Dünyanın bu günü - VİDEO
31 oktyabr 2020 09:14 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

ANATOLİ P APANOV

(1922-1987)

Məşhur rus aktyoru Anatoli Dmitrieviç Papanov 1922-ci il oktyabrın 31-də Rusiyanın Vyazma şəhərində anadan olub. 1943-cü ildə kurslar keçərək Dövlət Teatr Sənəti İnstitutunun aktyorluq fakültəsinə daxil olub. “Belarus vağzalı”, “12 stul”, “Brilyant əl” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Hamının çox böyük maraqla tamaşa etdiyi “Düşərsən əlimə” cizgi serialında canavarı səsləndirib. Anatoli Papanov 5 avqust 1987-ci ildə vəfat edib və Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn olunub.

VİDADİ ƏLİYEV

(1939-2010)

Fizika-riyaziyyat elmləri doktoru, professor Vidadi Yusif oğlu Əliyev 31 oktyabr 1939-cu ildə Xankəndidə anadan olub. 1957-ci ildə Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətə başlayıb. Ötən əsrin 60-cı illərində üzvi yarımkeçiricilər fizikası sahəsində görkəmli alimlərin diqqətini çəkən tədqiqatlar apararaq, SSRİ Elmlər Akademiyasının Leninqrad Yarımkeçiricilər İnstitutunun aspiranturasına daxil olub. Orada namizədlik dissertasiyasını, bir neçə ildən sonra isə Moskva şəhərində doktorluq dissertasiyasını uğurla müdafiə edib. Azәrbaycan İnşaat Mühәndislәri Universitetində və Türkiyәnin Qaradәniz Texnik Universitetindә professor vәzifәsindә çalışıb. 200-dәn çox elmi әsәrin müәllifidir. Vidadi Əliyev 2010-cu il avqustun 25-də Bakıda vəfat edib.

NƏRGİZ ŞƏFİYEVA

(1940)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nərgiz Mahmud qızı Şəfiyeva 1940-cı ilin bu günü Bakıda dünyaya göz açıb. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbində, Konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsində və bəstəkarlıq şöbəsində xalq artisti Qara Qarayevin sinfində təhsil alıb. Bakıdakı 2 saylı yeddi illik uşaq musiqi məktəbində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyib. "Skertso", "Poema", "Musiqi", "Dialoq", "Gün gələr, həftə keçər", "Damlalar", "Pastoral", "Mahnı dağlarda qaldı" və başqa əsərlərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqında fəaliyyət göstərən musiqişünaslıq seksiyasının üzvü, əmək veteranı olub. Nərgiz Şəfiyeva 9 aprel 2010-cu ildə Bakıda vəfat edib.

KOROĞLU RƏHİMOV

(1953-1992)

Azərbaycanın Milli Qəhrəmanı Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb. Qarabağ müharibəsi başlayandan sonra 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb və “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilib. Buzlaq, Çantaz, Erkəc, Başkənd, Madagiz və Gülüstan kəndlərinin azad olunmasında iştirak edib. 1992-ci il iyulun 3-də Ağdərə uğrunda döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Koroğlu Rəhimov 1994-cü il sentyabrın 16-da “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı və Oğuz şəhərlərində adına küçə var. Paytaxtın Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi onun adını daşıyır.

CAHANGİR ZÜLFÜQAROV

(1955)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti Cövdət Hacıyevin kursunda təhsil alıb. Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. 1986-cı ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində çalışır. Müxtəlif musiqi janrlarında əsərləri var. Bir sıra tamaşalara, animasiya filmlərinə, sənədli filmlərə musiqilər, mahnı və romanslar bəstələyib. Dəfələrlə Prezident Mükafatına layiq görülüb. Cahangir Zülfüqarov xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun oğludur.

İNDİRA QANDİ

(1917-1984)

Hindistanın görkəmli dövlət və siyasi xadimi İndira Qandinin xatirə günüdür. O, 1917-ci il noyabrın 19-da Hindistanın Uttar-Prandeş ştatının Allahabad şəhərində anadan olub. Xalq Universitetində və Oksford Universitetində təhsil alıb. Hindistan Milli Konqresinin sədri, parlamentin deputatı və informasiya naziri vəzifələrində çalışıb. 1966 və 1980-ci illərdə seçkilərdə qalib gələrək baş nazir seçilib. Hindistan tarixində yeganə qadın baş nazir, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olub. Milli Konqres Partiyasının parçalanmasından sonra Müstəqil Konqres Partiyasını yaradıb. İndira Qandi 1984-cü il oktyabrın 31-də Dehlidə baş nazirin iqamətgahında mühafizəçiləri tərəfindən güllələnərək qətlə yetirilib.

FEDERİKO FELLİNİ

(1920-1993)

Məşhur İtaliya kinorejissoru və ssenaristi Federiko Fellininin anım günüdür. O, 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Katolik məktəbində alıb. Karikatura ilə məşğul olub, müxbirlik edib, sığorta agenti olub. 1942-ci ildən başlayaraq kinoda fəaliyyət göstərib. “Ağ şeyx”, “Ana uşaqları”, “Yol” filmləri ona dünya şöhrəti qazandırıb. “Kabiliyanın gecələri” və sonrakı filmlərində müasir Qərb dünyasının təzadları əks olunub. Onun bir çox filmləri beynəlxalq kino festivallarında yüksək mükafatlara layiq görülüb. Federiko Fellini 31 oktyabr 1993-cü ildə qızının toyundan bir gün əvvəl Romada vəfat edib.

TOFİQ KÖÇƏRLİ

(1929-2007)

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, akademik Tofiq Qasım oğlu Köçərli də bu gün xatırlanır. O, 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində və Moskva Dövlət Universitetinin ixtisasartırma kurslarında təhsil alıb. Əmək fəaliyyətinə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayıb, daha sonra Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, Bakı Ali Partiya Məktəbinin kafedra müdiri və rektoru, Azərbaycan Elmlər Akademiyası İctimai-Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi vəzifələrində çalışıb. 2002-ci ildən ömrünün sonuna qədər isə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. Üç çağırış Azərbaycan Ali Sovetinin de­pu­ta­tı olub. Tofiq Köçərli 31 oktyabr 2007-ci ildə Bakı şəhərində dünyasını dəyişib. O, fəlsəfə elmləri doktoru, akademik Firudin Köçərlinin qardaşıdır.

TELMAN HƏSƏNOV

(1939-1991)

Şəhid Telman Yelmar oğlu Həsənovun anım günüdür. O, 1939-cu il noyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində dünyaya gəlib. Xankəndidəki 4 saylı tam orta məktəbdə və Bakı Yanğından Mühafizə İdarəsi nəzdindəki institutda təhsil alıb. 1963-cü ildə Xankəndidəki yanğından mühafizə alayına göndərilib, lakin ermənilərin fitnəkarlığı ilə 1975-ci ildə vəzifəsindən çıxarılıb. 1984-cü ildən Xankəndi və Xocalı tikinti idarələrində iş icraçı işləyib. Telman Həsənov 1991-ci ilin oktyabrında ermənilər Kərkicahanı güclü atəşə tutan zaman şəhid olub və Xankəndidə dəfn edilib.

RİZVAN HÜMBƏTOV

(1954-1992)

Şəhid Rizvan Humay oğlu Hümbətovun xatirə günüdür. O, 1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulub. 1971-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnib. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq, Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlayıb. Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulub. Rota komandiri kimi Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə şücaət göstərib. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş quldurların qovulmasında və düşmən tankının ələ keçirilməsində əvəzsiz rolu olub. Rizvan Hümbətov 1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

# 829
avatar

Oxşar yazılar