174
09:46
07 Noyabr 2020

Dünyanın bu günü - VİDEO

HƏNƏFİ TEREQULOV

(1877-1942)

Azərbaycanda opera xorunun banilərindən biri, aktyor, müğənni, teatr xadimi və ictimai xadim Məmməd Hənəfi Həsən oğlu Terequlov 7 noyabr 1877-ci ildə Tiflisdə anadan olub. Qardaşı Əli Terequlovla birlikdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. “Arşın mal alan”, “Qız qalası əfsanəsi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Hənəfi Terequlov 1942-ci il dekabrın 18-də Bakıda vəfat edib. O, Üzeyir Hacıbəylinin həyat yoldaşı Məleykə Terequlovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.

LEV TROTSKİ

(1879-1940)

Sovet dövlət və siyasi xadimi, tanınmış inqilabçı və nəzəriyyəçi Lev Davidoviç Trotski 1879-cu il noyabrın 7-də Rusiya imperiyasının Xerson quberniyasının Yanovka kəndində anadan olub. 1889-1895-ci illərdə Odessa şəhərində oxuduğu məktəbdən qovulduqdan sonra təhsilini davam etdirmək üçün gəldiyi Nikolayev şəhərində inqilabi fəaliyyətə başlayıb. İlk əvvəl xalqçılara qoşulsa da, daha sonra əvvəllər əleyhinə olduğu marksizm ideologiyasını mənimsəyib. 1896-cı ildən sosial-demokrat hərəkatına qoşulub. 1904-cü ildən bolşevik və menşeviklər birliyi fraksiyasında iştirak edib, 1905-1907-ci illərdə Petroqradda Fəhlə Deputatlar Sovetinin lideri olub. Həmin illərdə "İzvestiya" qəzetinin, 1908-1912-ci illərdə isə "Pravda" qəzetinin redaktoru kimi çalışıb. Rusiyada Oktyabr çevrilişindən sonra 1917-1918-ci illərdə Sovet Rusiyasının xarici məsələlərinə, 1918-1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq edib, Qırmızı Ordunun yaradıcılarından biri və ilk komandanı olub. Hakimiyyət uğrunda Stalinlə mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələndikdən sonra 1927-ci ildə partiyadan çıxarılaraq Almatıya göndərilib. 1929-cu ildə SSRİ-dən qovulub, 1932-ci ildə isə sovet vətəndaşlığı əlindən alınıb. Stalinin göstərişi ilə 21 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada yaşadığı mənzildə buz baltası ilə öldürülüb və Mexiko şəhərində dəfn olunub.

MƏMMƏD ƏLİLİ

(1898-1990)

Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor Məmməd Əli oğlu Əlili 1898-ci ilin bu günü İçərişəhərdə doğulub. Ailəsinin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olub. Cəfər Cabbarlı ilə tanışlığı həyatını dəyişdirib, onu məktəbə cəlb edib. Teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti və rejissor işləyib. Moskvada Malıy Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib. Bir neçə filmdə yaddaqalan obrazlar yaradıb. "Dənizçilər haqqında dastan", "Dənizi fəth edənlər", “Arşın mal alan”, “Dəli Kür”, “Qətl günü”, “Ögey ana” və başqa filmlərin, tamaşaların ərsəyə gəlməsində rejissor assistenti, rejissor kimi əvəzedilməz rolu olub. Aktyor Qorxmaz Əlilinin atası olan Məmməd Əlili 1990-cı il iyunun 13-də vəfat edib.

MAQSUD ŞEYXZADƏ

(1908-1967)

Özbəkistanın xalq şairi, alim və pedaqoq, milliyyətcə azərbaycanlı olan Maqsud Məsum bəy oğlu Şeyxzadə 7 noyabr 1908-ci ildə Ağdaşda anadan olub. Bakı Darülmüəllimində təhsil alıb. Bir müddət Dağıstanda müəllim işləyib. 1928-ci ildən ömrünün sonunadək Özbəkistanda yaşayıb. Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs deyib, "Qızıl Özbəkistan", "Şərq həqiqəti" və "Leninçi" qəzetlərində çalışıb. "Daşkəndnamə", "Azad dağlar qızına", "Şeyx Şamil", "Bu axşam", "Mirzə Uluqbəy" və başqa əsərlərin, şeirlərin müəllifidir. Pyesləri Özbəkistan teatrlarında tamaşaya qoyulub. Nizami və Füzulinin bir çox əsərlərini özbək dilinə tərcümə edib. Maqsud Şeyxzadə 1967-ci il fevralın 19-da Daşkənddə vəfat edib.

ALBER KAMYU

(1913-1960)

Fransız yazıçısı və filosof Alber Kamyu 1913-cü il noyabrın 7-də Əlcəzairdə doğulub. Əlcəzair Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. Qəzetlərdə redaktor, siyasi icmalçı və ədəbi şərhçi kimi çalışıb. Fransanın faşist işğalına məruz qaldığı İkinci Dünya müharibəsi illərində Müqavimət hərəkatının fəal iştirakçılarından olub. "Kaliqula", "Taun", “Xoşbəxt ölüm”, “İlk adam” və başqa əsərlərin müəllifidir. 1957-ci ildə "insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" Nobel mükafatı alıb. Alber Kamyu 4 yanvar 1960-cı ildə Fransanın cənubunda baş verən avtomobil qəzasında həlak olub.

TOFİQ QULİYEV

(1917-2000)

Azərbaycanın xalq artisti, milli caz və estrada musiqisinin banilərindən biri, bəstəkar, pianoçu və dirijor Tofiq Ələkbər oğlu Quliyev 1917-ci ilin bu günü Bakı şəhərində anadan olub. 1931-ci ildə 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şerinə “Dərsə gedən bir uşaq” mahnısını bəstələyib. Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində təhsil alıb. Azərbaycan Milli Dram Teatrında orkestrin rəhbəri və dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifələrində çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, birinci katibi və sədri olub. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında onun rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoyub. “İstiqlal” ordeni ilə təltif olunan Tofiq Quliyev 2000-ci il oktyabrın 4-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, kinorejissor Eldar Quliyevin atası, ssenarist Nərminə Quliyevanın babasıdır.

TAĞI TAĞIYEV

(1917-1993)

Azərbaycanın xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev 7 noyabr 1917-ci ildə dünyaya gəlib. 1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olub. Əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifi olub. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və digər muzeylərdə saxlanılır. Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakı şəhərində vəfat edib.

FATMA CABBAROVA

(1920-2010)

Azərbaycanın xalq artisti, diktor Fatma Ağacabar qızı Cabbarova 7 noyabr 1920-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1941-1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləyib, Azərbaycan radiosunun diktoru olub. Xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olub. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirib və radio kompozisiyalarında çıxış edib. Fatma Cabbarova 2010-cu il noyabrın 29-da vəfat edib.

ŞAMAMA HƏSƏNOVA

(1923-2008)

İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənova 1923-cü il noyabrın 7-də Füzuli rayonunun Arayatlı kəndində anadan olub. Gənc yaşlarından Füzuli rayonunun “1 May” kolxozunda əmək fəaliyyətinə başlayıb. Qazandığı nailiyyətlərə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi böyük şöhrət qazanıb və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynayıb. 1950-ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilib və sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olub. 1953-cü ildə işlədiyi “1 May” kolxozunun sədri seçilib və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edib. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib, 1960-1974-cü illərdə SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədr müavini olub. Pambıqçılıq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilib, doğma kəndində tuncdan büstü qoyulub. Şamama Həsənova 2008-ci il sentyabrın 5-də vəfat edib.

OKTAY AĞAYEV

(1934-2006)

Azərbaycanın xalq artisti, müğənni Oqtay Cəfər oğlu Ağayev 1934-cü ilin bu günü Bakıda doğulub. Asəf Zeynallı adına Musiqi texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində təhsil alıb. Hələ tələbə ikən Azərbaycan Dövlət Estrada Orkestrində solist-vokalçı kimi çıxış edib. Azərbaycan Dövlət Filarmoniyasında, Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində çalışıb. Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarını ifa edib. "Yapon və yaponiyalı", "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb, mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb. Oqtay Ağayev 14 noyabr 2006-cı ildə Bakıda vəfat edib.

BABA MAHMUDOĞLU

(1940-2006)

Azərbaycanın xalq artisti, müğənni Baba Mahmud oğlu Mirzəyev 7 noyabr 1940-cı ildə Ağstafada dünyaya gəlib. Azərbaycan Neft və Kimya İnstitutunun neft-mexanika fakültəsində təhsil alıb. Ustad xanəndə Seyid Şuşinskinin sinfində Azərbaycan muğamlarını öyrənib. 1962-ci ildə Maestro Niyazi tərəfindən Məcnun obrazı üçün təşkil olunan gözəl səslər müsabiqəsində birinci yeri tutub. 1970-ci ildən Opera Teatrında çalışıb, Məcnun, Şah İsmayıl, Aşıq Qərib və başqa rollarda uğurla çıxış edib. Onun ifasında muğam və xalq mahnılarımız televiziya və radionun qızıl fondunda saxlanılır. Baba Mahmudoğlu 6 dekabr 2006-cı ildə Bakıda vəfat edib.

RAMİZ BUDAQOV

(1973-1994)

Şəhid Ramiz Qərib oğlu Budaqov 1973-cü il noyabrın 7-də Qazaxıstanda anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Ramiz Budaqov 1994-cü il aprelin 27-də Ağdam rayonunun Gülçülük kəndində gedən döyüş zamanı tabor komandirinin həyatını xilas edən zaman qəhrəmancasına şəhid olub. azərbaycan Prezidentinin 22 iyun 2006-cı il tarixli sərəncamı ilə ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

RİXARD ZORGE

(1895-1944)

Dünyanın ən məşhur kəşfiyyatçılarından Rixard Zorgenin anım günüdür. O, 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulub. 3 yaşında ikən ailəsi ilə birlikdə Almaniyaya köçüb. Almaniyanın Kiel, Berlin və Hamburq kimi şəhərlərində iqtisadiyyat üzrə təhsil alıb. 1914-1918-ci illərdə alman ordusunun tərkibində Birinci Dünya müharibəsində iştirak edib. 1919-cu ildə Kommunist Partiyasına daxil olub, 1924-cü ildə SSRİ-yə gəlib. İkinci Dünya müharibəsi ərəfəsindən başlayaraq Almaniya və Yaponiyada jurnalist adı altında kəşfiyyatçı kimi fəaliyyət göstərib. Almaniyanın SSRİ-yə hücumunun dəqiq vaxtını Sovet rəhbərliyinə xəbər versə də, buna məhəl qoyulmayıb. Rixard Zorge 1944-cü il noyabrın 7-də Tokio həbsxanasında edam edilib.

YUSİF YULDUZ

(1905-1979)

Azərbaycanın teatr və kino aktyoru, peşəkar təhsil alan ilk rejissor Yusif Yulduzun xatirə günüdür. Yusif Seyfulla oğlu Əliyev 4 avqust 1905-ci ildə Bakıda doğulub. Leninqrad Səhnə Sənəti İnstitutunda rejissor və dram aktyoru fakültəsində təhsil alıb. Azərbaycanda ilk tamaşası Maksim Qorkinin "Həyatın dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazandıqdan sonra 1936-1937-ci il teatr mövsümündə Naxçıvana dəvət alıb. 1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, rejissor və dublyaj rejissoru işləyib. Bir sıra filmlərdə aktyor kimi də çəkilən Yusif Yulduz 1979-cu ilin noyabrında vəfat edib.

ƏLİSƏTTAR ATAKİŞİYEV

(1906-1990)

Azərbaycanın əməkdar incəsənət xadimi, operator, ssenarist və rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev də bu gün xatırlanır. O, 25 dekabr 1906-cı ildə Bakıda doğulub. Moskva Ali Rəssamlıq Texniki məktəbində və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib. “Sehrli xalat”, “O olmasın, bu olsun”, “Bakılılar”, “Doğma xalqıma”, “İstintaq davam edir” və başqa filmlərin operatoru, quruluşçu operatoru olub. Uşaq-fantastika janrlarının məharətli rejissoru kimi tanınıb. Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir. Əlisəttar Atakişiyev 1990-cı il noyabrın 7-də Moskvada Qocalar Evində vəfat edib.

ZƏRİFƏ BUDAQOVA

(1929-1989)

Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Zərifə İsmayıl qızı Budaqovanın anım günüdür. O, 1929-cu il aprelin 28-də İrəvan şəhərində anadan olub. Ermənistan SSR Peda­qoji Texnikumunda, Azərbay­can Dövlət Pe­daqoji İnstitutunun Azər­baycan dili və ədə­biy­yatı fakül­tə­sində, Moskva şə­hə­rin­də keçmiş SSRİ Elm­lər Akademiyası Dil­çilik İns­titutunun Türk dilləri sekto­runun aspiran­tu­ra­­sın­da təhsil alıb. Azərbaycan EA Dil və Ədə­biyyat İns­titutunda böyük elmi işçi, Azər­­baycan Elmlər Akademi­yası Nəsimi adı­na Dilçilik İns­ti­tu­tunun direktor müavini və di­­rek­­toru, Müa­sir Azərbaycan dili şöbə­sinin müdiri vəzifələrində çalışıb. O, azərbaycanlı qadınlar arasında filologiya elmləri nami­zədi və elmlər doktoru elmi dərəcəsi almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direk­toru olub. 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. Akademik Budaq Budaqovla evli olan Zərifə Buda­qova 1989-cu il noyabrın 7-də Bakıda dünyasını dəyişib.

Dİgər xəbərlər