Dünyada bu gün - VİDEO
30 oktyabr 2020 09:03 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

ÜMUMDÜNYA SİYASİ REPRESSİYA QURBANLARININ XATİRƏ GÜNÜ

(1974)

 

Hər il oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günüdür. Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordoviya və Perm düşərgələrinin digər məhbusları “Beynəlxalq Siyasi Məhbuslar Günü”nü həbsxanada aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün məşhur sovet hüquq müdafiəçisi Sergey Kovalyov akademik Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək, həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib. Nəticədə həbsxana düşərgəsindən bəzi sənədlər ictimailəşdirilib və siyasi məhbusların sözləri ictimaiyyətə çatdırılıb. Bir neçə ay sonra bu mətbuat konfransının təşkili Sergey Kovalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. Bu hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.

 

 

QURBAN PİRİMOV

(1880-1965)

 

Azərbaycanın ilk xalq artisti, tarzən Qurban Bəxşəli oğlu Pirimov 30 oktyabr 1880-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. Müasir Azərbaycan tarının yaradıcısı Sadıqcandan dərs alıb. 15 yaşından etibarən Qarabağ toylarında məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını bəyənib və onu özünə tarzən götürüb. 1905-ci ildə Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasına valeh olub və İslam Abdullayevin razılığı ilə onu özü ilə Bakıya gətirib. Həmin vaxtdan etibarən Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyündə çıxış edib. 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında orkestrin solisti olub. 40 il ərzində Azərbaycan Opera və Balet Teatrında çalışıb. 1910-1912-ci illərdə Varşava, Riqa və Moskva şəhərlərində ifa etdiyi muğam və təsniflər "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılıb. Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

RASİM ƏFƏNDİYEV

(1928-2010)

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, sənətşünaslıq doktoru Rasim Səməd oğlu Əfəndiyev 1928-ci il oktyabrın 30-da Qazax şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq məktə­bində, Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsində təhsil alıb. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, Bakı İncəsənət Mərkəzi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Xalça Muzeyi və başqa təşkilatların elmi və bədii şuralarının sədri, memarlıq və incəsənət sahəsində elmi tədqiqat işləri üzrə koordinasiya şurasının sədri, Beynəlxalq Şərq Rəssamlıq Akademiyasının akademik-katibi vəzifələrində çalışıb. Azərbaycan Rəssamlar Birliyinin üzvü olub. 230 əsərin, 30 kitabın müəllifidir. "Şöhrət" ordeni, "Soltan Məhəmməd" adına Beynəlxalq mükafata, SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin bir sıra diplom və mükafatları ilə təltif olunan Rasim Əfəndiyev 13 fevral 2010-cu ildə Bakıda vəfat edib.

 

 

ARİF HÜSEYNOV

(1943)

 

Azərbaycanın xalq rəssamı Arif Şahbaz oğlu Hüseynov 1943-cü ilin bu günü Bakının Qala kəndində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılır. Arif Hüseynov "Humay" milli mükafatına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

CAVANŞİR CAHANGİROV

(1955-2020)

 

Azərbaycanın əməkdar jurnalisti Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabr 1955-ci ildə Bakıda doğulub. Bakıdakı 172 saylı orta məktəbdə və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, “Gənclik” redaksiyasında baş redaktor, sədr müavini, Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışıb. Vaxtilə populyar olan “Çay dəstgahı” verilişinin müəllifi və aparıcısı kimi tanınıb. Cavanşir Cahangirov 4 fevral 2020-ci ildə Bakıda vəfat edib.

 

 

NAZİM İSMAYILOV

(1959-1993)

 

Şəhid Nazim Ağakişi oğlu İsmayılov 1959-cu il oktyabrın 30-da Bakı şəhərində dünyaya gəlib. Sabunçu rayonundakı 80 nömrəli orta məktəbdə və Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsində təhsil alıb. Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçib. Əmək fəaliyyətinə "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsində mühəndis kimi başlayıb, 8 il idarənin 6-cı mədənində sahə rəisi işləyib. 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşüb. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli kəndləri və bir neçə strateji yüksəklik uğrundakı döyüşlərdə iştirak edib. Nazim İsmayılov 31 dekabr 1993-cü ildə Güllücə kəndi uğrunda gedən döyüş zamanı şəhid olub və paytaxtın Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı 80 nömrəli orta məktəb və Bakıxanov qəsəbəsinin mərkəzi prospektlərindən biri indi onun adını daşıyır, yaşadığı binaya xatirə lövhəsi vurulub.

 

 

ANRİ DÜNAN

(1828-1910)

 

Dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı Anri Dünanın anım günüdür. O, 8 may 1828-ci ildə Cenevrə şəhərində anadan olub. Bizneslə məşğul olub, Fransaya məxsus olan Əlcəzairin ərazisində qurduğu kiçik şirkəti milyonlarla frank kapitalı olan nəhəng bir səhmdar cəmiyyətinə çevirib. 1859-cu ildə İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə işgüzar səfər edib və "Solferino xatirələri" adlı kitabında gördüklərini təsvir edib. 1863-cü ildə Qırmızı Xaç Cəmiyyətinin təməlini qoyulub. İnsansevərlik fəaliyyətinə görə 1901-ci ildə ilk Nobel mükafatı ona təqdim olunub və bir neçə ölkə ona ömürlük müavinət ödəyib. Anri Dünan 1910-cu il oktyabrın 30-da vəfat edib. Cenevrənin Bastion parkında ona abidə qoyulub.

 

 

TOFİQ MÜTƏLLİBOV

(1929-1992)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibovun xatirə günüdür. O, 1929-cu il aprelin 13-də Naxçıvan şəhərində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri işləyib. Ömrünün sonuna kimi isə "Azərbaycan gəncləri" qəzetində çalışıb. 1946-cı ildə "Zəfər" adlı ilk şeiri çap olunan şair 30-a yaxın kitabın müəllifidir. 300-dən çox şeirinə mahnı bəstələnib. O, bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. Tofiq Mütəllibov 1992-ci il oktyabrın 30-da vəfat edib.

 

 

MƏMMƏDBAĞIR BAĞIRZADƏ

(1950-2005)

 

Azərbaycanın xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Məmmədəli oğlu Bağırzadə də bu gün xatırlanır. O, 1950-ci il iyulun 27-də Bakının Nardaran kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində xalq artisti Əlibaba Məmmədovun sinfində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə 1970-ci ildə Nardaran qəsəbə klubunda xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi başlayan istedadlı müğənni zəhmətsevərliyi sayəsində qısa müddət ərzində tanınıb və dinləyicilərin böyük məhəbbətini qazanıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Rəhbərlik etdiyi “Dilkəş” instrumental ansamblı ilə respublikanın bütün bölgələrində çıxış edib. 1985-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində solist kimi çalışıb. Məmmədbağır Bağırzadə 30 oktyabr 2005-ci ildə Bakıda dünyasını dəyişib və Nardaranda dəfn olunub.

 

 

CƏNNƏT ƏLİYEV

(1954-2014)

 

Keçmiş SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar Cənnət Salman oğlu Əliyevin anım günüdür. O, 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Sibir, Ural, Moskva, Sverdlovsk və başqa əyalətlərdə polis orqanlarında işləyib. Rusiyanın Kalmık Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə sabiq səfiri, Ural Xalq Cəbhəsinin qurucularından olub. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində "Təbriz" kooperativini qurub və SSRİ-nin ilk rəsmi milyonçusu olub. 1989-cu ildə Rusiyada "Təbriz” musiqi qrupunu yaradıb. 12 mahnıdan ibarət olan "Tənha yolçu" albomu işıq üzü görüb. Bəstələdiyi "Təbriz” mahnısı ilə Azərbaycanda məşhurlaşıb. Sonradan depressiya nəticəsində bir neçə dəfə dinini dəyişib və müflis olub. Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə Bakıda vəfat edib.

# 1690
avatar

Oxşar yazılar