09:04
18 Oktyabr 2020

Dünyanın bu günü - VİDEO

AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

(1991)

18 Oktyabr - Azərbaycanın dövlət müstəqilliyi günüdür. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

6 fəsil, 32 maddədən ibarət sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub. 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

MAHMUD KƏRİMOV

(1948-2013)

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor Mahmud Kərim oğlu Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Fizika İnstitu­tunda mühəndis, Radiasiya təd­qiqatları sektorunda elmi işçi, elmi katib, laboratoriya müdiri və direktor vəzi­fələrində çalışıb. Azərbaycan Milli Elm Fondunun pre­zi­denti, Azərbaycan Milli Ensi­klo­pediyasının baş redaktoru və AMEA-nın prezidenti olub. Gürcüstan və Qazaxıstan MEA-larının fəxri üzvü seçilib. Onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizi­kası ilə bağlıdır. 200-dən artıq elmi əsərin və ixtiranın müəllifidir. "Şöhrət" ordeni ilə təltif edilən Mahmud Kərimov 2013-cü il fevralın 10-da Ankarada vəfat edib və Bakıda Fəxri Xiya­ban­da dəfn edilib.

VAQİF İBRAHİMOĞLU

(1949-2011)

Azərbaycanın əməkdar incəsənət xadimi, teatr rejissoru Vaqif İbrahim oğlu Həsənov 1949-cu il oktyabrın 18-də Mərdəkanda dünyaya gəlib. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında çalışıb. Sonralar Tədris Teatrında bədii rəhbər və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor kimi vəzifələrdə işləyib. 1989-cu ildə YUĞ Teatrını yaradıb və ömrünün sonunadək oranın bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dosenti olub. “Qızıl Dərviş” mükafatı və Prezident mükafatına layiq görülən Vaqif İbrahimoğlu 2011-ci il mayın 12-də dünyasını dəyişib.

MEHDİXAN VƏKİLOV

(1902-1975)

Azərbaycanın əməkdar elm xadimi, yazıçı, pedaqoq, tarix elmləri doktoru, professor Mehdixan Yusif ağa oğlu Vəkilovun anım günüdür. O, 1902-ci il iyunun 15-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1918-1924-cü illərdə Qori Müəllimlər Seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasında təhsil alıb. 1926-1931-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsilini davam etdirib. Balaxanı və Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs deyib. İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunub və 1942-ci ilin may ayına kimi orada Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edib. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris edib. 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olub, uzun müddət Tarix kafedrasının müdiri vəzifəsində çalışıb. Mehdixan Vəkilov 18 oktyabr 1975-ci ildə Bakı şəhərində dünyasını dəyişib. O, xalq şairi Səməd Vurğunun qardaşı, diplomat Cavanşir Vəkilovun atası, xalq yazıçısı Yusif Səmədoğlunun və xalq şairi Vaqif Səmədoğlunun əmisidir.

QAFUR MƏMMƏDOV

(1922-1942)

Sovet İttifaqı Qəhrəmanı, matros Qafur Nəsir oğlu Məmmədovun xatirə günüdür. O, 1922-ci il martın 5-də Bakıda anadan olub. 1941-ci ilin avqustunda hərbi xidmətə çağırılıb və Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edib. 1942-ci il oktyabrın 18-də Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə faşist ordusu hissələrinin hücumlarını dəf edərkən təkbaşına düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv edib, komandirini düşmən atəşindən müdafiə edərkən qəhrəmancasına həlak olub. 1943-cü il martın 31-də Qafur Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. İndi onun adını Bakıda gəmi, küçə, park və dənizçilik məktəbi daşıyır.

MƏMMƏDSADIQ ABDULLAYEV

(1924-2006)

Azərbaycanın əməkdar elm xadimi, alim, anatom, histoloq, professor Məmmədsadıq Məmmədağa oğlu Abdullayev də bu gün xatırlanır. O, 1 iyul 1924-cü ildə Lənkəran şəhərində anadan olub. Burada 2№-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutunda və Leninqrad Hərbi-Tibb Akademiyasında təhsil alıb. Azərbaycan Tibb İnstitutunda dərs deyib, "Histologiya" və "İnsan anatomiyası" kafedralarının müdiri, "İnsan anatomiyası" kafedrasının professoru, Azərbaycan Anatomlar, Histoloqlar və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, “Tibb” jurnalının baş redaktoru, Azərbaycan EA Terminologiya Komitəsinin üzvü olub. 300-dək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. "Qızıl qələm" mükafatı və "Şərəf nişanı" ordeni ilə təltif olunan Məmmədsadıq Abdullyaev 2006-cı ilin oktyabrın 18-də Bakıda vəfat edib.

Dİgər xəbərlər