistlər tərəfindən qaldırılan bu müşkül ard-arda bir neçə iclasda təkrarlanır və nəhayət Məhəmməd Əmin Rəsulzadə məsələyə münasibət bildirir: «Burada müddət haqqında söylənən sözlər məsələnin həlli üçün deyildir. Onların məqsədi başqadır. Burada göstərmək istəyirlər ki, bir tərəf göydən yerə enmiş mələkdir. Əkinçiyə torpaq və yer vermək istəyirlər. Fəqət məsələ böylə deyildir. Əgər burada torpaq məsələsinin həllinə razı olmasa idi, hökumət bu məsələyə nə aylar ilə iştiğal edib material toplardı, nə də nəzarət edib proje hazırlardı. Çünki biz inanırıq ki, layihə uşaq oyuncağı deyildir. Bu layihə bəlkə iki-üç həftə oldu, bəlkə də bir aya, iki aya başa gəlmədi. Layihə hər vaxt hazır olar, gələr. Bunun dəxi o qədər zərəri olmaz».

 

İnsaf naminə ərz eləməyə məcburam ki, bu məsələdə digər fraksiyaların tələbləri Cümhuriyyətimizin süqutundan sonra haqlı görünür. Çünki Məhəmməd Əmin bəy məlum sözləri 1919-cu il oktyabr ayının 2-də yığılmış parlamentdə deyir. Təəssüf ki, hökumət bu torpaq layihəsini nəinki bir-iki həftəyə, heç iki aya da müzakirəyə çıxara bilmir. Bu isə təbii ki, Azərbaycan əhalisinin böyük qismini təşkil eləyən kəndçiləri narazı salmaya bilməzdi.

 

Uzağa getməyib elə bolşeviklərin irəli sürdükləri «Torpaq kəndlilərə!» şüarını xatırlayaq. Bəli, Cümhuriyyət hökuməti torpağın kəndlilərə verilməsini uzada-uzada gedir, bolşeviklər isə «torpaq kəndliyə» şüarı ilə təbliğatlarını aparırlar. Təsadüfi deyil ki, vaxtilə DTK arxivlərindən tapılmış və akademik Ziya Bünyadovun rəhbərliyi ilə dərc edilmiş «Azərbaycan parlamentinin süqutunun səbəbləri» adlı müəllifi naməlum olan bir yazıda da bu məqama toxunulmuşdu. «Cümhuriyyətin süqutunun daxili səbəbləri» bölməsində kəndçilərin hökumətdən həm də torpaq məsələsiylə bağlı narazı qaldıqları xüsusi qeyd olunur.

 

Məhəmməd Əmin bəy azad mətbuata qarşı?

 

Birinci Cümhuriyyət parlamentinin iclaslarında müzakirə olunan məsələlərlə bağlı çıxışlara diqqət eləyəndə xeyli tanış mənzərələrlə rastlaşırsan. Həqiqətən, elə bil, son 20-22 ilin hadisələrini bu dəfə adların, çıxış eləyənlərin dəyişməsi şərtiylə yenidən yaşayırsan. Mətbuat haqqında qanunun müzakirəsi zamanı isə özümü əməlli-başlı bu

müzakirələrə qoşulmağa hazır hesab elədim. Çünki o məqamları ki, deputatlarımız nə az-nə çox, düz 95 il bundan əqdəm müzakirə eləyirlər, yaddaşım məni aldatmırsa, bir 5-

6 il bundan qabaq biz də bunları müzakirə edirdik. Gəlin, əvvəlcə sosialist Ağamalıoğlunun çıxışına diqqət yetirək: «Bu qanunda xəcalətli bir iş varsa, o da qəzetə müdiri barəsindədir. Deyirlər ki, müdir nə cür olmalıdır. Guya gərək «qramotnı», yəni savadlı olsun. Bu qanunu yazanlardan bir şey soruşuram ki, öylə olarmı bir qəzetin başında bisavad müdir olsun? Şimdi bisavad məsələsinə gəldikdə bizim işimiz çətinləşir. Əvvəla savadı ölçməyə bizim əlimizdə bir ölçü yoxdur. Həm də məmləkətimizdə savadlı adam da yoxdur. Onları Parijdən gətirə bilməyəcəyik. Biz bu gün Əliheydər Qarayevi redaktor

qoysaq, deyəcəklər ki, onun savadı yoxdur. Bu kimi qanunlar hürriyyəti-mətbuatı məhv etməkdir».

 

İttihamdan xəbəriniz oldu. Görürsünüzmü, eynilə bir neçə il əvvəl hamımızın, cəmi mətbuat əhlinin müzakirəsinə qoşulduğu məsələ barəsindədir. Bu baxımdan, Ağamalıoğlunun bu gurultulu çıxışına Məhəmməd Əmin Rəsulzadənin cavabı əslində, həm o dövrdəkilərə, həm də indikilərə cavabdır.

 

Məhəmməd Əmin bəyin çıxışından oxuyuruq: «Bu qanunda nələr var ki, hürriyyəti mətbuat əleyhinə olduğunu söyləyirlər. Qanun istəyirmiş ki, qəzetə yazan şəxs savadlı olsun, qabaqca hər bir hüququ əlindən alınmış şəxs qəzet çıxara bilməsin və yaş məsələsi. Bunlar da hürriyyəti-mətbuat əleyhinə imiş. Birincisi, savad ona görə lazımdır ki, qəzetə savadlı çıxarılsın, ikincisi, haradasa cinayət eləyib gəlib burada qəzetə çıxarmaq istəyən adam gərək müəyyən məsələlərə cavabdeh olsun, üçüncüsü, məsələn 14 yaşlı uşağın adına bir qəzetə açılıb bundan sui-istifadə edilməsin».

 

Ümumiyyətlə, Məhəmməd Əmin bəy bu məsələylə bağlı bir neçə dəfə kürsüyə çıxmalı və arayış verməli olur, nitqində dövlət, mətbuat, müxalifət münasibətlərini çox aydın

şəkildə izah edir. Bugünkü mətbuatımızda da ciddi problemə çevrilmiş mühüm bir məqam haqqında isə Məhəmməd Əmin bəy deyir: «Rəisi-vükəla yayın istisində Ağdaşa gedib işlə məşğul olduğu halda, Qarayev «rəisi-vükəla bu istidə camaatın dərdinə qalmayıb yaylağa gedir» deyə yazırsa, o zaman bu növ qanunsuz iş görən mətbuata qarşı hökumət tədbir görər və görür».

 

İndi nə qədər populist səslənsə də deməliyəm ki, göründüyü kimi, demokratiya simvolumuz Məhəmməd Əmin bəy özü haqlı olaraq demokratiya ilə monarxiyanı, söz azadlığı ilə mətbuat şərini bir-birindən gözəl ayırır və bu məsələlərdə qələtə yol verənlərin cəzalandırılmasının tərəfdarıdır…

 

İstiqlaliyyətimiz tanındı!

 

Bəzi xırda istisnaları çıxmaq şərtiylə parlamentin 1919-cu ildə və 1920-ci ilin aprelin sonuna qədər keçirilmiş bütün iclasları Cümhuriyyətdə pul, vergi, gömrük məsələlərini

əhatə eləyən qanun layihələrinin müzakirəsindən ibarət olduğundan bu barədə geniş məlumat verməkdən vaz keçirik.

 

Ancaq 1920-ci il yanvar ayının 14-də 117-ci iclasını keçirən Azərbaycan Parlamentində Fətəli Xan Xoyski Cümhuriyyət məbuslarına çox mühüm və sevindirici xəbər çatdırır.

 

Bu xəbəri elə Fətəli Xanın öz dilindən eşidək: «Bu gün ingilis nümayəndəsi vurud olub məlum etdi ki, lord Gerzon sülh konfransında nümayəndələrə təklif etmiş ki, Azərbaycan və Gürcüstan istiqlaliyyətləri gərək təsdiq olunsun. Sülh konfransı nümayəndələri bu təklifi müttəhidən qəbul etmişlər».

 

İclasa sədrlik eləyən Həsən bəy Ağayev isə bildirir: «Əfəndilər, bu gün 19 ay yarım zərfində çəkdiyimiz zəhmətlər sayəsində istədiyimiz kimi yaşamaq arzumuz bulunan istiqlaliyyətimizi Avropa ölkələri təsdiq etmişlərdir. Bu bayram bütün türklərindir, bəlkə bütün islam aləminindir».

 

 

Əliheydər Qarayev Rusiya agenti kimi...

 

1920-ci ilin əvvəllərindən başlayaraq sosialist fraksiyası tərəfindən parlamentdə bolşevik Rusiyasının təbliği güclənir. Məsələn, 1920-ci il aprel ayının 1-də Əliheydər Qarayev deyir: «Denikin qüvvələri Ermənistanda toplanır. Biz o piyaniskə Denikinin bandalarının qabağına çıxasımıyıq? Onların qarşısına çıxacaq bir qüvvə varsa, o da Qırmızı Ordudur. Biz ciddi surətdə Qırmızı Ordu ilə danışığa girişməliyik. Fəqət bu danışığı bu hökumət bacarmayacaqdır. Çünki onun əli Əli Bayramovun qanilə boyanmışdır”. (Məclisdə səslər, gurultular. Yalandır, böhtan deyirsən…)

 

Bundan sonra daxiliyyə naziri Şəfi bəy bildirir ki, «bir neçə gün bundan əvvəl polis bir zaqovor və üsyan qaldırmaq planı kəşf etdi. Bu üsyanda hökuməti yıxmaq, Parlamanı dağıtmaq, burada Şura hökuməti elan etmək istənilirdi. O zaqovora imza atanlardan birisi Əli Bayramovdur, habelə o kağızlarda Parlament üzvü Əliheydər Qarayev cənablarının da imzası vardır. (Səslər: ar olsun, rədd olsun xain!) Polisə əmr olunmuşdu ki, o adamları tutsunlar. Bu aralıqda xəbər çıxdı Əli Bayramov yoxdur. Sonradan şayiə yayıldı ki, Əli Bayramov öldürülmüşdür. Bu məsələni araşdırmadan bu qətli hökumətin boynuna atmaq böhtandır, iftiradır».

 

Məhəmməd Əmin bəy isə Əliheydər Qarayevi nəzərdə tutaraq çıxışında deyir: «Bizə deyirlər ki, Qarabağ asilərini təfrik etmək üçün Sovet Rusiyasının Qırmızı ordularını buraya gətirməlisiniz. Bu nədir? Bunu söyləyən kimdir? Bunu deyən Azərbaycan nümayəndəsidirmi, yaxud Məclisi-Məbusan üzvü sifətilə guya bizimlə Azərbaycanın müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum verir, bizi Qırmızı Rusiyanın orduları ilə təhdid edir? Bu, Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya agentisidir. Səslər: Ar olsun!». Növbəti iclaslarda Əli Bayramovun qətliylə bağlı yenə müzakirələr gedir və bəzi məsələlərdə həqiqətən, şübhəli məqamların olduğunu etiraf eləmək lazımdır. Belə ki, ətrafında yadelli qüvvələrin, düşmənlərin qurduqları çəmbərin daraldığı zaman bütün hökumətlərin fəaliyyətlərində daha çox səhvlərə yol vermələri, sərt, amansız tədbirlərə əl atmaları bizim hökumətdə də müşahidə olunur. Qarayevin çıxışından oxuyuruq: «Əli Bayramovu döyürlər, tapançasını əlindən alırlar, faytonla polis müdirliyinə aparırlar. Biz lazımi tədbirlər görmək istəyirdik və bizə dedilər ki, siyasi məhbusların yeri göstərilməz, məxfi məhəldə mühakimə ediləcəkdir. Əli Bayramovun övrəti Ceyran xanım əlan Parlamentdə qulluqdadır (Əcəb işdir, vallah… Əri bolşevik, özü də parlamentdə çalışır… - İ. Tumas). Gedir general-qubernatorun yanına deyir ki, uşağı (?- İ.Tumas) buraxsın. General-qubernator övrəti də həbs edib, uçastkova göndərir».

 

Nə isə... Qısası, beləcə bu və bu kimi mübahisələr 1920-ci il aprel ayının 27-nə kimi çəkir. Nəhayət, xatırlanan tarixdə Parlamentimiz hamımıza bəlli olan şərtlər daxilində

dövləti qırmızılara təslim edir. Artıq bunlar hamımıza məlumdur... Ancaq bu gün artıq bilirik ki, məsələ nə Əli Bayramovun öldürülməsində, nə də Əliheydər Qarayevin

böyük hissəsini sizlərə təqdim etmədiyimiz uzun-uzadı çıxışlarındadır. Şimaldan bəla gəlirdi və bu bəla az keçmir bütün Azərbaycanı ağuşuna alır…

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8445
avatar

İlham Tumas

Oxşar yazılar